Əsas Səhifə > Güney Press, Araşdırma > GƏDƏBƏY TƏHSİLİNDƏ RAMİZ MƏMMƏDOV FENOMENİ
GƏDƏBƏY TƏHSİLİNDƏ RAMİZ MƏMMƏDOV FENOMENİ25-03-2013, 15:36 |
Ölkənin bir çox rayonlarında təhsilin səviyyəsinin aşağı olduğu artıq təsdiqini tapıb. Bunu təhsil naziri Misir Mərdanov da etiraf edib. Amma bu deyilənlərə baxmayaraq, hələ də əksər rayonların təhsil şöbələri nəticə çıxarmaq fikrində deyillər. Bolgexeber.com-a daxil olan məlumata görə, Gədəbəydə də təhsilin durumu ağırdır. Belə ki, əksər kəndlərdə demək olar ki, orta məktəblərdə şagird qıtlığı yaranıb. Daha doğrusu, müəllimlərin başının şəxsi təsərrüfatlarına qarışması onları dərsdən edib. Üstəlik, təhsil şöbəsinin müdiri Ramiz Məmmədovun bəzi tələbləri aşağı əmək haqqı alan müəllimlərin əlini işdən soyudur. Məlumatlarda vurğulanır ki, Ramiz Məmmədov uzun müddətdir Gədəbəy rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışır. Onun indiyə qədər 4 icra başçısını yola saldığı da verilən məlumatlar sırasındadır. Məmmədovun bu qədər bacarıqlı olmasının səbəbi isə bütün icra başçıları ilə dil tapa bilməsi və onların «bığlarını yağlaya» bilməsi ilə əlaqədardır. Rayondakı mənbələrin bildirdiyinə görə, Ramiz Məmmədovun bu bacarığı sayəsində Gədəbəy təhsili bərbad duruma düşüb. Çünki təhsil şöbəsinin müdiri daha çox pul qazanmaq həvəsi ilə işləyir və bu da nəticə etibarı ilə orta məktəblərdə təhsilin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb. Bu əsnada o da məlum olub ki, son bir neçə ildə Gədəbəydəki orta məktəblərdə təhsil alanlar arasında ali məktəblərə qəbul olunanların sayı sürətlə aşağı düşüb. Bolgexeber.com-a verilən bir başqa məlumatda isə vurğulanır ki, indiyə qədər Ramiz Məmmədova dəyilib-toxunulmamasının bir başqa səbəbi də onun əmisi oğlunun Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışmasıdır. Belə ki, Gədəbəy rayon Maliyyə İdarəsinin müdiri işləyən Namiq Məmmədov hər dəfə Bakıdan gələn yoxlamaları yola salmağı bacarıb. Sonuncu dəfə də Maliyyə Nazirliyindən gələn yoxlama da məhz əmioğlunun «gərgin əməyi» sayəsində mümkün olub. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |