Əsas Səhifə > Dünya > ERMƏNİ MÜXALİFƏTİNİN GÖZLƏDİYİ OLMADI

ERMƏNİ MÜXALİFƏTİNİN GÖZLƏDİYİ OLMADI


15-03-2013, 10:40
ERMƏNİ MÜXALİFƏTİNİN GÖZLƏDİYİ OLMADI
SƏRKİSYANIN QƏLƏBƏSİ TANINDI

Ermənistan Konstitusiya Məhkəməsi fevralın 18-də keçirilən prezident seçkisində namizəd kimi iştirak etmiş İrs Partiyasının lideri Raffi Ovannisyan və politoloq Andrias Qukasyanın şikayətlərinə baxışı yekunlaşdırıb. “Media forum” saytı xəbər verir ki, martın 14-ü axşam saatlarında çıxarılan qərarla şikayətlər rədd olunub və dövlət başçısı Serj Sərkisyanın qələbəsi tanınıb.

18 fevral seçkisinin rəsmi nəticələrinə görə, Serj Sərkisyan 58.64% səslə yenidən prezident seçilib. Raffi Ovannisyan 36.74%, Andrias Qukasyan 0.57% səs yığıb. Raffi Ovannisyanla Andrias Qukasyan seçkinin saxtalaşdırıldığını iddia edir, nəticələrin ləğvini istəyirdilər. Martın 11-dən bəri şikayətləri araşdıran Konstitusiya Məhkəməsi iddiaları əsassız sayıb və 1988 seçki məntəqəsinin yalnız 1-də seçkinin nəticələrini etibarsız sayıb.

İkinci müddətə dövlət başçısı seçilən Serj Sərkisyanın andiçmə mərasimi aprelin 9-da keçiriləcək.

Serj Sərkisyan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. Azərbaycanda erməni separatizminin ən qanlı iştirakçılarındandır. 1989-93-cü illərdə Dağlıq Qarabağ silahlılarının başçısı olub. Ermənistanda müdafiə naziri (iki dəfə), Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi, daxili işlər və milli təhlükəsizlik naziri, Prezident Aparatının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, baş nazir postlarını tutub. 2008-ci ildən Ermənistanın prezidentidir.

Geri qayıt