Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SABİRABAD MƏHKƏMƏSİNİN HAKİMİNDƏN ƏCAİB ADDIM

SABİRABAD MƏHKƏMƏSİNİN HAKİMİNDƏN ƏCAİB ADDIM


20-02-2013, 11:55
SABİRABAD MƏHKƏMƏSİNİN HAKİMİNDƏN ƏCAİB ADDIM
Hakim Malik Qarayev dövlət büdcəsinə ödənilməli cərimə pulunu öz cibinə qoyub

“Təzadlar"ın 02.02.2013-cü il tarixli nömrəsində "Sabirabad Məhkəməsində rüşvətin yeni növü" başlığı altında tənqidi yazı dərc edilmişdir. Yazıda göstərilirdi ki, Sabirabad rayonunun Minbaşı kənd sakini Əliyev Elməddin Məmi oğlu 16.01.2013-cü il tarixdə özünə məxsus olan maşınını spirtli içki qəbul edərək idarə etdiyinə görə Yol polisi əməkdaşları tərəfindən saxlanılmış və aidiyyatı üzrə tədbir görülmək üçün Sabirabad rayon Məhkəməsinə təqdim olunmuşdur. Nəticədə Əliyev Elməddin Məmi oğlu guya qanuna müvafiq şəkildə 500 manat cərimə edilmişdir. Cərimə rayon məhkəməsinin sədri Malik Qarayev tərəfindən tətbiq edilmişdir. Ancaq Əliyev Elməddin Məmi oğlunun dediklərinə görə 500 manat cəriməni Sabirabad rayon Məhkəməsinə ödədikdən sonra ona ödəniş haqqında heç bir sənəd və məhkəmə qərarı verilməmişdir.

Hakim dövlət büdcəsinə ödənilməli pulu öz cibinə qoymuşdur!

E.Əliyev onu da bildirir ki, məhkəmənin bu qərarı ilə heç cür razılaşa bilmir. Çünki onun iki azyaşlı uşağı var:”Azyaşlı uşaqlarım olduğuna və mənim ilk xəta törətdiyimi nəzərə almayaraq hakim Malik Qarayev mənə 500 manat cərimə tətbiq etmişdir"

Elməddin Əliyevi hiddətləndirən təkcə cərimə məbləğinin çox olması deyil, ödənilən cərimənin dövlət büdcəsinə köçürülməməsidir. Yəni, hakim dövlət büdcəsinə ödənilməli olan cərimə pulunu öz cibinə qoymuşdur!

E.Əliyev suallarımızı cavablandırarkən bildirdi ki, bu barədə dəfələrlə Sabirabad məhkəməsində olub, ancaq hakim Malik Qarayevin göstərişi ilə 500 manat pulu ondan alan dəftərxana müdiri onu otağından qovaraq "səninlə məşğul olmağa vaxtımız yoxdur" deyib...

E.Əliyev əlavə olaraq deyir: “Sabirabad rayon Məhkəməsinin dəftərxana müdirinin məndən aldığı pulu anam Zeynəb Məssəliyeva "Kapital Bank"ın Şirvan filialından faizlə götürmüşdür....

***

O, bildirir ki, ona dəyən ziyan iki tərəflidir. Həm banka faiz ödəyir, həm də Dövlət Yol polisinin 12-ci tağımı əməkdaşlarının dediklərinə görə dövlətə borclu qalır.

Məhkəmə sədri əməkdaşımıza açıqlama verəcəyini desə də, sonradan vədinə əməl etmədi...

Biz vətəndaş E.Əliyevin şikayəti əsasında Sabirabad rayon Məhkəməsinin sədri Malik Qarayevlə telefon əlaqəsi saxladıq. Malik Qarayev deyilənləri nə təsdiq, nə də təkzib etdi. O, bizə qəzetimizin redaksiyasına gələrək orada ətraflı açıqlama verəcəyini bildirsə də sözünə əməl etmədi. Əlbəttə, bu onun şəxsi işidir. Ancaq vətəndaşın ərizəsi ilə əlaqədar mətbuata açıqlama verməyə borcludur. Elməddin Əliyev yenidən bölgə müxbirimizə müraciət edərək bildirmişdir ki, Sabirabad rayon Məhkəməsi bu günə qədər də onun ödədiyi 500 manat cəriməni nə dövlət büdcəsinə ödəyir, nə ona qaytarır, nə də hansısa bir qəbz vermir ki, vətəndaş DYP əməkdaşlarına təqdim edib sənədlərini götürsün... Sanki Malik Qarayev məhkəmə sədri deyil, hansısa "qanuni oğrudur".

Biz öz növbəmizdə E.Əliyevin haqlı şikayətinin Respublikanın ədliyyə naziri cənab Fikrət Məmmədova çatdırılmasından başqa yol görmədik. İnanırıq ki, cənab nazir F.Məmmədov Sabirabad rayon Məhkəməsinin sədri Malik Qarayevin bu qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün aidiyyəti qurum rəhbərlərinə tapşırıq verəcək.

Əlavə olaraq onu da bildiririk ki, ölkə başçısı cənab İlham Əliyevin bu günlərdə geniş konfransda məmurlar barədə söylədiyi ciddi iradlar lap yerinə düşür. İnanırıq ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlar həm də Sabirabad rayon Məhkəməsində diqqət mərkəzində olacaq, yerinə yetiriləcək.

***

Növbəti sayımızda şikayətçi E.Əliyevin Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova müraciətini təqdim edəcəyik.

Mövzuya qayıdacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
\ tezadlar \
Geri qayıt