Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISI QARDAŞINA SƏRT CAVAB VERDİ
İCRA BAŞÇISI QARDAŞINA SƏRT CAVAB VERDİ24-02-2013, 11:49 |
"BELƏ BİR SAVADSIZ ADAMI NECƏ VƏZİFƏYƏ QOYMUSAN?" İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev hazırda İqtisadi İnkişaf Nazirliyinin Gəncə Regional Mərkəzində işləyən qardaşı Eldar Hacıyevin iddialarına cavab verib. Mia.az-a açıqlama verən icra başçısı deyib ki, qətiyyən belə bir şey olmayıb. V.Hacıyevin sözlərinə görə, Eldar Hacıyev onun ögey qardaşıdır: «Bütün bunların hamısı şər-böhtandır. 15 ilə yaxındır ki, mənim onunla heç bir münasibətim yoxdur. O, orta məktəbi bitirəndə attestat qiymətləri üç olduğu üçün dörd dəfə instituta sənəd verdi, amma hamısında da «2» aldı, əsgərliyə getdi. Sonra Özbəkistana üz tutdu. Orda hansısa fırıldaq yollarla institut oxudu. Onun biliyi sıfırdır. Ancaq savadsız, qabiliyyətsiz adam belə danışa bilər. Qeyrətli, namuslu, vicdanlı adam belə şeyə əl atmaz. Əgər o, mənə qardaşdırsa, olmayan şeylərə görə mənə şər atmaz. O, görür ki, son dövrlər mənə qarşı düşmən mövqeyində duran insanlar şər-böhtan atır, bu da onlara qoşulub və onlar kimi qeyrətsizlik edir. Bu səbəbdən də mənim başqa sözüm yoxdur». V.Hacıyev bildirib ki, E.Hacıyevin hansı yollarla bank müdiri, indi isə İqtisadi İnkişaf Nazirliyinin Gəncə Regional Mərkəzində işləməsi barədə məlumatı yoxdur. «Kim onu ora təyin edibsə, kim ona arxa durursa, ondan soruşmaq lazımdır ki, belə bir savadsız adamı vəzifəyə necə qoymusan. Ona bircə kəlmə sual versəniz ki, sadə kəsr kəsrin üstünə necə gəlir, ona cavab versə, sizin əlinizi sıxaram», - deyən V.Hacıyevin sözlərinə görə, belə bir səviyyədə olan adamla heç vaxt üz-üzə oturub, nəsə müzakirə eləməz. İcra başçısının sözlərinə görə, onun E.Hacıyev kimi bir adama ehtiyacı olmayıb: «Abadlıq, quruculuq işləri ilə bağlı rayonda təhkim olunan kurator olub, bütün işləri də o, aparıb. Əgər ona müraciət olunubsa, 50 idarə-təşkilat olub, onlardan birinə də deyilərdi ki, filan işi gör. Necə olur ki, buna göstəriş verilir? Bunların hamısı şər-böhtandır, xahiş edirəm, məsələyə düzgün yanaşasınız. Özümdən asılı olmayaraq, əsəbiləşirəm ki, belə bir vəziyyət yaranıb. Əgər o, mənim qardaşım olsaydı, birinci belə şeylər etməzdi. Qardaş qardaşı haqqında bu cür informasiya verməz. Nə qədər düşmən də olsa, qardaş qardaşa belə şər atmaz. O, mənim qardaşım olsaydı, çağırıb ona kömək edərdim, öyüd-nəsihət verərdim. Onunla ata bir, ana ayrı qardaşıq. Düzü, onun harada, necə böyüdüyündən mənim xəbəri yoxdur. İndi onun problemləri yaranıbsa, kimisə şərləmək çıxış yolu deyil. Şər-böhtan Allaha da xoş getmir. İmam Əli deyir ki, Allah-təala iki adamdan üz döndərir, biri şər-böhtan ataraq başqasına ləkə yaxanlardan, o biri də ara qarışdırıb insanlar arasında fitnə-fəsad törədənlərdən. Bu da şər-böhtan atmaqla məşğuldur». Geri qayıt |