Əsas Səhifə > Sosial, Manşet > KEÇMİŞ REKTORUN FƏALİYYƏTİNİ CİLOVLAYACAQLAR

KEÇMİŞ REKTORUN FƏALİYYƏTİNİ CİLOVLAYACAQLAR


25-03-2013, 12:24
KEÇMİŞ REKTORUN FƏALİYYƏTİNİ CİLOVLAYACAQLAR
ARTIQ ELŞAD ABDULLAYEV «PROQRAMDAN KƏNAR» HƏRƏKƏTƏ KEÇİD EDİB

DİA.AZ: - Son günlər fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə bağlı müəmmalı xəbərlər yayılmaqdadır. Əslində burada sabiq universitet rəhbərinin apardığı kampaniyaya verilən cavab reaksiyaları da kifayət qədər hiss olunandır. Yəni müxtəlif üsullarla Elşad Abdullayevə qarşı müqavimət göstərilir.

DİA.AZ-a bu barədə danışan hökumət içindəki mənbə iddia edir ki, yaxın günlərdə ABU-nun keçmiş rəhbərinə qarşı daha tutarlı kampaniya start götürəcək. Bu barədə qaynağın iddia etdikləri: «Elşad Abdullayev əslində özünün videobombardmanları ilə hakimiyyətin az qala bütün cinahlarını hədəfə almaqla strateji yanlışını buraxmış olub. Yəni bu gün iqtidarın az qala bütün cinahları bu ajiotajın tezliklə bitməsi arzusundadır. Hər halda, ilk əvvəl rəsmi Bakının çox ciddi diqqət mərkəzində olan Elşad Abdullayev bu gün serial rejissorları qədərində belə diqqət və hörmət sahibi deyil. Ki, bu da buraxılan yanlışın nəticəsidir».

Mənbəmizə görə, əslində ilk günlərində çox ciddi olaylar çıxara bilmiş keçmiş rektor eyni istiqamət üzərə hərəkət etmiş olsaydı, bu gün həbsdə saxlanılan Gülər Əhmədovanın aqibətini bölüşənlər daha da çox ola bilərdi: «Yəni onun cəbhə genişlətməsi, az qala bütöv hakimiyyətin istefasını tələb edən faktları ortaya qoyması ciddi strateji səhv idi. Halbuki tədrici yolla keçmiş rektor çox ciddi nəticələr əldə edə bilərdi».

Bunun da Elşad Abdullayevin arxasında dayanan qüvvələrin daha çox səs-küy sifariş etməsilə əlaqədar olduğunu bildirən mənbəmiz bildirdi ki, amma buna rəğmən artıq iqtidar daxilində Elşad Abdullayevə qarşı birləşmə ab-havası yaranıb ki, bu da keçmiş rektorun özünə problemlər yarada bilər: «Hətta onun Fransada həbs edilərək, Azərbaycana gətirilməsi ideyası da iqtidariçi müzakirələrdə açıq şəkildə təklif olunur. Çünki keçmiş rektorun əlindəki videomaterialların demək olar ki, hamısı hakimiyyətin özündə də var və keçmiş rektorun addımları da bu yolla nəzarətə alınmış olur».

Mənbəmiz onu da bildirdi ki, bu günlərdə Elşad Abdullayevlə bağlı yekun qərar veriləcək: «Hər halda, belə bir gərginlik nöqtəsinin özbaşına buraxılması siyasi özfəaliyyətə, həm də hakimiyyətiçi xaosa gətərib çıxara biləcəyindən Elşad Abdullayevin fəaliyyəti hansısa formada cilovlanmalıdır».

Geri qayıt