Əsas Səhifə > Sosial, Manşet > BAYIL SAKİNLƏRİ «AVTOŞLARDAN» ŞİKAYƏT EDİRLƏR

BAYIL SAKİNLƏRİ «AVTOŞLARDAN» ŞİKAYƏT EDİRLƏR


14-03-2013, 10:57
BAYIL SAKİNLƏRİ «AVTOŞLARDAN» ŞİKAYƏT EDİRLƏR
SƏHƏRƏ QƏDƏR KÜÇƏLƏRDƏ AVTOŞLAR MAŞINLARLA ŞOU GÖSTƏRİR

DİA.AZ: - Son zamanlar dövlət yol polisi idarəsinin avtomobillərini sürətlə sürən sürücülərə qarşı gördüyü tədbirlər təqdirəlayiq olsa da, hələ də paytaxt Bakıda «avtoş» problemi həll olunmamış qalır. Belə ki, ayrıca meydanları olmayan sürət həvəskarı olan sürücülər nəticədə Bakı küçələrini yarış meydançasına çevirirlər ki, bu da sakinlərin ciddi narazılığına nədən olur.

DİA.AZ-a bu barədə müraciət edən bir qrup Bayıl qəsəbəsi sakini bildirir ki, gecə saat 1-dən sonra qəsəbənin ərazisi avtoşlar üçün oylağa çevrilir. Xatırladaq ki, buna qədər «beşmərtəbə» adlanan ərazidə avtoşların gecə yürüşləri intensiv olaraq müşahidə olunurdu. İndi isə onları «Avroviziya-2012» mahnı yarışmasına tədarükün ardından yolları genişlənən Bayıl küçələrində daha tez-tez görmək mümkündür.

Bayıl sakinləri redaksiyamıza bildirirlər ki, gecə saat 1-dən sonra 5 saylı Doğum Evinin arxasındakı və önündəki küçələr avtoşların müxtəlif manevri üçün kifayət qədər əlverişlidir: «Gecə saatlarında bu küçələrdə maşın hərəkəti azaldığından avtoşlar istədiklərini edə bilirlər. Amma bu həm bizim işdən sonra istirahət etməyimizə problem yaradır, həm də küçədə saxladığımız maşınlarımız üçün də təhlükədir».

Dəfələrlə Bayıl sakinləri ilə avtoşlar arasında mübahisələrin düşdüyünü bildirən narazı vətəndaşlar onu da söylədilər ki, yaxınlıqda DYP-nin Səbayel rayon şöbəsinin yerləşməsinə baxmayaraq, avtoşların hərəkəti zamanı heç bir DYP maşını ərazidə görünmür: «Bilmirik, onlar DYP ilə anlaşıblar, ya yox. Amma bildiyimiz odur ki, artıq avtoşların maşın şütümələrindən, siqnal səslərindən gecələri rahat yata bilmirik. Səhər saat 5-ə qədər davam edən şouya bir polis əməkdaşı da müdaxilə etmir».

Geri qayıt