Əsas Səhifə > Güney Press, Üçüncü sektor > CƏLİLABAD TƏHSİLİNDƏ BİABIRÇILIQ DAVAM EDİR

CƏLİLABAD TƏHSİLİNDƏ BİABIRÇILIQ DAVAM EDİR


18-03-2013, 09:28
CƏLİLABAD TƏHSİLİNDƏ BİABIRÇILIQ DAVAM EDİR
RƏHBƏRLİK DƏYİŞDİ, AMMA PROBLEMLƏR DƏYİŞMƏDİ

Bir müddət əvvəl Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Ədalət Əsgərov işdən azad edildi. Rəsmi məlumatlara görə, işdən çıxarılmanın səbəbi işdə yol verilmiş nöqsanlar və bəzi yeyinti faktlarıdır. Bu hadisədən sonra Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edildi. İcra başçısı Əziz Əzizovun sərəncamı ilə bu posta onun müavini təyin olundu. Vidadi müəllim həmin müddətə kimi, Cəlilabad İcra Hakimiyyəti başçısının Səhiyyə və Təhsil Məsələləri üzrə müavini vəzifəsində çalışmışdı.

Bolgexeber.com-a daxil olan məlumata görə, bu rotasiya məsələsi rayonda ciddi narazılığa səbəb olub. Çünki Vidadi müəllim hələ müavin işlədiyi zaman təhsil və səhiyyəyə nəzarət edə bilmirdi. Əksinə, bacarıqsızlığı sayəsində hər iki sahədə yiyəsizlik hökm sürürdü.

Elə Təhsil Şöbəsinə müdir təyin olunandan sonra da ənənə davam edir. Ədalət Əsgərovun viran qoyduğu Cəlilabad təhsilini dirçəltmək əvəzinə, onu daha da viran qoymağa başlamış yeni şöbə müdiri artıq orta məktəblərə haqq təyin edib.

Daxil olan məlumatlarda vurğulanır ki, Vidadi müəllim qısa müddət ərzində qəsəbə və kəndlərin orta məktəblərinin rəhbərlərinə göstəriş verib ki, onu «təbrik» etsinlər. Həmin təbrikin qiyməti isə orta məktəbin kiçik və böyük olmasına bağlıdır. Belə ki, böyük məktəblər Təhsil Şöbəsinin yeni müdirini ən azı 2500 manatla, kiçik məktəblərin ditrektorları isə 1000 manatla «təbrik» etməlidirlər.

O da məlum olub ki, yeni təyinatdan sonra narazılıqların da sayı artmağa başlayıb. Çünki orta məktəblərdə validyenlərdən pul yığma halları total şəkil alıb. Valideynlər deyirlər ki, hətta Ədalət Əsgərovun vaxtında belə indiki biabırçılıqlar yaşanmırdı.

Məsələ ilə bağlı geniş araşdırmamızı yaxın günlərdə təqdim edəcəyik.

P.S.Məsələ ilə bağlı aldığımız digər məlumatlara görə bir qrup şəhid ailələri və əlillər Təhsil Şöbəsinin müdirinin qanunsuz əməlləri ilə bağli ölkə başçisina və aidiyyatı qurumlara müraciət edəcəklər.Bolgexeber.com-un əməkdaşı Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri ilə əlaqə saxlamişdir.Ancaq Vidadi müəllim deyilənlərə normal qaydada münasibət bildirmək əvəzinə əsəbi şəkildə deyilənlərin böhtan olduğunu bildirərək dəstəyi yerə qoydu.
Məsələni diqqətdə saxlayacağıq.

Geri qayıt