Əsas Səhifə > Hadisə > PROFESSOR YUSİF SEYİDOV DA “OTKAZ”A GETDİ

PROFESSOR YUSİF SEYİDOV DA “OTKAZ”A GETDİ


26-11-2011, 11:10
PROFESSOR YUSİF SEYİDOV DA “OTKAZ”A GETDİ

“MƏNİM OXUDUĞUM MÜRACİƏTDƏ ONLARA QARŞI CİDDİ HEÇ NƏ YOX İDİ”

Ziyalılar Forumuna və professor Rafiq Əliyevə qarşı BDU-nun alımlərinin bəyanatında imzası olanlardan daha birindən təkzib gəlib. Professor Yusif Seyidov “Azadlıq” radiosuna verdiyi müsahibəsində ona başqa sənədə imza atdırıldığını deyib.

Nəzərə çatdıraq ki, həmin bəyanatda adları keçən akademik Cəlal Allahverdiyev və professor Qulu Məhərrəmli sənəd açıqlandıqdan sonra dərhal təkzib vermişdilər. Onlar bu bəyanata imza atmadıqlarını bildiriblər. Daha dəqiqi, həmin şəxslər başqa məzmunlu Ü barışığa, birliyə çağıran sənədlə tanış edildiklərini və onu imzaladıqlarını, qəzetdə isə başqa bəyanatın verildiyini bildiriblər.

Professor Yusif Seyidov da eyni sözləri deyib.

Onun müsahibəsinin buna dair hissəsini təqdim edirik:

- Bu günlərdə Bakı Dövlət Universitetinin bir qrup müəllimi Ziyalılar Forumuna müraciət ünvanladı. O cümlədən də siz. İstərdim sizin də bununla bağlı arqumentlərinizi eşidim. Çünki sonradan bəzi müəllimlər imzalarından imtina etdilər ki, bizə başqa variant göstərmişdilər. Bu müraciəti nə zəruri edirdi?

- Mən gərək o varianta da baxım, bu varianta da. Bəzi müəllimlər deyir ki, dəyişib. Bəlkə doğrudan da dəyişib. Dəyişilibsə, neyləmək olar? Mən oxumamışam axı. Oxumamış deyə bilmərəm.

- Ümumiyyətlə, siz o müraciəti niyə imzaladınız? Nə idi sizi narahat edən?

- Oxudum, ilk variantı. Qəzetdə çap olunmamış variantı. Orda belə çağırış var ki, həmfikir olaq, ölkəmizə qulluq edək, münaqişə olmasın. Belə şeylər, vəssalam.

- Yəni orda Ziyalılar Forumunu düşmən dəyirmanına su tökməkdə günahlandıran ton yox idi?

- Mən oxuduğumda elə ciddi bir şey yox idi.

- Sizcə, Ziyalılar Forumu ölkədə qarşıdurma yaradırmı?

- Düzü, mənim Ziyalılar Forumunun mahiyyətindən xəbərim yoxdur ki, görüm nə deyirlər, necə edirlər, onun mənası, ideyası nədir? Onlar nə deyirlər ki, mən də etiraz edim. Mən oxuduğum variant elədir ki, ciddi etiraz olmadığı üçün qol çəkdim. Qol çəkdiyim variantda - indi bəlkə də həmin variantdır, ya deyil - deyilənləri həmişə demək olar. Həmişə deyirik ki, ölkəmizdə əmin-amanlıq olsun. Hər belə yazının altından qol çəkməyə hazıram.

- Yusif müəllim, dediniz ki, Ziyalılar Forumunun ideyasından xəbəriniz yoxdur. Necə olur ki, ideyasından xəbərsiz olduğunuz halda onlara qarşı müraciətə qol çəkirsiz?

- Mənim oxuduğum müraciətdə onlara qarşı ciddi heç nə yoxdur. Belə xüsusi qarşıdurma, ehtiras yox idi.

***

Bir vacib məqama da diqqət çəkək ki, Yusif Seyidov həm də 1991-ci ildə Heydər Əliyevə qarşı bəyanat verənlərdəndir. Bir neçə gün öncə “Yeni Müsavat” qəzeti araşdırma aparıb ortaya çıxarmışdı ki, Ziyalılar Forumuna qarşı bəyanatda imzası olan Vasim Məmmədəliyev, Yusif Seyidov, Karlen Xudaverdiyev, Tofiq Hacıyev və digərləri 1991-ci ildə isə Heydər Əliyevə qarşı bəyanat veriblərmiş.

(Yeri gəlmişkən, dəyərli “Azadlıq” radiosu Y.Seyidovla bu araşdırmamız əsasında danışıb, amma təəssüf ki, bu məsələni ortaya çıxaran “Yeni Müsavat” qəzetinə istinad etməyib-red.)

Bununla bağlı suala isə Yusif Seyidov belə cavab verib: “Bu şeyləri qaldırmağa ehtiyac yoxdur. Çünki sonra məlum oldu ki, ordakıları bir-iki adam yazıb doldurub, hamının əvəzindən qol çəkiblər, yerdə qalanların xəbəri yoxdur”...

Bu ölkədə daha nələr eşitmədik...


Geri qayıt