Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVUN TAKSİ MAXİNASİYASI

ZİYA MƏMMƏDOVUN TAKSİ MAXİNASİYASI


26-11-2011, 11:06
ZİYA MƏMMƏDOVUN TAKSİ MAXİNASİYASI

HƏR ŞEYDƏN PUL ÇIXARAN NAZİRİN HEYRƏTLƏNDİRİCİ ƏMƏLİYYATI

DİA.AZ: - Keçən günldərdə də məlumat verərək bildirmişdik ki, nəqliyyat naziri Ziya Məmmədovun Bakıya gətirdiyi bənövşəyi taksilərin sürücülərində narazılıq yaranıb. Narazılığa səbəb isə, onlardan nə qədər pul qazanmalarından, taksidəki taksometrənin nə qədər pul yazmasından asılı olmayaraq bir günə 50 manat plan tələb olunmasıdır. Artıq bir neçə taksi sürücüsü buna etiraz olaraq «bənövşəyi atı» minməkdən imtina edib.

Bu arada DİA.AZ redaksiyasına NN şefinin «bənövşəyi at»lar hesabına külli miqdarda pul qazandığı haqda ilginc faktlar daxil olub. Məlumatı verən mötəbər mənbə iddia edir ki, Ziya Məmmədovun bəh-bəhlə Bakıya gətirdiyi bu Çin istehsalı olan «London taksiləri»nin əslində real qiyməti 7500 dollar olub.

Bu barədə mənbənin söylədikləri: «Real qiyməti 7500 dollar olan taksilər Azərbaycan dövlətinə 27 min dollardan sırınıb. Burada taksini satan şirkətin heç bir günahı yoxdur. Onlar onsuz da bir taksiyə görə, 7500 dollar alıblar. Aradakı fərqi isə nəqliyyat napziri Ziya Məmmədov mənimsəyib».

Mənbə əlavə olaraq onu da bildirib ki, bir başından 19500 dollar xeyir götürən Ziya Məmmədovun sözügedən prosesdə Azərbaycan dövlətinə vurduğu yeganə zərbə bundan ibarət deyil: «Həmin taksilər əslində Türkiyənin İstanbul şəhərinin bələdiyyəsi tərəfindən sifariş edilibmiş. Lakin türkiyəli sifarişçilər məhsulu bəyənmədiklərindən onu almaqdan imtina ediblər. Buna görə də çin malına Azərbaycan müştəri çıxıb». Məlumatlarda deyilir ki, İstanbul şəhər bələdiyyəsinin nümayəndələri etirazlarında bildiriblər ki, onlar müqavilə bağladıqları şirkətin Çindəki zavodunun məhsuluna müştəri çıxmayıbmışlar və bundan sonra müqavilə pozulur.

Yəni bu fakt da təsdiqləyir ki, əslində Ziya Məmmədov baha qiymətə Azərbaycan dlövləti üçün çox aşağı keyfiyyətli taksilər alıb. Elə bunun nəticəsidir ki, həmin taksilər bir həftənin içində təkrar təmirə getməli olmuşdu.

Onu da bildirək ki, Ziya Məmmədovun «London taksiləri»nin “Marganese Bronze Holdings PLC” şirkəti ilə bağlanmış müqavilə çərçivəsində Azərbaycana gətirilib. İlkin partiyada Bakıya 100 ədəd avtomobil gətirilməklə yanaşı, daha 900 avtomobilin də ilin sonuna qədər gətirilməsi nəzərdə tutulur. Yəni adıkeçən şirkətlə müqavilə əsasında ümumi olaraq 1000 ədəd taksinin Bakıya gətirilməsi nəzərdə tutulur.

Onu da xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Nəqliyyat Nazirliyinin elan etdiyi “Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi” proqramı çərçivəsində yeni “Baku Taxi Company” şirkəti yaradılıb. Həmin şirkətin isə Ziya Məmmədova məxsus olduğu kimsə üçün sirr deyil. Onu da qeyd edək ki, “Manganese Bronze Hildings PLC” və Çinin avtomobil istehsalçısı “Geely Automobile Holdings Limited”in birgə müəssisəsi “Shanghai LTI” şirkətinin bu taksiləri 2011-ci ildə Bakıya tədarükü üzrə saziş London şirkəti üçün ən iri müqavilədir. Sifarişin ümumi dəyəri 27 milyon dollardır.

Buradan isə məlum olur ki, nəqliyyat naziri Ziya Məmmədov həmin 27 milyon dolların 19 milyon yarımını, yəni təxminən 20 milyon dollarını mənimsəyib. Hər halda, hakim komandanın antikorrupsiya dönəmində belə bir yeyinti faktı möhtərəm nazirimizin aktivinə yazılmış ən böyük hadisə kimi qəbul olunmalıdır.

Onu da bildirək ki, Azərbaycan Nəqliyyat Nazirliyindən bir qədər əvvəl bildirilmişdi ki, Bakıya ümumilikdə üç minədək yeni taksinin gətirilməsi planlaşdırlır. Bu isə məlum korrupsiyanın davamlı olacağından xəbər verir. Yəni əgər prosesin qarşısı alınmazsa, o zaman Ziya Məmmədovun daha 40 milyon dolları mənimsəyə bilməsi üçün imkan var.

Bir daha vurğulayaq ki, “Manganese Bronze Hildings PLC” və Çinin avtomobil istehsalçısı “Geely Automobile Holdings Limited”in birgə müəssisəsi “Shanghai LTI” şirkəti əslində ilk dəfədir ki, belə bir mühüm anlaşma əldə edir. Bu şirkətin istehsal etdiyi avtomobillərin keyfiyyətinin aşağı olması səbəbindən dünyanın heç bir inkişaf etmiş ölkəsinin şəhər bələdiyyələri həmin şirkətlə əməkdaşlığa maraq göstərmirlər. Amma Azərbaycan yenə də istisna təşkil etməkdədir.

Xatırladaq ki, paytaxt Bakının ümumiyyətlə, taksi məsələsi sarıdan bəxti gətirməyib. Belə ki, ilk dəfə Azərbaycanda özəl taksi xidməti yaradılanda da Türkiyənin depolarında qalmış və az qala 70-ci illərin standartlarına cavab verən köhnə modelli sarı «reno» taksiləri Bakıya gətirildi. Bu taksilərin isə Bakıya Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin qudası, hazırda İspaniyanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş «Evsen» şirkətlər qrupunun prezidenti Əli Evsen tərəfindən gətirildiyi məlumdur. Əli Esven isə İspaniya polisi tərəfindən Misirin sabiq prezidenti Hüsnü Mübarəkin çirkli pullarının yuyulması ittihamı ilə həbs olunub.

Beləcə, bəxtsiz paytaxtımız daha bir çirkli oyunun meydanına çevrilir…

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt