Əsas Səhifə > Sosial, Manşet > QƏRBİ AZƏRBAYCAN QRUPLAŞMASI KİMİ DƏSTƏKLƏYƏCƏK?

QƏRBİ AZƏRBAYCAN QRUPLAŞMASI KİMİ DƏSTƏKLƏYƏCƏK?


28-02-2013, 10:49
QƏRBİ AZƏRBAYCAN QRUPLAŞMASI KİMİ DƏSTƏKLƏYƏCƏK?
ETİBAR MƏMMƏDOVUN GERİ ÇƏKİLMƏSİ BU QÜVVƏNİ ÇƏTİN DURUMA SALIB

DİA.AZ: - Son zamanlar Qərbi Azərbaycanlıların da xüsusi fəallıq nümayişinə cəhdləri müşahidə olunmaqdadır. Xatırladaq ki, mərhum prezident Heydər Əliyevdən sonrakı dönəmdə hakimiyyət idarəetmədə regionçuluq faktorundan demək olar ki, tamamilə imtina etdi ki, bunun da nəticəsində ən çox zərər görəni Qərbi Azərbaycan qruplaşması oldu. 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı Əli İnsanovun həbsi isə bu qruplaşmanın idarəetmədən izolə edilməsi yönündə atılan ən şiddətli addım kimi diqqətə gəldi. Beləliklə, bir regional qruplaşma özünün ağsaqqalının timsalında böyük zərbə aldı.

Lakin Qərbi Azərbaycan qruplaşmasından fərqli olaraq Naxçıvan klanı öz mövcudluğunu qoruya bildi. Doğrudur, bu klana aid şəxslər bu gün ayrı-ayrı digər xüsusatda təşkil olunan hakimiyyətiçi qüvvələrdə təmsil olunsalar belə, onlar hakim düşərgədəki ümumi mövqelərini qoruya biliblər. Amma Qərbi Azərbaycanlılar - ölkənin kifayət qədər siyasiləşmiş zümrəsi hesab olunan bu cinah yalnız Misir Mərdanov kimi dişsiz balıqlar hesabına mövcudluğunu şərtləşdirir.

Bununla bağlı DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, əgər son günlərə qədər əslən Qərbi Azərbaycandan olan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun prezident seçkilərinə qatılacağı deyilirdisə, bunun AMİP liderinin öz dili ilə inkar edilməsi müəyyən mənada fərqli atmosfer yaratmış oldu. Çünki belə bir məlumatlar yayılmışdı ki, Etibar Məmmədov seçkilərə məhz Qərbi Azərbaycan qruplaşmasının dəstəklədiyi namizəd kimi qatılacaq. Və hətta Rusiyanın Azərbaycana təzyiq aləti kimi düşündüyü Rusiya Azərbaycan Təşkilatları İttifaqının da AMİP liderinin namizədliyini dəstəkləyəcəyi haqda versiyalar var idi və qeyd olunurdu ki, RATİ ilə isti münasibətlərdə olan Ziyalılar Forumunun fəalları Rüstəm İbrahəimbəyov və Eldar Namazov Etibar Məmmədov üçün belə bir dəstəyi təşkil edə bilər.

Amma Etibar Məmmədov seçkilərə qatılmayacağını bildirdi. Yəni bununla bütün versiyalar alt-üst oldu. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, əslində Qərbi Azərbaycanlılar həqiqətən də Etibar Məmmədovun timsalında seçkilərə qatılmağı planlaşdırıbmışlar və hətta bu barədə onun özü ilə də qabaqcadan danışılıbmış:

«Təbii ki, AMİP tərəfindən «Seçkilərdə Etibar Məmmədov namizəd olacaq» şəklində açıqlamanın verilməsi də təsadüfi deyildi. Diqqət yetirin, partiyasının bu bəyanatını Etibar Məmmədov təxminən 1 ay sonra təkzib etdi».

Mənbəmiz bu gecikmiş təkzibi əslində Etibar Məmmədovun ona edilən təkliflə razılaşmaması ilə əlaqələndirir: «Etibar Məmmədov eyni zamanda İctimai Palatada birləşən Müsavat və AXCP-nin də dəstəyinin ona verilməsini tələb edib və bir növ vahid namizəd olmaq istəyib. Şərti o olub ki, yalnız bu halda seçkilərə qatıla bilər - o, müxalifətin vahid namizədi olsun. Lakin bu dətəyin təşkil olunması mümkün olmayıb. Çünki Əli Kərimli və İsa Qəmbər razılıq verməyiblər».

Mənbəmiz bildirir ki, amma buna rəğmən qarşıdan gələn prezident seçkilərində maraqlarının müdafiəsində israrlı olan Qərbi Azərbaycan qruplaşması seçki dönəmində fəallıq edəcək: «Ola bilsin ki, onlar müxalifətdən kimisə dəstəkləsinlər. Hələlik yekun qərarları verilməyib. Amma passiv qalmayacaqları şübhəsizdir».

Onu da xatırladaq ki, Qərbi Azərbaycan qruplaşmasının həbsdə olan liderlərindən biri - keçmiş səhiyyə naziri Əli İnsanov 2007-ci ildə müxalifətə keçdiyini elan etməklə yanaşı, həmçinin Müsavat Partiyasına yaxın mövqedə dayandığını da hiss etdirmişdi. Hətta onun Müsavata üzvlük üçün ərizə yazdığı da söylənilirdi.

Geri qayıt