Əsas Səhifə > Güney Press, Araşdırma > TƏHSİL EKSPERTİ DİREKTORU YIXIB SÜRÜDÜ
TƏHSİL EKSPERTİ DİREKTORU YIXIB SÜRÜDÜ6-03-2013, 08:53 |
Əlövsət Ösmanlı: “Yaşı 75-i haqlamış Abdulla Mehrabov “tənqid” və “təhlil” anlayışlarını “şou” ilə qarışdırır” DİA.AZ: - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil məktəbləri dərsliklərinin monitorinqini davam etdirir. Xəbər verildiyi kimi, artıq 1, 3, 4-cü siniflər üçün bu iş başa çatdırılıb. Qurumun ekspert şurasının gəldiyi yekdil qərara əsasən bu siniflərdə istifadə olunan 8 dərsliyin – “Azərbaycan dili-1”, “Riyaziyyat-1”, “Azərbaycan dili-3”, “Riyaziyyat-3”, “Həyat bilgisi-3”, “Azərbaycan dili-4”, “Riyaziyyat-4”, “Həyat bilgisi-4” dərsliklərinin istifadəsi məqsədəuyğun deyil və onlar yenidən hazırlanmalıdır. Bu sərt qərar qarşı tərəfi – Təhsil Nazirliyini hərəkətə gətirib. Belə ki, nazirdən tutmuş aşağılaradək sistemdə çalışan bir çox məmurlar monitorinqlərin nəticələrini qəbul etmədiklərini bildiriblər. Hətta onların bəziləri TQDK-da dərsliklərlə bağlı keçirilən seminarların üzərinə müxtəlif yarlıqlar yapışdırmağa da başlayıblar. Uzun sürən susqunluqdan sonra, nəhayət ki, üç gün öncə nazirliyin Təhsil Problemləri İnstitutunun direktoru professor Abdulla Mehrabov da dillənib. Onun məsələyə münasibəti çox qısa olub: “Dərslikləri keçməyən adamlar şou yaradırlar”. (AzNews.az). Professorun bu fikrinə təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı münasibət bildirib. Onu oxucuların diqqətinə çatdırırıq. “Bu, Təhsil Nazirliyi sistemində çalışan bəzi məmurların oxuduğu köhnə bayatıdır. Aşığın sözü qurtaranda “neynim-neynim” deyən kimi, bu adamların da daha deməyə sözü yoxdur, ona görə də onlar “şou” sözündən yapışıblar. Xeyli əvvəl bu sözü nazirliyin şöbə müdiri Faiq Şahbazlı işlətmişdi. Dərslik xəşilinin çömçəsi əlində olan Şahbazlını başa düşmək olar. Necə deyərlər, artıq onun ələyi ələnib, xəlbiri göydə fırlanır, isterikadan ağzına gələni danışır, tənqidçilərin hərəsinin üzərinə bir çamur atır. Bəs Abdulla Mehrabova nə düşüb ki, o, belə sözlər deyir? Bu adam Təhsil Problemləri İnstitutunun direktorudur. Özü də, maşallah, böyük ad və titulların sahibidir. Heç olmazsa, fikir söyləyəndə o, bunları nəzərə almalı, alim kimi danışmalı idi. Görünür, yaşı 75-i haqlamış Abdulla Mehrabov artıq “tənqid” və “təhlil” anlayışlarını “şou” ilə qarışdırır. Bir nəfər “dərslik” adı ilə balalarımıza sırınmış yaramaz kitabların içərisindəki elmi-pedaqoji səhvləri açıb-tökürsə, onun kimliyinin nə mənası var?! Yaxud onun sözlərinin rəngi qara, başqalarınınkı ağdır?! Görəsən, bu sözlərə çeşid vurmaqda sayın professorun məqsədi nədir?! Hesab edirəm ki, Abdulla Mehrabovun dediyi fikir normal məntiqə sığmır və cəfəngiyatdan başqa bir şey deyil. Yaxşi yadımdadır, 2008-ci ilin sonlarında o, rəhbərlik etdiyi institutda biabırçı “Riyazıyyat-1” dərsliyi ilə bağlı bir tədbir keçirirdi. Tərifin biri bir qəpiyə çıxmışdı, duran da, oturan da bu “dərsliyin” görənəkliyindən danışırdı. Abdulla Mehrabov o anları nəzərində canlandıra bilsə, görər ki, “şou” dediyi onun təşkil etdiyi həmin tədbir idi ki, bu gün də Azərbaycan məktəbi onun altını çəkir. Əgər o zamanlar Mehrabov vətəndaş və alimlik mövqeyini ortaya qoysaydı, hər şeyi öz adı ilə desəydi, bu gün dərsliklərimiz urvatsız günə düşməzdi. Biabırçılğın dərəcəsinə baxın nazirliyin orqanı olan “Azərbaycan müəllimi” qəzeti həmin şouya, nə az, nə çox, düz 3 böyük səhifə ayırmışdı... Abdulla Mehrabova bir xatırlatma vermək istərdim. Təxminən 25 il öncə SSRİ EA-nın Sibir bölməsində belə hadisə baş vermişdi. Novosibirskdəki elmi mərkəzlərdən birində böyük ixtisarların aparılması məsələsi ortaya çıxanda mərkəzin direktoru olan bir akademik öz iş otağında buna etiraz əlaməti olaraq intihar etmişdi. O, intihardan əvvəl kağız parçasına bu sözləri yazmışdı: “Elmə qarşı xəyanətə dözə bilmədim, ona görə də intihar etmək məcburiyyətində qaldım”. Təbii ki, Abdulla Mehrabova bunu arzu edə bilmərəm. Amma bunu da qəbul edə bilmərəm ki, ölkənin aparıcı elm və təhsil mərkəzinin direktoru Abdulla Mehrabov təhsilimizdə, xüsusən də onun məzmununda gedən dağılma prosesinə seyrçi münasibət bəsləsin, yaxud da “dərslikləri keçməyən adamlar şou yaradırlar” – deməklə, dərsliklərdə olan biabırçılıqları ört-basdır etməyə çalışsın. Halbuki Novosibirskdəki hadisə bizim təhsilimizdə baş verənlərin yanında toya-bayrama gedəsidir”. Geri qayıt |