Əsas Səhifə > Güney Press, Araşdırma > KEÇMİŞ DEPUTATLA RAMİZ MEHDİYEVİN DAVASI

KEÇMİŞ DEPUTATLA RAMİZ MEHDİYEVİN DAVASI


4-03-2013, 11:17
KEÇMİŞ DEPUTATLA RAMİZ MEHDİYEVİN DAVASI
NAZİM MƏMMƏDOV PA ŞEFİNİ NƏDƏN HƏDƏFƏ ALIB?

"Baku Steel"in iddiasına gəlincə, bu şirkət keçən ildən başlayaraq "qoçu dəstələri" vasitəsi ilə 20-dən çox müəssisənin fəaliyyətini iflic edib, liberal bazar dəyərləri olan ölkələrdə belə bir hadisə baş versəydi, nəinki o şirkətin məhsulları boykot olunardı, onların nümayəndələri ictimaiyyət arasına çıxmağa belə cürət etməzdi. Amma tam bunun əksi olaraq Rasim Məmmədov demək olar ki, hər gün Prezident Administrasiyasında olur və hətta prezidentin son müşavirəsinə dəvət olunanlar siyahısına düşür. Görünən odur ki, onun "reketçiliyi" stimullaşdırılır". Bu sözləri iqtisadçı alim, sabiq deputat Nazim Məmmədov "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin məhkəməyə verilməsinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, bir müddət əvvəl ölkə mediasında Ramiz Mehdiyevin Metallurgiya Nazirliyi yaratmaq barədə xəbərlər dolaşmaqda idi. Məlumatlarda bildirilirdi ki, Ramiz Mehdiyev Azərbaycanda metal biznesini inhisara alıb. Ölkədəki iri metal müəssisələri, o cümlədən “Baku Steel Company” PA rəhbərinin nəzarətindədir. Hətta məlumatlarda o da vurğulanırdı ki, Ramiz Mehdiyev yaratmaq istədiyi həmin nazirliyə kürəkəni, deputat İlham Əliyevi rəhbər təyin etməyi planlaşdırıb.
Sabiq deputatın isə birdən birə "metal basqıları"nın arxasında dayananlara qarşı cəbhə açması maraq doğurur. Bu barədə "AzeriNews.org"u bilgiləndirən mənbə qeyd edir ki, dolayısı ilə Nazim Məmmədov Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin bostanına daş atıb və PA rəhbərini "metal mafiyası"nın başında durmasına işarə vurub. Sabiq deputatın fikirlərindən belə anlaşılır ki, Ramiz Mehdiyev cinayətkarları himayə edir. Bundan əlavə Nazim Məmmədov PA rəhbərinə qarşı dolayı formada hədə-qorxularını da gizlətməyib. "Biz həmişə olduğu kimi, indi də korrupsioner məmurun, dələduz sahibkarın üstünə gedəcəyik. Gec-tez Rasim Məmmədovu himayə edənlər vəzifələrindən çıxarılacaq. Ondan sonra görək o qaçıb harda gizlənəcək".
Nazim Məmmədovun Ramiz Mehdiyevin ünvanına dolayısı ittihamların arxasında digər səbəblər də durur. Belə səbəblərdən biri isə onun son parlement seçkiləri zamanı mandat almaması ilə bağlıdır. Bu barədə "AzeriNews.org"a daxil olan məlumatlarda bildirilir ki, 2010-cu ildə 104 saylı Gədəbəy - Tovuz seçki dairəsindən namizədliyini irəli sürmüş Nazim Məmmədov o zaman, xüsusilə Gədəbyədə abadlıq işləri aparıb. Bu isə sabiq deputata külli miqdarda vəsaitə başa gəlib. Amma buna baxmayaraq Nazim Məmmədov mandatdan məhrum edilib. Bunun günahını isə sabiq deputat PA rəhbərində görür. Elə bu səbəbdən də son günlər Ramiz Mehdiyevin hədəfə alındığı dönəmdə sabiq deputat bundan istifadə edib PA rəhbərinə qarşı hərəkətə keçib. Lakin Nazim Məmmədov bunu çox ehtiyyatla edir və dolayısı ilə Ramiz Mehdiyevi "vurur". Çünki sabiq deputat cəzalanacağından qorxur.
Qeyd edək ki, Nazim Məmmədova məxsus "Loğmed" klinikasının direktoru Əlibala Abduləzim oğlu Sadıqov bir müddət əvvəl külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə, şübhəli şəxs qismində saxlanılmışdı.

Geri qayıt