Əsas Səhifə > Gündəm, Manşet > UĞURSUZ TAKTİKA UĞURSUZ NƏTİCƏYƏ APARAR

UĞURSUZ TAKTİKA UĞURSUZ NƏTİCƏYƏ APARAR


11-03-2013, 09:57
UĞURSUZ TAKTİKA UĞURSUZ NƏTİCƏYƏ APARAR
SON GÜNLƏRİN ƏSAS OLAYLARI HANSI QÜVVƏLƏRİN MARAĞINA İŞLƏYİR?

DİA.AZ: - Bəli, dünən daha bir aksiya keçirildi. Və bu aksiya da polisin etirazçılara qarşı qeyri-adekvat güc tətbiq etməsilə yadda qaldı. Söhbət mitinq iştirakçılarına qarşı sur şırnaqlarından, gözyaşardıcı qazdan, rezin güllələrdən və zorun tətbiqindən gedir…

Məlum olduğu kimi, aksiya iştirakçıları əsgər ölümlərinə etiraz olaraq meydanlara axışdıqlarını bildirirlər. Təbii ki, bu gün orduda baş verən neqativ hadisələr istənilən bir Azərbaycan vətəndaşının ürəyini ağrıdan haldır. Amma bu gün orduda baş verənlərin kimlərinsə siyasi ambisiyaları yolunda alətə çevrilməsi… bu artıq baş verən, narahatçılığa nədən olan əsgər ölümü faktlarından da şiddətli bir təzahürdür.

Bəli, bu gün əsgər ölümü faktlarından istifadə edərək özünün cılız siyasi maraqlarını güdən qüvvələrin tamam fərqli niyyətdə olduqlarını sezməmək mümkün deyil. DİA.AZ bildirir ki, son statistik rəqəməlrə də diqqət yetirdikdə aydın olur ki, son altı ayda ordudakı əsgər ölümləri ilə dəm qazından ölənlərin sayı arasındakı nisbət birin səkkizədir… Yəni bu gün əgər son altı ay ərzində orduda 20 əsgərimiz dünyasını dəyişibsə, dəm qazından ölənlərin sayı 160 nəfərdir. Amma buna rəğmən kimsə həzin-həzin «dəm qazı qətliamı»nı həyata keçirən qüvvələrə qarşı köklənməyi ağlının ucundan belə keçirmir. Məgər dəm qazından ölənlər bu vətənin övladları deyillərmi? Hər halda, «dəm qazı qətliamı»na görüntüdə olan biganəliyin ənənəvi, əsgər ölümü faktlarının isə əlahiddəlik qazanmasının qeyri-ənənəvi çarpıntı olduğunu hər kəs etiraf edə bilər. Deməli, iş siyasətdədir və bu gün ordu üzərində, orduda baş verən neqativ olaylardan dolayı oyunlar oynanılır ki, əslində bu oyunlardan da daha çox zərərgörəni elə milli ordumuzun maraqlarıdır.

DİA.AZ olaraq dəfələrlə bildirmişik ki, istənilən bir hadisənin süni şəkildə qabardılması yönündə bu gün xüsusi fəallıq müşahidə olunur. Diqqət yetirin, keçmiş ABU rektoru Elşad Abdullayev bütün ölkəni lərzəyə gətirən faktları açıqlayır, amma kimsə bu faktlar hesabına milyonların taleyinin qəsdinə duran Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin evinin qarşısında etiraz aksiyası keçirməyi düşünmür. Və yaxud da Elşad Abdullayevin açıqladığı çox ciddi faktlar hakimiyyətə opponent mövqedə dayanan düşərgə üçün siyasət materialına çevrilmir. Sanki bir Braziliya serialını izləyirmiş kimi davranılır. Yəni «sabahkı seriyada nə olacaq» təlaşı ilə Elşad Abdullayevin açıqladığı mühüm faktlar qulaqardına vurulur…

Amma bunun əvəzində Siyəzəndə broyler işçilərinin maaşlarının 20 manat həcmində artırılmasına xüsusi diqqət ayrılır. Təbii ki, bu da vacib hadisədir. Amma Ramiz Mehdiyevin Azərbaycanın Milli Məclisindəki deputat yerlərini dədə malı kimi satmasından mühüm ola bilməz, ey gözəl millət… Yəni millətin taleyi Siyəzəndə, İsmayıllıda həll olunmur… Bakıda, Ramiz Mehdiyevin kabinetində həll olunur. Və bu gün həmin kabinetdə Azərbaycanın ayrı-ayrı bölgələrinin süni şəkildə ayaqlanması planı cızılırsa, bundan demokratiya, azadlıq uğrunda mübarizə aparanlara nə? Bu hədəf axı sizlərin deyil? Bu hədəf axı yanlışdır və bu hədəf enində-sonunda Ramiz Mehdiyevin maraqlarının təminatı anlamına gəlir…

Hər halda, bu gün Azərbaycan üçün mühüm olan iki problem var və bunlardan biri itirilmiş torpaqların azadlığı, digəri isə demokratikləşmədir. Və bu prosesə Ramiz Mehdiyevin cızdığı yolla ulaşıla biləcəyini düşünənlər, növbəti dəfə başlarının daşa çırpılmasını görmürlərsə, o zaman onları təhrik edənlərin günü gündən dəbdəbəyə minən həyatlarına gözucu nəzər yetirmələri kifayətdir.

Geri qayıt