Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİSİR-MƏLEYKƏ TOQQUŞMASINDA YENİ MƏRHƏLƏ

MİSİR-MƏLEYKƏ TOQQUŞMASINDA YENİ MƏRHƏLƏ


21-02-2013, 09:55
MİSİR-MƏLEYKƏ TOQQUŞMASINDA YENİ MƏRHƏLƏ

Dağıdıcı monitorinq, yoxsa dağılan tifaq?!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil məktəblərinin 1-ci sinif dərsliklərinin monitorinqini başa çatdırıb. Monitorinq nəticəsində bəlli olub ki, dərsliklərimiz biabırçı gündədir. TQDK ekspertlərinin “Azərbaycan dili-1” və “Riyaziyyat-1” dərslikləri haqqında gəldikləri son qərar isə çox sərt olub: “Bu dərsliklərin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilmir və onlar yenidən hazırlanmalıdır”. Bu ağır şapalağın təsirindən nokauta düşən Təhsil Nazirliyi məmurları bir neçə gün danışmadılar...
Nəhayət, birtəhər özünə gələn Faiq Şahbazlı dilləndi. Aşığın sözü qurtaranda “neynim-neynim deyən” kimi, yenə başladı TQDK sədrinə qarşı hücuma keçməyə: “...Dövlət qurumu olan TQDK-nın digər bir dövlət qurumu Təhsil Nazirliyinin dərslikləri haqqında belə informasiya yayması cəmiyyətdə çaşqınlıq yaradır. Bu, qeyri-sağlam münasibətdir və yaxşı yol deyil”. Doğrusu, Şahbazlının sözləri əvvəlcə mənim üçün qəribə göründü. Sonra yadıma düşdü ki, o, belə sözləri əvvəllər də bir neçə dəfə deyib. Ona görə bu sözünü də təbii saydım...
Sual olunur: Cənab Şahbazlı, bu informasiya cəmiyyətdə nəyə görə çaşqınlıq yaratmalıdır? Niyə bu, qeyri-sağlam yol olmalıdır? Bəyəm dərslik ictimai məsələ deyil? Hansı evdə dərslik yoxdur? Nəyə görə cəmiyyət təhsilmizin bu strateji sahəsində baş verənlərdən xəbərdar olmamalıdır? Məgər dərslik işi dövlət sirridir? Şəffaflıq nə vaxtdan qeyri-sağlam əməl hesab olunub? Srağagün ATV kanalında dediniz: “Dərslikləri qiymətləndirən ekspertlərin təxminən 40-a qədəri Türkiyədə olublar. Orada dərsliklərin qiymətləndirilməsi təcrübəsini öyrəniblər”. Deyin görüm, ekspertlərinizin öyrəndikləri nədir? Nə qədər yalan danışmaq olar?! Bəyəm Türkiyədə qiymətləndirmə sizin Dərslikləri Qiymətləndirmə Şurasındakı (DQŞ) kimi aparılır? Türkiyədə gizli rəylər alındıqdan sonra hər şey açıq şəkildə Təlim Tərbiyə Kurulu deyilən qurumun xüsusi zalında müəlliflərin, naşirlərin, onların məsləhətçilərinin iştirakı ilə müzakirə olunur və onlara cavab haqqı tanınır. Xırda nöqsanlar olduqda bəlli bir müddətə onları düzəltmələrinə imkan və vaxt verilir. Bəs Türkiyə təcrübəsini öyrənən DQŞ niyə hər şeyi “yanğın zamanı mal qaçıran oğru” kimi gizlində edir. Niyə müəlliflərə və naşirlərə öz işlərinin müzakirəsində iştirak və cavab haqqı tanımır? Nədən hər il dərslikləri qiymətləndirmə meyarları dəyişir?
Təhsil Nazirliyinin gizlində gördüyü işlərin nəticəsidir ki, dərsliklərimiz belə rəzil günə düşüb, cənab Şahbazlı! İndi də istəyirsiniz ki, TQDK da sizinlə birləşib “dərslik gizlinlərini” davam etdirsin?! İnandırım sizi, əgər bundan sonra da “gizli işlər” davam edəcəksə, yenə Azərbaycan bayrağı baş-ayaq, yaxud cırılıb didilmiş şəkildə çap ediləcək. Necə olub ki, Türkiyədə “təcrübə keçmiş” ekspertləriniz “Həyat bilgisi-3” dərsliyində 40 standartdan 16-sına aid heç bir materialın olmadığını görməyiblər? Belə şey dünyanın harasında görünüb? Türkiyədə nəinki 16, hətta bircə standartın reallaşdırılmamasına görə dərsliyi qiymətləndirməyə buraxmırlar.
Bu günlərdə Qazaxıstanda riyaziyyat kitabındakı bir məsələdə kabusla bağlı sözlərə yer verildiyinə görə dərslik ləğv olundu. Bəs siz nə etdiniz? – Bu qədər həngamələrdən sonra bunu edən müəllifləri və naşirləri yenidən müsabiqə-tenderin qalibi elan edib mükafatlandınız.
TQDK dərsliklər haqqında özünün yekun rəylərini internetdə açıq şəkildə yerləşdirib. Yəni hamı, o cümlədən, Şahbazlı görsün ki, dərsliklərdə hansı nöqsanlar var. Bəlkə TQDK-nın bu şəffaf işinə “qeyri-peşəkar, səriştəsiz münasibət” deyirsiniz, Faiq əfəndi? Bəs onda sizin DQŞ-nin “gizli işini” necə adlandıraq: Peşəkar və səriştəli hırsızlıq?!
TQDK-nın apardığı monitorinqi dağıdıcı monitorinq adlandırırsınız. Bax, burada sizinlə tamamilə razıyam. Doğrudan da TQDK monitorinqi sizin qurduğunuz “dərslik nəşri” oyununu dağıdır. Ona görə də rəyləri oxumamış, analiz etməmiş haray-həşir salır, vay-şivən qoparırsınız. Qoparın, qoparın çünki millətin gələcəyinə çalınan baltalarla qurduğunuz tifaq dağılır...

P.S. Yazıma nöqtə qoymaq istəyirdim ki, APA belə bir məlumat yaydı: “TQDK 3-cü sinfin “Azərbaycan dili”, “Riyaziyyat” və “Həyat bilgisi” dərsliklərinin də məktəblərimizdə istifadəsini məqsədəuyğun hesab etməyib”. Gözünüz aydın olsun, Faiq müəllim!..

Nadir İSRAFİLOV, təhsil eksperti
Geri qayıt