Əsas Səhifə > Gündəm, Manşet > QAZAX MÜƏLLİMLƏR İNSTİTUTUNDA ÖZBAŞINALIQ

QAZAX MÜƏLLİMLƏR İNSTİTUTUNDA ÖZBAŞINALIQ


29-11-2011, 11:04
QAZAX MÜƏLLİMLƏR İNSTİTUTUNDA ÖZBAŞINALIQ

QAZAXLILAR İSA VEYİSOVDAN NƏDƏN BU QƏDƏR EHTİYAT EDİRLƏR?

DİA.AZ: - Dünən “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) bir qrup Qazax sakini müraciət edərək, rayonlarında fəaliyyət göstərən Qazax Müəllimlər İnstitutundan şikayətçi düşüblər. Şikayətçilər deyirlər ki, qeyd olunan təhsil ocağı açıq bazara çevrilib.

İsa Veyisovun direktoru olduğu məktəbdə hər şeyin bazar prinsipi ilə idarə olunduğunu deyən şikayətçilər baş verənlərdən belə bəhs edirlər: «Qazax Müəllimlər İnstitutuna qəbul olmaq üçün savadlı yox, pulunun olması lazımdır. Elə buna görədir ki, test və ya digər qəbul qaydaları kənara qalır və institutun rəhbərliyi öz qaydaları ilə uşaqları məktəbə qəbul etdirir. Bunun nəticəsi olaraq qəbul olanlar isə evlərində oxuyurlar. Təbii ki, bütün bunların bəlli qiymətləri var və alınan pullar da rəhbərlik tərəfindən bölüşdürülür».

Şikayətçilər yazırlar ki, əksəriyyəti aşağı bal topladığı halda oxumaq üçün Qazax Müəllimlər İnstitutuna üz tuturlar. Bu səbəbdən də savadsız kadrların yetişməsi baş verir və el arasında da belələrinə ya «kooperativ», ya da «düzəldilmiş» deyirlər. «İnstituta qəbul olandan sonra savadı ilə imtahan verə bilən tələbələrin sayı barmaqla sayılacaq qədərdir. Ancaq təəssülər olsun ki, bu təhsil ocağını bitirə bilməyən bir tələbə belə yoxdur».

Ancaq qazaxlıların əsas dərdi həmin məktəbi bitirərək, sonda rayondakı kənd məktəblərində işləməsidir. Onlar deyirlər ki, savadı aşağı olan və faktiki olaraq normal təhsil almamış bu şəxslərin orta məktəblərdə dərs deməsi faciədir. «Narazılığa səbəb də elə budur. Çünki institutdan məzun olmuş savadsız «müəllimlər» övladlarını savad üçün məktəbə göndərən valideynləri ümidsizliyə düçar edirlər. Öz kəndinin savdlısı və savadsızını tanıyan insanlar onlara uşaqlarını etibar edərkən, övladlarının gələcəyinin sual altında olduğunun fərqinə varırlar. Bəla da burasıdır ki, Qazax Müəllimlər İnstitutunu bitirənlərə o dəqiqə iş verildiyi halda, ixtisaslı kadrlar bir kənarda qalır».

Şikayətçilər bildirirlər ki, Qazax Müəllimlər İnstitutunu bitirənlərlə bağlı bir sıra faktlara da malik olduqlarını deyirlər. Məsələn, onlar bildirirlər ki, sözügedən institutun metodika ixtisasını bitirən olan məzunlar kəndlərdə bədən tərbiyyəsi fənndindən dərs keçirlər. «Ancaq İdman Akademiyasının güləş, boks, atletika və digər ixtisaslarını bitirmiş gənclər isə iş tapa bilmirlər».

Məsələ ilə bağlı indiyə qədər Qazax rayonunda dəfələrlə müzakirələr olsa da, yekunda problem həllini tapmayıb. Şikayətçilər deyirlər ki, bunun konkret səbəbi var. «Rayon ziyalılarının bu məsələ ilə bağlı dərindən etirazlarını bildirməməsinin əsas səbəbi Qazax Müəllimlər İnstitutunun direktoru İsa Veyisovun oğlunun rayon polisində yüksək rütbəli zabit olmasıdır. Etiraz etmək istəyənlər düşünürlər ki, bu zaman onları polisə aparıb, incidə bilərlər. Elə buna görə də, nə danışırlar, nə də yüksək səviyyədə şikayətçi ola bilirlər. Ancaq vəziyyətin bu şəkildə davam etməsi də mümkün deyil və təcili tədbirlərin görülməsi lazımdır».


Geri qayıt