Əsas Səhifə > Güney Press, Araşdırma > "BİNƏ" ÜSYANI NƏTİCƏSİZ QALIB
"BİNƏ" ÜSYANI NƏTİCƏSİZ QALIB21-02-2013, 11:28 |
SAHİBKARLARIN ETİRAZI BOŞUNA İMİŞ “Binə” Ticarət Mərkəzində problemlər həll olunmayıb. Belə ki, ötən ayın sonlarında baş vermiş ticarətçilərin üsyanı hələ ki, nəticəsizdir. Sahibkarlar qanunsuz olaraq qaldırılan 250 manatlıq icarə haqqıyla razılaşmırlar. Haqları uğrunda ayağa qalxan 10 sahibkar həbs edilərək barələrində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Ötən gün “Binə”yə gedib sonrakı proseslərlə maraqlandıq. Sahibkarlar deyirlər ki, etirazdan sonra problemləri həll edilməyib: “Icarə haqqı qaldırılıb. Etiraz günü bazarın sahibi Kəbirə Məmmədova da bizimlə görüşdü və qətiyyətlə bildirdi ki, heç bir güzəşt olmayacaq. Bazarda yer haqqından başqa gözətçi, kassa aparatı, işıq pulu, kondsioner və başqa kommunal haqq yığılır. Bütün bunları toplayanda aylıq xərcimiz minimum 3 min manatdır. Bu qədər pulu gərək qazanasan ki, icarə haqqını ödəyəsən. Alver yoxdur, ancaq buna baxmayaraq ildə iki-üç dəfə yer haqları qaldırılır, buna etiraz etdik, ancaq səsimizi eşitmədilər”. Sahibkarlar deyirlər ki, problemləriylə bağlı dəfələrlə aidiyyəti qurumlara - Prezident Administrasiyasına, Baş Prokurorluğa, Vergilər Nazirliyinə müraciət etsələr də nəticə yoxdur. Bizimlə söhbət edən obyekt sahibləri onu da bildirdilər ki, onlar vergini ödəməyə hazırdılar: “Əvvəlcə bizə dedilər ki, kassa aparatını alın, ancaq qoşmayın, aylıq haqqı verin və özümüz həll edəcəyik. Biz bununla öncə razılaşmadıq, ancaq sonradan problemin həll olunmayacağını görüb çarəsizlikdən kassa aparatını aldıq. Istəyirdik ki, kassa aparatı qoşulsun və satdığımız mala görə qazancımızdan vergi verək. Sonra isə gəlib dedilər ki, kassa aparatını qoşun, buna görə vergi ödəyəcəksiniz, ancaq əvvəllər qoyulmuş haqqı da ödməlisiniz. Bu isə qanunsuzluqdur. Həm vergi pulu ver, həm də kassa aparatı üçün əlavə haqq? Bu harada görünüb? Bütün bunlara görə etiraz etdik, nəticədə bir neçə sahibkarı həbs etdilər”. Üsyandan sonra bazarda çox ciddi yoxlamaların getdiyini deyən satıcılar qeyd etdilər ki, hər bir obyekt sahibinin şəxsiyyət vəsiqəsinin surəti onlardan alınıb: “Burada iki məqsəd vardı. Biri etiraza qalxan satıcıların kimliyini müəyyənləşdirmək, ikincisi isə onları həbslə hədələyib əlavə pul almaq idi. Bütün bu planlar da baş tutdu. Onlarla sahibkardan böyük məbləğdə pullar alındı”. “Binə”dən dükan alan, ancaq hüquqları pozulan Vüsalə adlı vətəndaşın haqqını müdafiə edən vəkil Qurban Məmmədov “Azadlıq”a açıqlamasında bildirdi ki, bazarın sahibi Kəbirə Məmmədova insanların haqlarını pozur: “Biz qanunsuzluqla bağlı məhkəməyə müraciət etdik. Ali Məhkəmə də iddiamızı təmin etmədi. Lehimizə yalnız 4 min manat qərar çıxartdı. Halbuki, Vüsalə xanım bazardan dükan almaq üçün 58 min manat pul ödəyib. Bir müqavilə bağlayıblar. Müqavilənin sol küncündə yazılıb ki, 2 min manat açar pulu, 2 min manat qapı pulu. Məhkəmə yalnız bu pulun qaytarılmasını təmin etdi. Məhkəmə bizdən ödənilən pulun çekini tələb etdi. Biz də dedik ki, çek verilməyib. Insanları televiziyalar vasitəsilə aldadıblar. Telekanallarda yalandan məlumat veriblər ki, ”Binə"də yer qalmadı, bütün dükanlar satılmaq üzrədir. Camaat da buna aldanıb borc-xərc içində gedib dükan alıb. Indi isə məlum olub ki, aldığın dükana görə hər ay icarə haqqı ödməlisən. Bu harada görünüb? Qarşı tərəfin nümayəndəsi məhkəmədə dedi ki, ümumiyyətlə, bizdən pul almayıblar. Yaxşı, onun dediyi kimidirsə, niyə bizimlə barışığa gəlmək istəyirdilər, niyə yer təklif edirlər?". Vəkil müdafiə etdiyi şəxslə bazar rəhbərliyi arasında problemin yarandığını belə izah etdi: “Pulu ödəyəndən sonra heç bir hüquqi əsası olmayan müqavilə bağlayıblar və orada yazılıb ki, sizə filan yerdə dükan verəcəyik. Bazar istifadəyə veriləndən sonra isə məlum olub ki, Vüsalə xanıma başqa yerdə obyekt verirlər. Həmin yerə isə alıcılar gəlmir. Biz də deyirik ki, ya bizə öncədən danışılmış yeri verin, ya da pulumuzu qaytarın. Məhkəmə isə əli avtomatlıların yanında olub, onları dəstəklədi”. \ azadliq.info \ Geri qayıt |