Əsas Səhifə > Partiya > SAATLIDAKI QƏBİRSTANLIQ OLAYINI AXCP-YƏ CALAYIRLAR

SAATLIDAKI QƏBİRSTANLIQ OLAYINI AXCP-YƏ CALAYIRLAR


25-02-2013, 15:32
SAATLIDAKI QƏBİRSTANLIQ OLAYINI AXCP-YƏ CALAYIRLAR
YENİ TAMAŞA BAŞLAYIR?

2013-cü il fevralın 23-dən 24-nə keçən gecə Saatlı rayonunun Musalı kəndinin qəbiristanlığında 60-a yaxın qəbrin başdaşının sındırılması ilə bağlı Saatlı rayon polis şöbəsi tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində iki nəfər şübhəli şəxs qismində saxlanılıb.
Trend-in məlumatına görə, onların Musalı kənd sakinləri, heç yerdə işləməyən 1987-ci il təvəllüdlü Əliyev Nəsimi Arif oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Ədalət Səxavət oğlu olduğu bildirilir.
Əldə edilmiş ilkin məlumata görə, şübhəli şəxs kimi saxlanmış Nəsimi Əliyevin atası Arif Əliyev vaxtilə AXCP-nin Saatlı rayon təşkilatının üzvü olub. Onun daim mənfəət məqsədilə rayonda vəzifəli şəxsləri şantaj etdiyi, süni narazılıq yaratdığı bildirilir. 2010-cu ildə baş vermiş təbii fəlakət zamanı A.Əliyevin əmlakına hər hansı ziyan dəymədiyi halda, onun evinin tikilmədiyi və kompensasiya verilmədiyi haqqında müxtəlif mərkəzi orqanlara şikayət etdiyi və mətbuatda məlumatlar yaydığı məlum olub.
Araşdırma zamanı o da müəyyən edilib ki, törədilmiş hadisə AXCP rəhbərliyi tərəfindən əvvəlcədən planlaşdırılıb və rayon əhalisini ayağa qaldırmaq, süni narazılıq ocağı yaratmaq, insanların heysiyyətinə toxunmaqla onların kütləvi etirazını təşkil etmək və hakimiyyətə qarşı yönəltmək məqsədi güdüb. Planda rayonun dindarlarını və inanclı insanlarını da bu prosesə qoşmaq nəzərdə tutulubmuş.
Dağıntının miqyası bu hadisənin digər iştirakçılarının olduğunu ehtimal etməyə əsas verir. Hazırda faktla bağlı cinayət işi açılıb və istintaq davam etdirilir.
Xatırladaq ki, Musalı kənd qəbiristanlığının işçiləri səhər saatlarında işə gələrkən çoxsaylı qəbrin dağıdıldığını görərək dərhal rayon polis şöbəsinə məlumat vermişdilər. Hadisə yerinə polis əməkdaşları ilə yanaşı, kənd sakinləri də gələrək baş vermiş hadisə ilə bağlı hiddətlərini bildirib və səbəbkarların tapılaraq cəzalandırılmasını tələb ediblər. Onlar bu hadisəni ənənələrimizə, dinimizə qarşı hörmətsizlik, kənd sakinlərinə qarşı təxribat kimi qiymətləndiriblər.

Geri qayıt