Əsas Səhifə > Dünya > MOSKVADA SLAVYAN "RAZBORKA"SI

MOSKVADA SLAVYAN "RAZBORKA"SI


4-03-2013, 11:12
MOSKVADA SLAVYAN "RAZBORKA"SI
BU GÜN PUTİNLƏ YANUKOVİÇ GÖRÜŞƏCƏK

Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin bu gün ölkəsində işgüzar səfərdə olan ukraynalı həmkarı Viktor Yanukoviçlə görüşəcək.

Bu barədə SalamNews-un bölgə müxbirinə Rusiya prezidentinin mətbuat xidməti və informasiya idarəsindən məlumat verilib.

Bildirilib ki, sözügedən siyasi dialoq səmərəliliyi və dolğunluğu ilə seçiləcək.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, danışıqlar zamanı iqtisadi əməkdaşlıqda davamlı inkişaf dinamikasının təminatı ilə bağlı məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Rusiya Ukraynanın (2012-ci ildə Ukraynanın mal dövriyyəsinin ümumi həcminin 30%-i) əsas ticarət tərəfdaşıdır. Ukrayna da, öz növbəsində, Rusiyanın MDB (Rusiyanın xarici ticarət dövriyyəsinin 5%-i) məkanındakı ticarət tərəfdaşları arasında birinci yerdədir. 2012-ci ildə ölkələr arasındakı mal dövriyyəsinin həcmi 45 mlrd. dollar təşkil edib (2011-ci ildə bu 50.6 mlrd. dollar olub).

Rusiyanın 2012-ci ildə Ukraynaya əsas ixracat malları arasında əsas yeri mineral məhsullar, kimya sənayesi məhsulları, maşınlar, avadanlıqlar və nəqliyyat vasitələri, metal və metal məmulatları tutur. Rusiyanın Ukraynaya ixracatının 94%-ni təşkil edən bu məhsulların ümumi dəyəri 27 mlrd. dollar olub. Rusiyanın 2012-ci ildə Ukraynadan idxalatının 91%-nin ümumi dəyəri 18 mlrd. dollar olub. Bu məhsullar avadanlıq və nəqliyyat vasitələri, metal və metal məmulatları, ərzaq və kənd təsərrüfatı xammalı, kimya sənayesi məhsulları və mineral məhsullardır.

Rusiyanın Ukrayna iqtisadiyyatına yatırdığı sərmayənin həcmində müsbət dinamika müşahidə olunur. Belə ki, 2011-ci ildə sərmayənin həcmi 869 mln. dollar idisə, 2012-ci ildə bu məbləğ 1 mlrd. dollardan çox olub. Bununla yanaşı, Ukraynanın Rusiya iqtisadiyyatına yatırdığı sərmayənin həcmi də artır. Belə ki, 2011-ci ildə 215 mln. dollar yatırılmışdısa, 2012-ci ilin yanvar-sentyabr ayları ərzində bu məbləğ 427 mln. dollar olub.

Qaz sahəsindəki əməkdaşlığın bəzi aspektləri ilə bağlı fikir ayrılıqları barədə tərəflər bu istiqamətdə danışıqları davam etdirirlər.

Rusiya Ukrayna Atom Elektrik Stansiyalarının (AES) aparıcı nüvə yanacağı təchizatçısı olaraq qalır. Xmelnitski AES-in 3 və 4 saylı enerji bloklarının birgə inşası ilə bağlı məsələlər araşdırılır. Əsas diqqət Ukraynanın Kirovoqradsk əyalətində Rusiya texnologiyası ilə nüvə yanacağı istehsalı ilə bağlı strateji infrastruktur layihəsinin reallaşdırılmasına verilir.

Prezidentlər Ukraynanın Avrasiya məkanındakı inteqrasiya proseslərinə - Rusiya, Belarusiya və Qazaxıstanın Gömrük İttifaqına, eləcə də Vahid İqtisadi Məkana (VİM) qoşulmasının mümkünlüyü ilə bağlı dialoqu davam etdirəcəklər. Rusiya və Ukrayna prezidentləri ənənəvi olaraq mədəni-humanitar əlaqələrin inkişafı məsələlərinə də ciddi diqqət yetirəcəklər.

Geri qayıt