Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DÖVLƏT DİLLƏR UNİVERSİTETİNDƏ ARA QARIŞIB
DÖVLƏT DİLLƏR UNİVERSİTETİNDƏ ARA QARIŞIB27-02-2013, 09:04 |
REKTOR DEKANLARI NİYƏ QOVUB? Dövlət Dillər Universitetində ara qarışıb. Belə ki, rektor Səməd Seyidov rəhbəri olduğu ali təhsil ocağında dekan vəzifəsini tutan bütün şəxsləri vəzifəsindən azad edib. Bu barədə "AzeriNews.org"a adıçəkilən təhsil ocağından daxil olan məlumatlarda bildirilir. Məlumata görə, rektorun bu addımına səbəb üzərində cinayət işi olan Dillər Universitetində dekanların qış imtahan sessiyalarında rüşvət alma halları olub. “Vurulma” təhlükəsindən ehtiyat edən Səməd Seyidov dekanları vəzifəsindən azad etməklə özünü sığortalamış olub. Universitetdən xəbəri təsdiqləsələr də əlavə məlumat verməkdən imtina ediblər. Qeyd edək ki, Respublika Baş Prokurorluğu Azərbaycan Dövlət Universitetində dövlət pullarının mənimsənməsi barədə cinayət işi açıb. Buna səbəb isə Hesablama Palatasının 2007-2012-ci illərdə bu universitetdə dövlət büdcəsinin necə xərclənməsini araşdırması və əldə etdiyi materialları Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərməsidir. Prokurorluq yaydığı rəsmi məlumatda bildirir ki, universitetin məsul şəxsləri əlavə dərs saatlarına görə ödənişləri düzgün hesablamayıb, bəzi universitet əməkdaşlarına normadan artıq iş yazıb onlara əməkhaqqı verib, bəzi hallarda isə heç bu universitetin əməkdaşları olmayan şəxslərin adına əmək haqqı kartlarına pul köçürüblər: “Bundan başqa, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.” Prokurorluq qeyd edir ki, bu hallara görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Bu ittihamlar sübut olunsa, günahkar adamlar əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilərlər. Geri qayıt |