Əsas Səhifə > Sosial, Manşet > CƏLİLABAD ƏRAZİSİNDƏ FÖVQƏLADƏ ŞƏRAİT
CƏLİLABAD ƏRAZİSİNDƏ FÖVQƏLADƏ ŞƏRAİT5-03-2013, 09:14 |
KÖRPÜNÜN UÇMASI NƏTİCƏSİNDƏ GECƏ SAATLARINDAN TIXAC YARANIB DİA.AZ: - Cəlilabad rayonunda dünən gecədən etibarən fövqəladə şərait yaranıb. Bu barədə rayondan DİA.AZ-a verilən məlumatlardan aydın olur ki, Cəlilabad ərazisindən keçən Mişarçayın üzərindəki körpünün uçması rayonla olan yeganə yol əlaqəsinin kəsilməsilə nəticələnib. Bildirək ki, cənub rayonlarının da istifadə etdiyi bu magistral yolun bağlanması nəticəsindən dünən gecə saat 3 radələrindən etibarən böyük tıxac yaranıb. Rayondan DİA.AZ-a verilən xəbərdə deyilir: «Cəlilabad rayonu ərazisindəki «İran bazarı» adlanan yerdən Prişib postuna qədər böyük tıxac yaranıb ki, bu da tıxacda qalan sürücülərin narazılığına səbəb olub». Məlumatda o da bildirilir ki, dünən gecə saatlarından etibarən Mişarçayın məcrasının dəyişdirilməsi hesabına maşınların çay yeri ilə hərəkətinin təmininə çalışılsa da, bu da gərəkən effekti verməyib: «Çünki çay yerinə nə qədər qum töksələr də, hər 10 maşının keçidindən sonra həmin hissə yenidən çökür». Redaksiyamızla əlaqə saxlayan bir başqa Cəlilabad sakini isə bildirdi ki, o da tıxacda qalıb: «Artıq sürücülərin əsəbləri tarıma çəkilib. Belə tədbirsizlik olmaz axı. Neçə müddət idi ki, onlar körpünün uçma ehtimalından xəbərdar idilər. İndi guya ki, tədbir görürlər. Tıxacın uzunluğu 10 kilometrdən də artıqdır. Bu qədər insanın əsəbləri ilə oynamaq nəyə lazım idi? Hara baxır bu hökumət?». Ərazidə baş verənlərlə bağlı sizləri davamlı olaraq məlumatlandıracağıq. Bizi izləməkdə davam edin… Geri qayıt |