Əsas Səhifə > Partiya > "HEÇ BİR MÜLKİYYƏTİM YOXDUR"
"HEÇ BİR MÜLKİYYƏTİM YOXDUR"24-02-2013, 13:17 |
SIRA ƏLİ KƏRİMLİNİN MÜAVİNİNƏ ÇATDI İsmayıllıda hüquqları pozulanlara dəstək məqsədilə yanvarın 26-da Bakıda keçirilmiş etiraz aksiyasında iştiraka görə cərimələnən 25 nəfərin evlərinə məhkəmə icraçıları gələrək, mənzillərdəki əşyaları siyahıya alırlar. Artıq AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının Imişlidə yaşayan valideynlərinin evinə gələrək, iki xalçanı götürüb aparıblar. Halbuki, həmin mənzildəki əşyaların Əbülfəz Qurbanlıya aidiyyəti yoxdur. Həmçinin “Azad Gənclik” təşkilatının sədri Ülvi Həsənlini məhkəməyə çağıraraq, həmin vaxt üzərində olan dostunun kompüterini və telefonunu müsadirə ediblər. Bundan başqa, məhkəmə icraçıları “NIDA” Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbərin və Müsavat partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının da yaşadıqları evə gələrək, mənzildəki əşyaları siyahıya alıblar. İndi də növbə AXCP sədrinin müavini Gözəl Bayramlıya çatıb. Məhkəmə icraçıları aksiyada iştiraka görə 2 min manat cərimələnmiş Gözəl xanımın yaşadığı evə gəliblər: “Mənə bildirişi təqdim etdilər, 10 gün vaxt verdilər. 10 gündən sonra çox güman ki, evin əmlakını məhkəməyə təqdim edəcəklər. Izahatımda yazdım ki, aksiyalarda iştiraka görə fantastik həddə cərimələrin tətbiqilə bağlı qanun da, həmin qanun əsasında çıxarılmış məhkəmə qərarı da qeyri-qanunidir. ”Vətəndaş itaətsizliyi" kampaniyasında iştirak edirəm. Biz kampaniya iştirakçıları olaraq, tətbiq edilən qanunun ləğvini tələb edirik". 1993-cü ildən işsiz olduğunu deyən Gözəl Bayramlı bildirib ki, heç bir mülkiyyəti yoxdur. Üstəlik, cərimələrin məbləği də Azərbaycanda insanların yaşayış səviyyəsi, gəlirlərilə tərs-mütənasibdir. AXCP sədrinin müavini onu da əlavə edib ki, heç bir halda cəriməni ödəməyəcək və hüquqi qaydada şikayət verəcək. Etiraz aksiyasında iştiraka görə 500 manat cərimələnən AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin də Şəkidə yaşayan atasını yerli məhkəməyə çağırıblar: “Atamı çağırıb 10 gün vaxt veriblər. Deyiblər ki, bu müddətdə pul ödənilməsə, evin əşyaları siyahıya alınacaq”. /Azadliq.info/ Geri qayıt |