Əsas Səhifə > Dünya > XALQ YALNIZ PREZİDENTİN İSTEFASI İLƏ KİFAYƏTLƏNMİR

XALQ YALNIZ PREZİDENTİN İSTEFASI İLƏ KİFAYƏTLƏNMİR


26-11-2011, 12:34
XALQ YALNIZ PREZİDENTİN İSTEFASI İLƏ KİFAYƏTLƏNMİR

ARTIQ QARŞIDURMA ŞİDDƏTLƏNİR

Hakimiyyətin təhvil verilməsi ilə bağlı əldə olunan razılaşmalara baxmayaraq, Yəmənin paytaxtı Sənada təhlükəsizlik qüvvələri ilə silahı birləşmələr arasında qarşıdurmalar olub. Hərbi Nazirliyin rəsmisi hər iki tərəfdən azı bir nəfərin öldüyünü bildirib. Rəsmilər, eyni zamanda bildiriblər ki, qarşıdurma Əli Abdulla Salehin qardaşı oğlunun rəhbərliyi altında çalışan təhlükəsizlik qüvvələri ilə müxalifət tərəfinə keçən birinci alayın döyüşçüləri arasında olub.

Qeyd edək ki, Sənadakı etirazlar Əli Abdulla Salehin hakimiyyəti təhvil verməsi ilə bağlı sənədin imzalanmasından sonra baş tutub. Lakin etirazçılar bildiriblər ki, Salehin hakimiyyətindən getməsi hələ ki, onların tələblərini tam ödəmir. Çünki hakimiyyətin əsas aparıcı vəzifələri, həmçinin, hərbi nazirlik Salehin qohumları və dostlarının əllərindədir.

Bundan əlavə, Sənada keçirilən nümayişlərdə 5 nəfər nümayişçinin hökumət tərəfdarları tərəfindən öldürüldüyü bildirilir.

"Əl-Cəzirə"nin xüsusi müxbirindən alınan məlumata görə, nümayişlər başlanğıcda sakit məcrada getsə də, sonradan şəhərin müxtəlif yerlərində toqquşmalar baş verib.

Bu arada, Taiz şəhərində də etirazlar olub. Taizdə baş verən iğtişaşlarda isə ölən və ya yaralananların olmadığı bildirilir.

Qeyd edək ki, razılaşmaya görə Saleh növbəti seçki keçirilənədək 90 gün ərzində hakimiyyəti təhvil verməlidir. "Associated Press"in verdiyi məlumata görə, razılaşmanı imzalayan müxalifət tərəfi Məhəmməd Bəsindvanı baş nazir seçib. Onu da qeyd edək ki, Bəsindva indiyə kimi Saleh hökumətində xarici işlər və informasiya naziri kimi vəzifələr tutub.


Geri qayıt