Əsas Səhifə > Güney Press, Üçüncü sektor > REKET JURNALİSTLƏR MEYDAN SULAYACAQ...
REKET JURNALİSTLƏR MEYDAN SULAYACAQ...1-03-2013, 10:32 |
DEPUTAT PREZİDENTİN FƏRMANINA QARŞIDIR? “Bu gün Azərbaycanda mətbuat o səviyyəyə çatmayıb ki, orada yerləşdirilən materiallara görə, tibb müəssisələrində araşdırılma aparılsın”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Atayev söyləyib. Xatırladaq ki, Prezident İlham Əliyev tibb mərkəzlərinin fəaliyyətində şəffaflığın təmin olunması və ictimai nəzarətin artırılması məqsədilə fərman imzalayıb. Fərman tibb müəssisələrinin fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərin, mətbuatda gedən yazıların əsasında dərhal araşdırmaların aparılmasını özündə ehtiva edir. Millət vəkili Hikmət Atayevin sözlərinə görə, bu gün Azərbaycanda kifayət qədər reket nəşrlər var və onların hücumuna məruz qalan əsas obyektlər də məhz tibb müəssisələridir: “Bildiyiniz kimi, mən deputat olmaqla bərabər həm də Zaqatala Mərkəzi Xəstəxanasında cərrah kimi çalışıram. Dəfələrlə müşahidə etdiyim və hətta bəziləri ilə mübahisə etdiyim çoxsaylı qəzetlərdən bizim xəstəxanaya reket jurnalistlər “təşrif buyururlar”. Onların xəstəxanada çalışan həkimləri təhdid etməsi, onları təxribatlara sürükləməsi təəssüf ki, günümüzün adi normasına çevrilib. Demək olar ki, tibb müəssisələri reket mətbuatın əsas hədəfidir. Belə olduğu təqdirdə hər hansı mətbuat orqanında gedən yazıya görə, tibb müəssisələrində araşdırmaların aparılması reket jurnalistlərin qarşısında “yaşıl işıq” yandıracaq. Təbii ki, onlar bundan ustalıqla istifadə edərək, tibb müəssisələrini “ifşa etməyə” çalışacaqlar. Bu mənada belə bir qərarın verilməsinə ehtiyac yox idi”. Özəl tibb mərkəzlərində dövlət xəstəxanaları ilə müqayisədə daha peşəkar xidmət göstərilməsi ilə bağlı iddialara toxunan millət vəkili bununla razılaşmadığını bildirdi: “Kiçik bir müqayisə aparsaq görərik ki, bu gün özəl xəstəxanalarda işləyən həkimlərin böyük əksəriyyəti həm də paralel olaraq dövlət xəstəxanalarında çalışırlar. Əlbəttə, özəl tibb müəssisələrində onlara daha çox məvacib verildiyinə görə, ola bilər ki, daha məsuliyyətli olurlar. Düşünürəm ki, həkimlərin məvacibləri heç olmasa özəl tibb müəssisələrində verilən məvacibə yaxınlaşarsa, bu halda səhiyyə ocaqlarında tibbi xidmətlər da yüksələcək”. Geri qayıt |