Əsas Səhifə > Şou-biznes > "HƏLƏ HEÇ NƏ ETMƏMİŞƏM"
"HƏLƏ HEÇ NƏ ETMƏMİŞƏM"7-03-2013, 09:19 |
"PSİXOLOJİ OBRAZ OYNAMAQ İSTƏYİRƏM" Gənc Tamaşaçılar Teatrının aktyoru Sərvər Əliyevin Milli.Az-a müsahibəsi. - Sərvər müəllim, istərdim incəsənətə, Gənclər Teatrına gəlişinizdən söhbətə başlayaq... - Əslinə qalsa, elə Hüseynağa müəllimdən danışmaqla söhbətə başlamaq istəyirəm. Mənim ustadım o zamankı, Gənclər Teatrının yaradıcısı, əməkdar incəsənət xadimi, istedadlı rejissor, gözəl insan Hüseynağa Atakişiyev olub. Bu insan hər zaman mənim yaddaşımdadır. İncəsənət universitetində oxuyarkən müəllimim, tanınmış rejissor Nəsir Sadıqzadə idi. O, bizə Azərbaycan teatrı uğrunda çalışan, canfəşanlıq göstərən insanlardan danışardı. Ən çox da Hüseynağa müəllimdən... Hüseynağa Atakişiyev o zaman Şəki Teatrında işləyirdi, artıq onun uğurları SSRİ məkanından da kənara çıxmışdı. Nəsir müəllim mənə çox deyirdi ki, universiteti bitirəndən sonra onun yanında gedib işləyərsən. Mən universiteti bitirəndə artıq Hüseynağa müəllim Akademik Milli Dram Teatrında baş rejissor vəzifəsində işləyirdi. Onun üçün mən özəl teatr olan meydanlarda işləməli oldum. Bildiyiniz kimi o vaxt erməni təcavüzkarlarının vətənimizə istilası başladı və mən də bu hadisələrə laqeyd qala bilməzdim. Müharibə başladı və döyüşlərə getməli oldum. Düz 1992-ci ilə kimi heç bir peşəkar teatrda çalışmadım. Aktyor dostum Eldar İmanov məni Hüseynağa müəllimlə tanış etdi. Hüseynağa müəllimlə görüşəndə o, mənə bir neçə suallar verdi. Məni sorğu-suala tutdu, neçə əsər tamaşaya qoyduğumu, aktyor kimi hansı tamaşalarda çıxış etdiyimi, hamısını ona danışdım. Bizim söhbətimiz təxminən oktyabr ayına təsadüf etmişdi. O, mənə noyabr ayından gəlib teatrda işləyə biləcəyimi söylədi. Mənim üçün bu, çox təəcüblü oldu, çünki Hüseynağa müəllim Gənclər Teatrına heç kimi imtahansız işə qəbul etmirdi. Çox qısa bir müddətdə biz onunla münasibət yaratdıq. Artıq 4 ay sonra Əkrəm Əylislinin “Şeytan tələsi” əsərində rejissor obrazını mənə həvalə etdi. Sonra “Hamlet”, “Tədbirə qarşı tədbir”, “Yay gecəsində yuxu”, “Ölülər”, “Onun iki qabırğası”, “Kişi və qadın”, ümümiyyətlə, 50-yə yaxın tamaşasında rol aldım. Mən həyatımda onun kimi zamanı qabaqlayan ikinci rejissor görməmişəm. O, teatrın ölçülərindən, kulisindən tutmuş, səhnəsinə qədər hər şeyi bilən adam idi. Bütün hər şey onda cəmlənmişdi, bununla yanaşı, Allah ona gözəl insanlıq da vermişdi. Bu iki xüsusiyyət hər insana qismət olmur. Allah ona qəni-qəni rəhmət etsin. Mən universitetdə Nəsir Sadıqzadəyə, peşəkar teatrda isə Hüseynağa müəllimə ömrümün axırına kimi borcluyam. Bu borcu nə qədər çalışsam da, hələ də yerinə yetirə bilmirəm. - Bildiyimə görə, Mingəçevir Dram Teatrında rejissor kimi fəaliyyət göstərirsiniz.. Bu teatrdakı fəaliyyətiniz haqqında nə danışa bilərsiniz? - Bəli, mən Mingəçevir Dram Teatrında rejissor kimi də çalışıram. 2 ay öncə bu teatrda yeni bir tamaşa hazırladım. Bu, Mingəçevir Dram Teatrının səhnəsində hazırladığım sayca 2-ci tamaşamdır. Ümumilikdə isə peşəkar teatrda 15-dən çox əsəri tamaşaya hazırlamışam. - Mütaliəyə vaxt tapan aktyorladansınız? - Çantamda hazırda 2 şeirlər kitabı var. İnglis romançısı Genrix Hakkardın romanlarını oxuyuram, xüsusilə də “Kleopatra” romanını. Daha çox sənətimə aid olan kitabları oxumağa üstünlük verirəm. Əlimə keçən gözəl bir novella, yaxud hekayə olarsa, məmnuniyyətlə oxuyaram. Görürəm ki, yeni romançılarımız var, gəlirlər. Amma təəssüflər olsun ki, yeni dramaturqlarımız yoxdur. Ssenari cəhətdən də çox zəiflik var. Dramaturq o vaxt yetişir ki, o, teatrda olsun, teatrın bütün sirlərini bilsin. Necə rejissor sənəti bilirsə, o da sirləri bilməlidir ki, oturub pyes yazsın. Bizim teatra hərdən elə pyes gətirirlər ki, adam dəhşətə gəlir. Deyirəm qardaş, buna ancaq film çəkmək olar. Bu sahədə bizdə istedadlı gənclər yoxdur. - Özünüz daha çox necə tamaşalarda oynamağı sevirsiniz? - Mən özümü daha çox lirik psixoloji dramlarda və komediyalarda sərbəst hiss edirəm. Hərçənd sifətdən baxanda mən ciddi adama oxşayıram. “Mən səni sevirəm” tamaşasında Nəcəf adlı kiçik bir rolum var, Nəcəf səhnəyə çıxanda tamaşaçı gülüşdən dayana bilmir. Həmçinin də Gənclər Teatrında oynadığım “Onun iki qabırğası” tamaşası... - Nədənsə sizi daha çox müsbət, rəhmli ata obrazlarında görürük. İstər teatrda, istərsə də filmlərdə... - Əslinə qalsa, mən Gənclər Teatrında bir çox mənfi rollar oynamışam. Onu da deyim ki, dramda ən çox sevdiyim mənfi rollardır. Bir qısametrajlı filmə çəkilmişdim, efirə gedəndən sonra hamı mənə nifrət edirdi. Hətta anam da deyirdi ki, a bala, bizim nəsilimizdə belə adam yoxdur axı, sən niyə pislik edirsən (gülür)? Aktyora mənfi rolu yaratmaq çətindir, nəinki müsbəti. Müsbət rolu tez sevdirmək olur. Amma mənfi rolu tamaşaçıya sevdirmək üçün mütləq istedad tələb olunur. - Gənclər Teatrı ilə bağlı nəyi etiraf etmək istərdiniz? - O günlər üçün çox darıxıram. Heç bir rejissor məndən incməsin, Hüseynağa müəllimdən sonra məni tamaşa cəhətdən “doyuzduran” rejissor olmadı. Bəhram Osmanov indi bizə baş rejissor təyin edilib, mən onunla tələbəlik illərində bir yerdə işləmişəm. İndi də inanıram ki, o illərdə olduğu kimi yenə gözəl və yadda qalan tamaşalarında rollar oynayacağam. Öz rejissuramız olmasa, nə qədər istəyirsən xaricdən rejissor gətir, o effekti verməyəcək. Özümüzdən yetişməlidir, gənclər artıq teatra gəlməlidir. Siz təsəvvür edin mənim 47 yaşım var, bu, sıfırdan başlamaq deməkdir. Mən demirəm itirmişəm, əksinə mən çox şey qazanmışam. Mən atamı çox erkən, 14 yaşında itirmişəm. Deyəndə ki, mən çox şeyi atamdan yox, Hüseynağa müəllimdən öyrənmişəm, təəccüblə baxırlar. Onu da bildirim ki, hal-hazırda onun haqqında sənədli film və bir kitab üzərində işləyirəm. Çalışacağam ki, filmi aprelin 9-da, Hüseynağa müəllimin dünyasını dəyişdiyi gün təqdim edim. Bir aktyordan istifadə edəcəyəm ki, o da oğuludur. Oğlu ona çox bənzəyir. - “Buzovna kəndinin əhvalatları” tamaşasındakı rolunuz ilə həyatdakı Sərvər müəllim arasında, mən bilən, bir o qədər də fərq yox idi... - Bu obrazın çox cəhətləri mənə həyatda yaxın idi. Ağababa obrazı səbrliliyi, ailə və qonşulara olan münasibəti ilə mənə çox yaxındır. Açığı deyim ki, o rolu hazırlayanda çox çətinlik çəkmədim. - Ağababanın ailəsinə münasibətiniz necədir? - Mən də elə bir mühitdə böyümüşəm. Atam heç vaxt dostlarını evə gətirməyib. Bilmirəm bu, nədən irəli gəlir, bunun altında bir çox səbəblər ola bilər. Ona görə də mən bu ailəyə səmimi baxıram. Ağababanın sonda deməsi ki, gəlin gedək kabab yeyək, uşaqlar 4 aydır kabab yemir, bax mən tamaşanın o yerində kövrəlirəm. Hətta mənə elə gəlir ki, deyiləcək sözü unutmuşam. - Aktyor səhnədə ikinci həyatını yaşayır. Razısınız bu söz ilə? - Bizim teatrda Əlifahim müəllim var, o, uzun müddət "Azdrama"da işləyib, səhnəni və teatrı çox gözəl, dərindən bilir. Onun gözəl bir sözü var: ”Deyir ki, aktyora "sən" deməzlər. O tək deyil. Neçə-neçə rollar oynayıb, həyatlar yaşayıb. Ona ancaq cəm halında "siz" demək lazımdır”. Səhnə də bizim ikinci həyatımızdır. Bura da bizim iş yerimizdir, səhnədə kiminsə hesabına kimisə sevməliyik, yaxud kiməsə pislik, yaxşılıq etməliyik. Necə olur-olsun, sən o kədəri yaşayırsansa, sənin ömründən gedir. Səhnə arxası biz o qədər həyəcan keçiririk ki. O səhnə arxası qısa həyəcan aktyorun ömrünü “yeyir”. Ona görə aktyorların əksəriyyəti çox yaşamır. Bu da bizim həyatımızdır. - Aktyor olmağınız həyatda nəyisə qazanmağınıza mane olmadı ki? - Gileylənmək istəməzdim... Deyim ki, sevgimi əlimdən aldı, yox, əksinə sevdiyim xanımla evləndim. Sevdiyim xanım uşaqlarımızın böyüməsində arxamda dayaq oldu ki, mən sənətdən ayrılmayım. Nəyi əlimdən aldı deyə bilmərəm. Mən bu sənətə ömrümü qurban verəcəyəm. Hələ görüləcək işlərim qarşıdadır. Amma bir də həyata qayıtsaydım, aktyor olmazdım. - Heç sənətdən ayrılmaq istəmisinizmi? - Bir ay ayrıldım, sonra həyat yoldaşımın təkidi ilə yenidən sənətimə qayıtdım. O, mənə deyirdi ki, sən sənətsiz yaşaya bilməzsən. Həqiqətən də, gördüm ki, mən bu sənətsiz yaşaya bilmərəm. - Sənət nöqteyi nəzərindən etmək istədiyiniz işlər çoxdur? - Bəli, əlbəttə, çoxdur. Mən hələ bu sənətdə heç nə etməmişəm. Filmdə psixoloji bir obraz oyanmaq istəyirəm. Hələ ki, arzularım çoxdur. - Sərvər müəllim, sonda ailə həyatınızdan danışmağınızı istərdim... - Çox xoşbəxt bir ailədə yaşayıram. İki qızım, bir oğlum var. Geri qayıt |