Əsas Səhifə > Cəmiyyət > SİYAVUŞ NOVRUZOVDAN RƏHİM QAZIYEVƏ AĞIR SÖZLƏR

SİYAVUŞ NOVRUZOVDAN RƏHİM QAZIYEVƏ AĞIR SÖZLƏR


25-03-2013, 15:26
SİYAVUŞ NOVRUZOVDAN RƏHİM QAZIYEVƏ AĞIR SÖZLƏR
"Müəllifə və müsahibə verən şəxsə qarşı iddia qaldıra bilər"

Hakim Yeni Azərbaycan Partiyasının orqanı olan “Yeni Azərbaycan” qəzeti “Səs” İnformasiya Agentliyinin YAP icra katibinin müavini Siyavuş Novruzovun keçmiş müdafiə naziri Rəhim Qazıyev barəsində müsahibəsini dərc edib. Müsahibədəki bir çox ifadələr “KİV haqqında” qanunun müddəalarına ziddir.

Belə ki, “Siyavuş Novruzov: Rəhim Qazıyev kimi şərəfsizi Azərbaycan xalqı çox yaxşı tanıyır” (“Yeni Azərbaycan” qəzeti 290 mart, № 051) başlığı altında dərc edilən müsahibədə “Rəhim Qazıyev kimi şərəfsiz insan..., “o, televiziyada xalq qarşısında çıxış edərək qeyd etdi ki, Şuşa əldən getsə, o şərəfsiz, satqın başına bir güllə vuracaq”, “Çünki sənin kişiliyin ömrün boyu olmayıb”, “Bu insan ömrü boyu Rusiya hərbi kəşfiyyatının tulası olub”, “Bu gün bunun kimi tula, şərəfsiz, biqeyrət bir insanın gəlib ölkə başçısına, dövləti qurub-yaradana müraciət edir” kimi ifadələr yer alıb.

Müsahibədə eyni zamanda hədələyici çağırışlar da var: “Rəhim Qazıyev kimi şərəfsizi Azərbaycan xalqı çox yaxşı tanıyır. Əgər Azərbaycan xalqı müdrik xalq olmasaydı, onu çoxdan daşqalaq edib, öldürər və it kimi sürüyərdi. Onun bütün ev-eşiyi darmadağın edilərək yandırılmalı idi” və “Lakin həmin vaxt Rəhim Qazıyev it kimi güllələnməli idi” kimi çağırışlar da qəzet səhifələrində dərc edilib.

Müstəqil hüquqşünas Ələsgər Məmmədli Turan-a bildirib ki, qəzetin dərc etdiyi müsahibədə təhqir var.

“Burada “şərəfsiz”, “tula”, “biqeyrət” sözləri ilə tənqidin sərhəddi keçilib və təhqirdir.

Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə yanaşılarsa təhqir elementləri aşkar görünür. Azərbaycan hüquq sistemi hətta “Xural” qəzetində “mətbu qəssab”, “Azadlıq” qəzetində “Novruzəli” ayamasını təhqir kimi qiymətləndirib, müəllifə və qəzetə məsuliyyət müəyyən edib”, - o qeyd edib.

Ə.Məmmədli hesab edir ki, Rəhim Qazıyev xüsusi iddia qaydasında qəzetə, müəllifə və müsahibə verən şəxsə qarşı iddia qaldıra bilər.

Xatırladaq ki, bu günlərdə keçmiş müdafiə naziri Rəhim Qazıyev Azərbaycan prezidentinə açıq məktubla müraciət edib. Müraciətdə qeyri-döyüş şəraitində əsgər ölümü, son zamanlar regionlarda baş verən qarşıdurmalarla bağlı münasibət bildirilib. Keçmiş nazir ölən əsgərin məhz prezidentin oğlu olsa idi o nə edərdi sualını da verir. Hökumətin siyasəti kəskin tənqid edilir və islahatlara çağırılır. Rəhim Qazıyevin açıq məktubu mediada dərc edildikdən sonra o bir neçə saat saxlanıb və belə məktub yazmaması tövsiyə edilib.

R.Qazıyev isə məktubunda təhqir olmadığını və düşündüklərini yazdığını deyib.

Geri qayıt