Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "LOTU HİKMƏTİN ÖLÜMÜNƏ MƏYUS OLMUŞDUM"

"LOTU HİKMƏTİN ÖLÜMÜNƏ MƏYUS OLMUŞDUM"


13-03-2013, 12:18
"LOTU HİKMƏTİN ÖLÜMÜNƏ MƏYUS OLMUŞDUM"
“Biz 90-cı illərdə yaşamırıq ki, Rusiya Aərbaycana qoşun yeritsin. Hətta Rusiya ölkəmizdə sabitliyi pozmağa çalışsa da, buna nail ola bilməyəcək”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas söyləyib.
Onun sözlərinə görə, Rusiya postsovet məkanında yerləşən ölkələrə, o cümlədən Azərbaycana qarşı daim təzyiq siyasətindən yararlanıb ki, son dövrlər baş verənlər də bu əsnada təsadüfi sayıla bilməz: “Bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmiz öz siyasi, iqtisadi qüdrətini günü-gündən artırır. Belə olduğu təqdirdə Azərbaycana qarşı təzyiqlərin olması təbiidir. Amma bir məsələ var ki, artıq heç bir dövlət ölkəmizdə daxili sabitliyi poza bilməz. Bunun üçün sosial, iqtisadi, mənəvi-psixoloji baxımdan zəmin yoxdur. Digər tərəfdən dövlətimiz bu cür təxribatlara qarşı bütün hazırlıqlara malikdir. Bu mənada hətta Rusiya iddia olunduğu kimi, Azərbaycanda sabitliyi pozmağa çalışsa da, buna nail ola bilməyəcək”.
Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlərin artacağı ilə bağlı iddialara toxunan millət vəkili bunu inandırıcı saymadığını bildirdi: “Azərbaycanın da “Miqrasiya haqqında” qanunu var. Ölkəmizə təşrif buyuran hər bir əcnəbi bu qanunla hesablaşmaq məcburiyyətindədir. O cümlədən Rusiyada yaşayan bütün millətlər, azərbaycanlılar da Rusiyanın “Miqrasiya haqqında” qanununa hörmətlə yanaşmağa borcludur. Sənədləri qaydasında olan şəxslərə qarşı təzyiqlər işə düşəcəksə, bunun əsas günahı yaşadığı ölkənin qanunları ilə hesablaşmayan şəxslərin üzərinə düşəcək. Bir məqam var ki, Rusiya müxtəlif üsullarla həmin ölkədə yaşayan nüfuzlu və imkanlı azərbaycanlılara qarşı müxtəlif təzyiqlərə yol verə bilər ki, əsas problem də məhz bundan qaynaqlanır. Rusiya yeganə ölkədir ki, reketlərdən korrupsiya və etniklərə qarşı təzyiq vasitəsi kimi istifadə edir. İndiyə qədər Rusiyada yüzlərlə həmyerlimiz qətlə yetirilsə də, həmin cinayətlərin üstü bugünədək açılmayıb. Lotu Hikmətin ölümündən çox məyus olmuşdum. Lotu Hikmətin və digərlərinin qətli bu günədək öz hüquqi qiymətini almayıb. Bunu nəzərə alan həmyerlilərimiz də ehtiyatı əldən verməməlidir”.

Geri qayıt