Əsas Səhifə > Sosial, Manşet > KEÇMİŞ NAZİR KEÇMİŞ KOMANDANI NECƏ İFŞA ETDİ?

KEÇMİŞ NAZİR KEÇMİŞ KOMANDANI NECƏ İFŞA ETDİ?


5-03-2013, 12:06
KEÇMİŞ NAZİR KEÇMİŞ KOMANDANI NECƏ İFŞA ETDİ?
«İRAN QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YOX, ERMƏNİLƏRƏ YARDIM EDİB»

DİA.AZ: - “Şəxsən göstəriş vermişdim ki, Qarabağ didərginlərinin vəziyyəti dərhal araşdırılsın və Azərbaycan Respublikası ordusunun ixtiyarına hərbi təchizatlar və hərbi sursat verilsin”. Xatırladaq ki, bu sözləri İran İslam Respublikası Quruluşunun Məsləhətçi Şurasının katibi, Ermənistan-Azərbaycan müharibəsi dönəmində SEPAH-ın komandanı olan Möhsün Rzayi “Səhər” kanalına müsahibəsində demişdi. Onun sözlərinə görə, İran Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası ordusunu təchiz etməklə yanaşı, Azərbaycanın partizan qüvvələrinə də hərbi təlimlər keçib.

“Şəxsən göstəriş vermişdim ki, Qarabağ didərginlərinin vəziyyəti dərhal araşdırılsın və Azərbaycan Respublikası ordusunun ixtiyarına hərbi təchizatlar və hərbi sursat verilsin. Hətta, Azərbaycan Silahlı Qüvvələrinə hərbi təlimlərin keçirilməsi haqda da göstəriş vermişdim”.

SEPAH-ın keçmiş komandanı Qarabağ müharibəsində çoxlu sayda iranlının da şəhid olduğunu və onların məzarlarının Bakıda yerləşdiyini bildirib.

İran İslam Respublikası Quruluşunun Məsləhətçi Şurasının katibi deyib: “Biz həmişə çətin günlərində azərbaycanlıların yanında olmuşuq və bu gün də onların yanındayıq. Biz Qarabağın Azərbaycana qaytarılmasında da onlara kömək etməyə hazırıq”.

Onu da bildirək ki, Möhsün Rzayinin bu açıqlamaları nə İranda və nə də ki Azərbaycanda birmənalı qarşılanmayıb. Ekspertlər də hesab edir ki, prezident seçkilərində Cənubi Azərbaycan türklərinin səslərini qazanmağa çalışan Rzayi bu kəlmələri məqsədli şəkildə işlədib. Yəni sırf seçkilərə hesablanmış oyundur.

Elə məsələ ilə bağlı DİA.AZ-a danışan Azərbaycanın keçmiş Daxili İşlər Naziri İsgəndər Həmidov da SEPAH-ın keçmiş komandanının yalan danışdığını bildirdi: «Rzayi İranın Azərbaycana yardım etdiyini iddia edir və bu iddiasında gözünün içinə qədər yalan danışır. Bəlkə həmin dönəmdə SEPAH-a rəhbərlik etmiş bu adam etiraf edə ki, Azərbaycana qarşı vuruşlarda iştirak edən ermənilərə necə təlim keçiblər, necə yardımlar ediblər? İran müharibənin ilk günündən Ermənistana dəstək verib. Çünki onlar yaxşı bilirdilər ki, Qarabağ müharibəsindən sonra Azərbaycan özünün fars əsarətində olan torpaqlarının azadlığı üçün savaşacaq. Bu qaçılmaz bir savaşdır və Azərbaycanın paytaxtı Təbriz olmalıdır. Bunu Rzayi kimiləri istəsələr, istəməsələr də, bu belə olacaq».
KEÇMİŞ NAZİR KEÇMİŞ KOMANDANI NECƏ İFŞA ETDİ?

Daha sonra əlavə məlumatlar açıqlayan keçmiş nazir bildirdi ki, o zamankı AXC iqtidarının nümayəndələrinin tərkibində o da Tehranda İran prezidenti Rəfsəncani ilə görüşdə olub: «Həmin görüş zamanı biz İrandan hərbi yardım istədik. Bizə rəsmən rədd cavabı verdilər və bildirdilər ki, ancaq ərzaq - pomidor, kartof yardımı edə bilərlər. Biz də imtina etdik. Amma Rəfsəncani ilə söhbət zamanı onun əlindən zorla tutub yanındakı masaya qoyulan Quranın üstünə basdım və ona dedim ki, səni and verirəm Qurana bizə silah almaqda yardım et. Bu zaman hətta Rəfsəncaninin mühafizəçiləri də yaxınlaşmaq istədi və o, əli ilə onlara işarə etdikdən sonra, mühafizəçilər geri çəkildi.

Yalnız bundan sonra İran bizə hərbi sursat - o da «Qrad» raketlərini satmağa razılıq verdi. Biz də həmin «snaryad»ların müqabilində İrana 1 milyon dollar ödədik. Yəni onlardan heç bir yardım gəlməyib və ancaq pulumuzla almışıq. SEPAH-ın isə ümumiyyətlə Azərbaycana heç bir dəstəyi olmayıb».

Daha sonra Azərbaycanda döyüşən əfqanlarla bağlı açıqlama verən keçmiş nazir əlavə etdi ki, hətta həmin döyüşçülər belə İran ərazisindən keçərək Azərbaycana daxil olmayıblar: «Bu barədə də İran mətbuatında deyilənlər yalandır. Biz onları Qəndəhardan təyyarə ilə gətirmişik və İran ərazisini görməyiblər. İndi kimlərsə İranda seçkilərdə Azərbaycan türklərinin səsini qazanmaq istəyirsə, bunun üçün yalan danışırsa, özü bilsin. Amma məni ağrıdan odur ki, hər dəfə sapı özümüzdən olan baltalar bu şəkildə Azərbaycan dövlətini aşağılamağa çalışırlar. Amma onlar bilməlidirlər ki, artıq vaxt irəliləməkdədir və Azərbaycanın hər iki tayı bir dövlət altınlda birləşəcək. Böyük Azərbaycan dövlətinin paytaxtı isə Təbrizimiz olacaq».

Geri qayıt