Əsas Səhifə > Güney Press, Araşdırma > EKSTRASENSLƏR HAKİMİYYƏTƏ NƏLƏRİ VƏD EDİR?
EKSTRASENSLƏR HAKİMİYYƏTƏ NƏLƏRİ VƏD EDİR?25-02-2013, 10:14 |
İQTİDARİÇİ SAVAŞ ŞİDDƏTLƏNƏCƏK Amerika Birləşmiş Ştatları, Rusiya kimi supergüclərin seçki təcrübəsini araşdırdıqda son dərəcə ilginc bir fakt ortaya çıxır - bu ölkələrdə keçirilən seçkilərdə bütün prezidentliyə namizədlərin seçki komandasında ekstrasenslər və parapsixoloqlar yer alır. Başqa sözlə, gizli elmlərə vaqif olan nüfuzlu şəxslər dünyanın aparıcı ölkələrində prezidentliyə namizədlərin ən yaxınındadır. Xüsusi reklam olunmasalar da, prezidentliyə namizədlərin seçki komandalarında parapsixoloqların olması heç də tamamilə qapalı bilgi deyil. Bu ölkələrdə hər kəsə bəllidir ki, seçki marafonu başlayandan seçki gününə qədər bütün tədbirlərin qrafikini məhz parapsixoloqlar müəyyən edir. Onlar astroloji proqnozlar vasitəsilə namizədin uğurlu, düşərli günlərini müəyyən edir, səfərə çıxması, debat keçirməsi üçün uğurlu saatları dəqiqləşdirir, iş qrafikini bu proqnozlara uyğunlaşdırırlar. Paranormal qabiliyyəti olan şəxslər hətta nüfuzlu media orqanlarının seçki ilə bağlı yazılı suallarını da bəzi hallarda özləri cavablandırırlar. Bu məsələdə ən şanslılar prezident postunu tutan namizədlər sayılır - təbii, əgər ölkəsinin konstitusiyası prezidentə təkrar seçilmə hüququ verirsə. Çünki bu məsələdə ən həlledici məqam sayılan seçki gününü müəyyən etmək məhz onun imkanları daxilindədir - o, seçkini əsas rəqibi üçün ən uğursuz günə də təyin edə bilər. ABŞ qaynaqları yazır ki, seçkiyə düşərlü gündə başlamaq seçki marafonunda qələbənin 50 faizini qazanmağa bərabərdir. Ona görə də bu tarixə xüsusi həssaslıqla yanaşılır. Bu versiyaya sübut kimi sonuncu üç prezident Buş, Klinton və Obamanın seçki proseslərindən nümunələr göstərilir. Sadalanan faktları incələdikcə bəlli olur ki, seçki prosesindəki həlledici tədbirləri, məsələn, ən ciddi rəqiblə debat, müxtəlif ştatlarda keçirilən görüşlərin tarixi sonradan ABŞ prezidenti olan şəxslərin doğulduğu il, ay, gün, saat, hətta yüksələn bürcə nəzərən müəyyən edilib. Bundan başqa, namizədin seçicilərə müraciətləri məsələsi də ən həssas məsələlər sırasında olub. PR menecerlərin hazırladığı seçki çıxışları mütləq parapsixoloqun redaktəsindən keçib. Necə deyərlər, çıxışa seçicini hipnoz edəcək “sehrli sözlərin” əlavə edilməsi birbaşa parapsixoloqun görəvi olur. Bir sıra qaynaqlar isə iddia edir ki, prezidentliyə namizədlər kürsüdə olarkən mühafizəçi qismində onlarla bərabər səhnəyə çıxan şəxslər sırasında mütləq qaydada parapsixoloq da olur. Onların kütləvi görüşlərdə hipnozdan istifadə etməsi haqqında da versiyalar səslənir. Bu variantdan həm də təhlükəsizlik tədbiri kimi istifadə olunur. Parapsixoloqların xüsusi xidmət orqanlarının rəsmi əməkdaşları olması haqqında deyilənlər də buradan qaynaqlanır. Onlar xüsusi bacarıqları vasitəsilə “obyektə” yönələn fiziki, psixoloji təhlükələrin hamısını dəf edir. Bu səbəbdən yüksək rütbəli dövlət məmurları ilə işləyən parapsixoloqlar simalarının tanınmaması üçün cəmiyyət içərinə çox az çıxırlar. Onların bir sıra rəsmi görüşlərdə başqa adla iştirak etdiyi də bildirilir. Bu praktikadan Rusiyada da geniş istifadə olunur. Rusiyada hətta bütün astral elmləri inkar edən SSRİ dönəmindən parapsixologiya dövlət səviyyəsində mühafizə edilib, yeri gəldikcə ondan siyasi məqsədlər üçün istifadə olunub. Azərbaycanda isə bu haqda birmənalı olaraq danışılmır. Baxmayaraq ki, belə bir praktikanın tətbiq edildiyi haqda ciddi informasiyalar var. Son dərəcə etibarlı qaynaqlar 1980-ci illərin sonlarında kükrəyən, SSRİ-nin buxovlarını qırıb öz milli dövlətini quran xalqın bir neçə ilə mağmın, süst, sözün birbaşa mənasında başıaşağı duruma gətirilməsini məhz bununla izah edir. Onların iddiasına görə, seçki prosesində hər hansı dəyişikliyin qarşısını almaq, xalqı hakimiyyətin xeyrinə olan qərarlara məcbur etmək, baş verə biləcək etiraz aksiyalarının qarşısını almaq üçün parapsixologiyadan istifadə edilməsi Azərbaycanda son 20 ildə dəfələrlə sınaqdan keçirilib və artıq hakimiyyətin bu məsələ ilə bağlı xüsusi komandası formalaşıb. Deyilənlərə görə, hər seçki ilində bu kamanda xüsusi təlimatlar əsasında işə başlayır. Komandaya uzun illər Rusiyada yaşayan və SSRİ dönəmindən bu yana yaşadığımız coğrafiyanın ən güclü ekstrasenslərindən biri kimi tanınan Tofiq Dadaşov rəhbərlik edir. Yadınıza gəlirsə, 1993-94-cü illərdə o, Azərbaycan teleməkanında tez-tez görünərdi. Diqqətli seyrçiləri onun ünlü Kaşpirovskisayaq bir neçə teleseanslar keçirdiyini də xatırlamalıdır. Bir zamanlar T.Dadaşovun ilin bir neçə ayını keçirdiyi Bakıda “pasientləri”ni qəbul etdiyi xüsusi ofisi fəaliyyət göstərirdi. Elə həmin illərdə ekstrasensin hakim ailə ilə yaxın münasibətlərinin olduğu haqqında xəbərlər yayılmağa başlamışdı. Ancaq qısa bir zamandan sonra Tofiq Dadaşov sanki yoxa çıxdı. Ona yaxın olan qaynaqların bildirdiyinə görə, T.Dadaşov, demək olar, əsl kahin həyatı yaşayır, bir neçə yaxın qohumundan ibarət olduqca dar çevrə ilə əlaqə saxlayır və ancaq bir “obyekt” üçün işləyir. Hətta ona Azərbaycan Şahmat Federasiyası da rəsmən müraciət edib ki, şahmatçılarımızın psixoloji hazırlığını yüksək səviyyəyə qaldırmağa kömək etsin. Vaxtilə Harri Kasparova Anatoli Karpovla keçirdiyi dünya şahmat tacı uğrunda görüşdə kömək etmiş məşhur parapsixoloq Tofiq Dadaşov bu təklifi müsbət cavablandırmayıb. O, deyib ki, hazırda başqa istiqamətdə çalışır. Deyilənə görə, onun komandası artıq “seçki kampaniyası”na start verib. Azərbaycanda yanvar ayında hakimiyyət üçün gözlənilməz proseslərin baş verməsi komandanın seçki prosesinə keçən dəfəki təcrübələrdə olduğundan daha tez başlamasına ehtiyac yaradıb. Azərbaycanda yanvar ayında qəfil püskürən xalq etirazlarının elə qəfil də sakitləşməsində iqtidarın İsraildən gətirdiyi xüsusi seçki texnoloqları ilə yanaşı, sözügedən “yerli” komandanın da səyi güclüdür. Etibarlı qaynaqlar bildirir ki, komandanın ilk mərhələdə gördüyü iş dövlət və hökumət binalarına (dolayısı ilə onun içərisindəki yüksək rütbəli məmurlara) yönələn “bəd nəzər”lərin aradan qaldırılmasıdır. Bu, bəlkə də kimlərəsə qəribə gələ bilər. Ancaq ekstrasensoriya ilə az-çox tanış olanlar bilir ki, xalq arasında “bəd nəzər” ifadəsi ilə anılan insan gözündən çıxan mənfi energetika çox ciddi dağıdıcı qüvvəyə malikdir. Bu qüvvə xüsusi həsəd, kin, hiddət zamanı yaranır və yönəldiyi obyektin qoruyucu aurasını darmadağın edir. Bu həmin obyekt üçün uğursuzluğun, işlərin tərs dönüşünün başlanğıcı olur. Bizdəki məlumatlarda iddia olunur ki, T.Dadaşovun komandası indi xüsusi vasitələrlə dövlət və hökumət binalarını qoruma altına almaqdadır. Yaxın günlərdə dövlət və hökumət binalarının yanından keçərkən onlara diqqətlə baxdığınızı xatırlayırsınızmı? Həm şəxsi praktikamızdan, həm çevrəmizdəki insanların praktikasından söyləyə bilərik ki, son günlər insanlar bu binaları sanki görmür. Ya da onların yanından keçdiklərini bir neçə dəqiqə sonra fərq edir. Azərbaycandakı bir neçə məşhur ekstrasens 2013-cü ili mövcud hakimiyyət komandası üçün ciddi təlatüm ili sayır. Ehtimal edilir ki, Gülər Əhmədovanın rüşvət qalmaqalı ilə hakim partiya daxilində bir neçə ay öncə başlayan ciddi silkələnmələr hələ bir müddət də davam edəcək və iqtidara bir neçə iri məmur itkisinə başa gələcək. Bundan başqa, ölkədən kənar qüvvələrin Azərbaycana dağıdıcı təsir planları ilə bağlı hakimiyyət üçün heç də xoş olmayan proqnozlar var. Söhbət ciddi iğtişaşlardan gedir. Azərbaycanda marağı olan xarici qüvvələrin də parapsixoloqların qüvvələrindən yararlandığını nəzərə alaraq, demək olar ki, bu il Azərbaycan uğrunda siyasətçilərlə yanaşı parapsixoloqların döyüşü də başlayır. Mehdi Məmmədli Geri qayıt |