Əsas Səhifə > Sosial, Manşet > TAĞI ƏHMƏDOVUN GÖZÜ DOYMUR

TAĞI ƏHMƏDOVUN GÖZÜ DOYMUR


29-11-2011, 10:50
TAĞI ƏHMƏDOVUN GÖZÜ DOYMUR

BAHALAŞMA XƏBƏRİNİN ARDINDAN METRODA APARATLAR «XARAB OLDU»

DİA.AZ: - Məlum olduğu kimi, dünəndən etibarən Tarif Şurası növbəti bahalaşma bumuna imza atdı. Nəticədə kommunal xərclərlə yanaşı, metroda gedişhaqqının da qiyməti qaldırıldı. Əvvəllər gedişhaqqının qiyməti 15 qəpik idisə, 1 dekabr tarixindən gedişhaqqı 20 qəpik olacaq.

Təbii ki, Tarif Şurasının bu addımı əhalidə böyük narazılığa səbəb olub. Haqlı olaraq bəzi ekspertlər Tarif Şurasının 28 noyabr tarixli iclasının qərarlarını xalqın inqilaba təşviqi kimi dəyərləndirirlər.

Onu da bildirək ki, Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov dəfələrlə Tarif Şurasına qiymətlərin artırılması ilə bağlı müraciətlər etmişdi. Lakin qərar 28 noyabr tarixində verildi. Qeyd edək ki, metropoliten şefinin Tarif Şurasına yolladığı sənəddə gedişhaqqının 50 qəpiyə qaldırılması təklif edilirdi.

Bir sözlə Tağı Əhmədov qismən də olsa, arzusuna çatıb.

Məlum olducu kimi, metrodan əhalinin daha çox aztəminatlı hissəsi və əsasən tələbələr istifadə edirlər. Artıq 20 qəpiklik gedişhaqqı ilə metro həm də ən ucuz nəqliyyat növü statusunu da itirmiş olacaq.

Bütün bunlar bir yana. Tarif Şurasının qərarından dərhal sonra Bakı metrosunun rəhbəri Tağı Əhmədov hərəkətə keçib. Yox, ona görə yox ki, qiymətlərin qaldırılmasından sonra Tağı müəllim narazı qalacağı ehtimalı yüksək olan sərnişinlərinin könülünü alacaq hansısa addımı atmaq niyyətində olub. Tağı Əhmədovun atdığı addımı daha biabırçı idi.

Şahidlərin bildirdiklərinə görə, dünən axşam saatlarından, yəni Tarif Şurasının qərarının ardından metroda vətəndaşların gediş kartlarının yüklənməsində problemlər yaranıb. Belə ki, gedişhaqqının yüklənilməsi üçün nəzərdə tutulan aparatlar işlək vəziyyətdə olmayıb. Hər stansiyanın girişində yalnız bir yükləmə aparatı işləyib. Bundan əlavə, sərnişinlər üçün kontur yükləmə məhdudiyyəti də tətbiq olunub. Halbuki dünənə qədər belə bir məhdudiyyət yox idi. Amma Tarif Şurasının qərarından sonra bir gediş kartına 4 gedişlik puldan artığını yükləmək qeyri-mümkündür.

Təbii ki, bütün bu hoqqaların səbəbi hər kəsə gün kimi aydındır. Bu yolla Tağı Əhmədov bahalaşma xəbərini alan sərnişinlərin hələ ki davam etməkdə olan «15 qəpiklik dönəmdə» daha çox gedişhaqqı yükləyə bilməsinin qarşısını almağa çalışır. Hər halda, bu yolla varlanacağını ehtimal edən Tağı Əhmədov kasıb camaatın bir-iki günlük ucuzluğun dadını çıxarmasına da əngəl olmuş oldu.


Geri qayıt