Əsas Səhifə > Dünya > “NABUCCO” ÖLƏCƏK”
“NABUCCO” ÖLƏCƏK”28-11-2011, 14:16 |
“AZƏRBAYCAN AVROPA BAZARINA ALTERNATİV VARİANTLARI NƏZƏRDƏN KEÇİRMƏLİDİR” Vaşinqtonda yerləşən Qlobal Təhlükəsizlik Araşdırmaları İnstitutunun icraçı direktoru Qal Laft (Gal Luft) Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xəzər enerjisinin gələcəyi mövzusunda Bakıda təşkil etdiyi konfransda iştirak edib. Konfrans, Xəzərin enerji siyasəti, eləcə də yeni imzalanmış “Trans Anadolu” kəmərinin gələcəyi ilə bağlı fikirlərini bölüşən Q. Laft açıqlamasında Azərbaycan və Türkiyə arasında imzalanmış İzmir razılaşmasının Azərbaycan qazının Avropa bazarına çatdırılmasında irəliləyiş üçün zəmin yaratdığını, bununla belə, Cənub Dəhlizinin hər hansı variantının həyata keçirilməsində xeyli maneə və həll olunmamış məsələnin qaldığını deyib. “Avropada, xüsusilə də Cənubi Avropada iqtisadi qeyri-müəyyənlik və Avropa ictimaiyyətinin kövrək təbiəti investisiya qoymağa mane olur və inkişafı zəiflədir. Mən güman edirəm ki, Cənub-şərqi Avropa kəməri - SEEP və TAP kimi kiçik, tədricən inkişaf edən layihələr daha da güclənəcək, “Nabucco” kimi böyük ambisiyalı layihələr isə qaranlığa qərq olaraq, yavaş-yavaş öləcək”, - deyə Q. Laft bildirib. “Xəzərin həll olunmamış hüquqi statusu regional enerji əməkdaşlığına təsir edirmi, əgər edirsə, Azərbaycan və digər ölkələr nə etməlidir” sualına cavab verən analitik bildirib ki, o üfüqdə nə məsələnin həllini, nə də Trans-Xəzər kəmərini görür: “Hazırda ümumi hesab lövhəsi göstərir ki, Rusiya öz bildiyi kimi hərəkət edir, Azərbaycan isə Avropanın qətiyyətsizliyi üzündən çətin vəziyyətdə qalıb. Azərbaycan qazı ilə bağlı yaranmış çıxılmaz vəziyyət narahatlıq doğurur. Mən hesab edirəm ki, Cənub Qaz Dəhlizi variantlarını davam etdirməklə yanaşı, Azərbaycan B planını həyata keçirməli, Avropa bazarına alternativləri, o cümlədən Asiya bazarı, eyni zamanda daxili kimya sənayesi üçün qazın xammal kimi istifadəsi variantına baxmalıdır. Azərbaycan Avropaya başqa variantların nəzərdən keçirildiyini və Avropanın Azərbaycanı lazımınca qiymətləndirə bilmədiyini göstərsə, avropalı səhmdarlar hərəkətə gələrlər”. Q. Laft həmçinin hesab edir ki, təbii qaz alternativ yanacaq kimi istifadə olunaraq benzini əvəz edə bilər: “Bu isə ixrac üçün nəzərdə tutulan neftin həcmini artıracaq. Geri qayıt |