Əsas Səhifə > Güney Press, Araşdırma > ZİYA MƏMMƏDOVUN İŞÇİSİ QADINLARI QƏZƏBLƏNDİRDİ

ZİYA MƏMMƏDOVUN İŞÇİSİ QADINLARI QƏZƏBLƏNDİRDİ


8-03-2013, 11:35
ZİYA MƏMMƏDOVUN İŞÇİSİ QADINLARI QƏZƏBLƏNDİRDİ
"GÜNAH ONA YEMƏK BİŞİRƏN XANIMDADIR"

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun müsahibəsi qadınların sərt reaksiyasına səbəb olub. Belə ki, onun “Qadını ya mətbəxtdə, ya da ki tabutda görmək maraqlıdır” fikri heç də müsbət qarşılanmayıb. “Təmiz dünya” qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, bu sözlər açıq ayrı-seçkiliyin göstəricisidir, halbuki gizli ayrı-seçkilik edənlərin də sayı az deyil: “Ayıb olsun ona. Bu cür məmurlar qadına münasibətdə belə fikirlər formalaşdırır. Namiq Həsənovun fərqli cəhəti odur ki, o, ayrı-seçkiliyini açıq ifadə edib. Bəziləri isə gizli diskriminasiya həyata keçirir. Qadınlar bir çox hallarda bu cür münasibətə görə dövlət təşkilatlarına müraciət etmirlər. Namiq Həsənova təşəkkür edirik ki, fikirlərini açıq ifadə edib. Gizli ayrı-seçkilik edənlər haqqında isə biz məlumatlı deyilik”.

M.Zeynalova düşünür ki, bu fikirdə olan kişilər həmişə olub: “Bu cür düşünənlər həmişə olub. Bəzisi dövlət məmuru olduğundan bunu gizlətməli olur. Təəssüf ki, zaman keçdikcə bu münasibət özünü daha iyrənc formada büruzə verir”.

“Azadlıq” radiosunun müxbiri Xədicə İsmayıl isə deyir ki, bu fikirlə bağlı Namiq Həsənovun həyat yoldaşının münasibətini öyrənmək lazımdır: “Bunlar köhnə fikirli insanlardır, qadınlar haqqında fikirləri də nəqliyyatı idarə etməklərinə bənzəyir. Necə ki, 21-ci əsrdə belə nəqliyyat olmaz, eləcə də bu zamanda qadın haqqında belə düşüncə olmaz. Günah onda deyil, günah ona mətbəxdə saatlarla yemək bişirən xanımdadır. Onun xanımından soruşmaq lazımdır ki, uşaqlıqda hansı arzuları var idi və necə oldu ki, reallaşmadı. Mətbəxdə oturub yemək bişirmək heç kimin arzusu ola bilməz”.

Mediaforum saytının redaktoru Alya Yaqublu isə Namiq Həsənovun fikirlərini təəssüflə qarşılayıb: “Çox təəssüf edirəm ki, o cür vəzifədə işləyən bir adam bu cür fikirlər səsləndirib. Azərbaycan hələ də şərq ölkəsi olaraq qalır. Mən bilirəm ki, Azərbaycanda kişilərin böyük əksəriyyəti bu fikirdədir. Qadınları özlərinə bərabər saymırlar, hesab edirlər ki, onlar qadınlardan ağıllı və savadlıdır. Tarix də bunu sübut edir ki, onlar tam ciddi şəkildə yanılırlar”.

A.Yaqublu hesab edir ki, bu fikirlərin səslənməsində dünya tarixi günahkardır: “Günah dünya tarixində, patriarxal quruluşdadır. İnanıram ki, gün gələcək bu quruluş dəyişəcək və kişilər belə fikirlər səsləndirməkdən çəkinəcək”.

Xatırladaq ki, Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov ötən gün verdiyi müsahibədə bildirib ki, qadının yeri mətbəxdir: “Qadını ya mətbəxtdə, ya da ki tabutda görmək maraqlıdır. Qadının yeri mətbəxtdir. XXII əsr də olsa, qadını yenə də mətbəxtdə görmək istəyirəm. Qadın və Ailə Nazirliyinin yaranmasına ehtiyac olmaması üçün qadının yeri mətbəx olmalıdır. Qadın işləyirsə, balans pozulur, ailədə münaqişələr yaranır. Texnika getdikcə o qədər inkişaf edir ki, qadına ehtiyac qalmır. Paltaryuyan maşın, qabyuyan maşın... Qadına heç bir iş qalmır. Dayə tutan qadın görəndə əsəbiləşirəm. Qadın kişinin nəvazişini çəkmək üçün yaranıb”.
\ hafta içi \
Geri qayıt