Əsas Səhifə > Partiya > FAZİL MUSTAFA MÜXALİFƏTƏ MEYDAN OXUDU

FAZİL MUSTAFA MÜXALİFƏTƏ MEYDAN OXUDU


6-03-2013, 12:21
FAZİL MUSTAFA MÜXALİFƏTƏ MEYDAN OXUDU
"BQP MÜSAVAT VƏ AXCP-DƏN QAT-QAT GÜCLÜDÜR"

“Müsavat Partiyası əvvəlki illərlə müqayisədə xeyli zəifləmiş duruma düşsə də, müəyyən mənada öz strukturlarını qoruya bilib. AXCP isə Əbülfəz Elçibəyin vəfatından sonra süquta uğrayıb. Hazırda bu partiyanın mövcudluğu yalnız ABŞ-ın Azərbaycandakı səfirliyi ilə görüşləri zamanı hiss olunur. Başqa sözlə desək, AXCP ABŞ səfirliyinin sayəsində mövcudluğunu qoruya bilib”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa söyləyib.
Xatırladaq ki, son günlər sosial şəbəkələrdə dövlət büdcəsindən maliyyələşən partiyaların bunu haqq etmədiyi, onların parlamentə seçki yolu ilə deyil, təyinatla üzv olduqları haqqında iddialar səsləndirilir. Bu sırada adı çəkilənlərdən biri də Böyük Quruluş Partiyasıdır (BQP).
Editor.az-a açıqlamasında BQP sədri, millət vəkili Fazil Mustafa səslənən ittihamların əsassız olduğunu bildirdi: “Bu cür fikirlər Müsavat və AXCP funksionerləri tərəfindən məqsədli şəkildə tirajlanır. Onlar hesab edirsə ki, biz hakimiyyətdən təyinat almışıq, biz də hesab edirik ki, onlar da ABŞ səfirliyindən təyinat alırlar. Məhz ABŞ-ın ölkəmizdəki səfirliyinin səyi ilə onlar müxalifəti inhisara almağa çalışırılar. Bu gün Böyük Quruluş Partiyasının fəaliyyəti hər iki partiyanın fəaliyyətindən qat-qat güclüdür. Biz istər ictimai rəyə təsir, istər qanunvericilik təşəbbüslərinin irəli sürülməsi, istər sosial şəbəkələrdə fəal iştirak, istərsə də sosial elektorat baxımından onlardan xeyli öndəyik. Müsavat Partiyası müəyyən mənada öz elektoratını qorusa da, AXCP adlı partiya yalnız sözdə var. Bu mənada partiyamızın dövlət büdcəsindən maliyyələşməsi bizim haqqımızdır. Müsavat və AXCP funksionerlərinə tövsiyyə edərdim ki, onlar bu cür ara söhbətləri eləməkdənsə, parlament seçkilərinə hazırlaşaraq, partiyalarının maliyyələşməsinə nail olsunlar”.

Geri qayıt