Əsas Səhifə > Partiya > "HUMAN RAYTS VOTÇ" HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ

"HUMAN RAYTS VOTÇ" HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ


13-03-2013, 12:43
"HUMAN RAYTS VOTÇ" HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ
“Human Rayts Votç” beynəlxalq hüquq müdafiə təşkilatı martın 10-u Bakıda keçirilmiş aksiya ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, polis aksiyanı dağıtmaq üçün hədsiz güc tətbiq edib, yüzdən çox aksiyaçı saxlanıb, 5 nəfər inzibati həbs, 19 nəfər cərimə cəzası alıb, 3 siyasi fəal isə aksiyadan əvvəl şübhəli ittihamla tutulub”.

“Media forum” saytının məlumatına görə, “Human Rayts Votç” Azərbaycan hakimiyyətini 10 mart aksiyaçılarını dərhal azadlığa buraxmağa və sərt qüvvə tətbiqi ilə bağlı təhqiqat aparmağa çağırıb.

Martın 10-da Bakının Fəvvarələr bağında gənclərin və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə aksiya keçirilib. Aksiyada əsgər ölümlərinə etiraz bildirilib, Silahlı Qüvvələrdə qeyri-döyüş şəraitində ölüm hallarının qarşısının alınması tələb olunub. Aksiyaçılara qarşı güc tətbiq edilib. Bir sıra aksiya iştirakçıları cərimələnib, beş nəfərə isə inzibati həbs verilib.

Aksiyadan 3 gün əvvəl Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşları “Nida” Vətəndaş Hərəkatının üç üzvünü saxlayıb. İstintaqın qənaətinə görə, gənclər martın 10-da paytaxtın Fəvvarələr meydanında etiraz aksiyası zamanı “Molotov kokteyli”nin istifadə edilməsinə hazırlaşırmışlar. Ötən şənbə televiziyalar məhbus “Nida”çıların istintaqa ifadələrindən bəzi məqamları efirə verib. Efirdə nümayiş etdirilən süjetdə gənclər deyiblər ki, kənar təhriklərlə dövlət çevrilişinə hazırlaşırmışlar.

Geri qayıt