Əsas Səhifə > Partiya > DEPUTATDAN CƏRİMƏLƏRLƏ BAĞLI İLGİNC MÖVQE
DEPUTATDAN CƏRİMƏLƏRLƏ BAĞLI İLGİNC MÖVQE11-03-2013, 12:20 |
"PUL YOXDURSA, CƏRİMƏ KƏSİLƏ BİLMƏZ" “Qanunsuz aksiyalara görə, məhkəmənin qarşısına çıxan hər kəsi cərimələməyə haqqı yoxdur. Maddi imkanı olmayan insanların birbaşa cərimələnməsi yolverilməzdir”. Bu barədə Modern.az-a Milli Məclisin Hüquq siyasəti komitəsinin üzvü, Sərbəst toplaşmaq haqqında qalmaqallı qanun layihəsinin müəllifi Rafael Cəbrayılov bildirib. Rusiyadan icazəsiz aksiyalara görə cərimələrin azaldılması məsələsinin gündəmə gəlməsindən söz açan deputat Azərbaycanda bunun mümkün olmadığını bildirib. Hazırladığı qanun layihəsinin ancaq cərimələrdən ibarət olmadığını deyən R.Cəbrayılov məhkəmələri düzgün qərar çıxarmağa çağırıb. "Məhkəmənin hamını cərimələməyə haqqı yoxdur" “Ümumiyyətlə, bu məsələ hazırda gündəmdə deyil. Bu dəyişikliklərdə üç tənbeh hüququ var. Bu təkcə cərimədən ibarət deyil. Burada 160 saatdan 200 saata qədər ictimai iş və eləcə də 15 sutkaya qədər inzibati həbs nəzərdə tutulub. Bunlardan məhkəmə birini seçir. Cinayət Məcəlləsinin 44.2-ci maddəsində qeyd olunur ki, məhkəmə cəza tətbiq edərkən şəxsin əmlak vəziyyətini nəzərə alır. Bununda hüquqi mənası ondan ibarətdir ki, əgər o şəxsin cəriməni ödəməyə maddi imkanı yoxdursa, məhkəmə cərimə cəzasını tətbiq edə bilməz. Təsəvvür edin ki, il ərzində hər hansı hakim yüz nəfərin cərimələnməsi haqqında hökm çıxarır. Bu hökmlərin də 5 faizi icra olunur. Həmin hakimdən Ədliyyə Nazirliyi və müvafiq qurumlar soruşacalar ki, bu insanın cəriməni ödəməyə maddi imkanı yoxdursa bunu niyə tətbiq eləmisən? Bu baxımdan məhkəmənin hamını cərimələməyə haqqı yoxdur. Məhkəmə digər tənbeh növündən birini seçməlidir”-deyə deputat vurğulayıb. Cərimələrin azaldılmasının indiki durumda real olmadığını deyən millət vəkili hazırladığ qanun layihəsinin ədalətli olduğunu dilə gətirib. “Gələcəkdə də cərimələrin azaldılmasına ehtiyac yoxdur” “Mən o layihəni verənə qədər orada iki tənbeh növü vardı. Mən düşündüm ki, həbslə cərimənin alternativ olması düzgün deyil. Təsəvvür edin, azadlıqdan məhrum etmə ilə pulun üz-üzə qalması çox primitiv dilemmadır. Bu baxımdan biz bir tənbeh növü kimi ictimai işi qanunverciliyə də saldıq. Bu baxımdan bu qanun layihəsi yalnız pul cəriməsindən ibarət deyil. Hesab edirəm ki, gələcəkdə də cərimələrin azaldılmasına ehtiyyac yoxdur. Mən ABŞ səfirliyinin əməkdaşları ilə də görüşəndə, ATƏT rəsmiləri ilə də söhbətdə bildirmişəm ki, qanunsuz toplantıya görə, 7 manat cəriməsi olan bir ölkə göstərin mənə. Hansı ölkədə 7 manat cərimə var?”-deyə deputat sual edib. “Gülməli də olsa sizə bir nümunə deyim. Bizdə İnzibati Xətalar Məcəlləsində 126-cı maddədə it və pişik saxlama qaydalarının pozulmasına görə, 20 manata qədər cərimədir. Doğurdanmı qanunsuz toplantının keçirilməski ictimai təhlükəsizlik baxımından bundan daha az təhlükəlidir. Yenə də deyirəm ki, qanunsuz aksiyalara görə cərimələrin azaldılması mümkün deyil. Cərimələri ödəyə bilmirsən ictimai işlə tənbeh olunmalısan. Burada çətin heç nə yoxdur. Cəriməni ödəmək istəmirsən digərlərini seç”. Qeyd edək ki, bir müddət əvvəl icazəsiz aksiyalara, mitinqlərə görə sensassion cərimələrlə bağlı qanunun qəbul olunduğu qonşu Rusiyada cərimələrin azaldılması yenidən gündəmə gəlib. Azərbaycanda da millət vəkili Rafael Cəbrayılovun hazırladığı “Sərbəst toplaşmaq haqqında” qanun layihəsi ötən ilin noyabr ayında Milli Məclisdə qəbul edilib. Bununla da Azərbaycanda İcazəsiz aksiyalara görə cərimə 30 dəfəyədək artırılıb. Geri qayıt |