Əsas Səhifə > Güney Press, Araşdırma > 15 İL TƏHSİLİMİZİN “KEŞİYİNDƏ”

15 İL TƏHSİLİMİZİN “KEŞİYİNDƏ”


26-03-2013, 10:12
15 İL TƏHSİLİMİZİN “KEŞİYİNDƏ”
Bəli, gün keçdi, ay dolandı, Misir Mərdanovun təhsil naziri kreslosuna əyləşməsinin, nə az, nə cox, düz 15 ili tamama yetdi! Az vaxt deyil, sözün əsl mənasında, bığ yeri yenicə tərləyən bir qoç igidin ömrüdür! Bəli, zarafat-zarafat, bu 15 il ərzində təhsildə bir “qocaman” mərhələ də başa çatdı. Yəni, Mərdanovun nazir olduğu 1998-ci ildə birinci sinfə qədəm basan uşaqların bir hissəsi universitet təhsilini başa vurub ali məktəb diplomuna yiyələndilər...
Amma nə fayda?! İndi ölkədə bu 15 ildə təlim-tərbiyə prosesində hansı aşınmaların baş verdiyini, bağça, məktəb və texniki-peşə məktəblərinin ərazilərinin işbazlara necə “peşkəş” edildiyini, təhsilin məzmununun necə dağıdıldığını, bir sözlə, təhsil sisteminin necə tar-mar edildiyini 7-dən 77-yə hər kəs çox yaxşı bilir. Xalq yazıçısı Çingiz Abdullayevin təbirincə desək, “bu gün təhsil Azərbaycanın üz qarasına çevrilib!”. Təbiidir ki, nazirlik məmurları bütün bunları yerli təhsil ekspertlərinin “qərəzli yanaşması”, “uydurması” kimi qələmə verirlər. Amma fakt faktlığında qalır. Hər şey ortalıqdadır. Təhsillin səviyyəsi ilə bağlı dünyada dəqiq yerimizi bilmək üçün, sadəcə olaraq, monitorinq aparan beynəlxalq qurumların hesabatlarına (PİSA və PİRLS-in nəticələrinə) baxmaq kifayətdir. Bunun üçün bəlkə uzaqlara getmək də lazım deyil. Bildiyimiz kimi, Mərdanovun nazirliyi dönəmində 4500-dən çox ümumtəhsil məktəbinin Beynəlxalq Fənn Olimpiadalarında birlikdə əldə etdiyi medalların sayı ölkədəki 5-10 Özəl Türk Liseyinin əldə elədiyi medalların sayının bircə faizi qədər də deyil! Bu, təhsilimizin nə gündə olmasının göstəricisi deyilmi?!
Zavod, fabrik zay əmtəə istehsal edəndə, buraxdığı məhsullar işə yaramayanda onu bankrot elan edir, ağzına bir qıfıl vurub bağlayırlar. Misir Mərdanovun rəhbərlik elədiyi sistemin “çağdaş şəxsiyyət” adı altında buraxdığı “məhsulların” bir qismi adını düzgün yaza bilmir, bir qismi düşmənlə üzbəbüz səngərdə döyüş üçün vacib olan adi hesab əməllərini apara bilmir, böyük bir qismi isə biliksiz, bacarıqsız halda özünün ən elementar insani hüquqlarından xəbəri olmadan cəmiyyət sıralarına daxil olur. Ancaq onu bağlamırlar. Bağlamayacaqlar da! Çünki bu mümkün də deyil. Təhsil almaq vətəndaşın konstitusion hüququ, Təhsil Nazirliyi isə bu hüququ reallaşdıran məsul icra strukturudur! Mərdanovun arxayınçılığının, sistemə strateji əhəmiyyətli bir sahə kimi yox, sıradan bir “obyekt” kimi baxmasının əsas səbəbi də elə budur, yəni nə “obyekti” bağlayacaq, nə də ki onu buraxdığı “zay məhsula” görə işdən çıxaracaqlar. Axı “obyekt” işləməli, toplumun başı qarışmalıdır...
İndi çoxları Mərdanovun bu cür yarıtmaz işlə 15 il nazir kreslosunda necə qalması haqqında baş sındırırlar. Doğrusu, bunun səbəbini mən də bilmirəm. Amma hamı kimi mənim də eşitdiklərim var. Belə deyirlər ki, guya 5-6 il öncə kreslosu titrəməyə başlayanda Mərdanov sevincək gəlib ətrafına “narahat olmayın, tapşırılmışam, qalıram” – deyib. Üstündən üç il keçmiş, çepe yarananda “iki yerdən tapşırılmışam”, inişil üç müavininin bir gündə azad olunması qalmaqalında isə “üç yerdən tapşırılmışam” – deyib. Mərdanovu kim tapşırıb, kimə tapşırıb, necə tapşırıb, bilmirəm. Amma onu dəqiq bilirəm ki, atalar üçdən deyib, bu dəfə tapşıran olmayacaq...
Ötən ilin aprelində ölkə başçısı xüsusi fərmanla dərsliklərin monitorinqini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə edəndə, nazirlik sistemində çalışan köhnə tanışlarımdan biri “boş şeydir, bizim dərsliklərimiz yüksək səviyyədədir, əgər TQDK onlarda ciddi bir şey tapsa, eşşək kimi anqıracam” – demişdi. Bu söhbətin üstündən çox vaxt keçməyib. TQDK dərsliklərdə nəinki “ciddi şeylər” tapıb, hətta onların xeyli hissəsini “tədrisə yarasızdır” rəyi ilə çıxdaş edib. İndi 50-55 il öncəki uşaqlıq həvəsimlə gözləyirəm, görüm o anqırtını nə vaxt eşidəcəm...
Beş-on gün bundan əvvəl maşınla həmin tanışımın iş yerinin yanından keçirdim ki, deyilən söz yadıma düşdü. Dönüb baxanda həyətdə gözümə o sataşdı. Tanışım da məni gördü. Uzaqdan bir-birimizə əl elədik. Dedim, nə bilmək olar, bəlkə adam “vədinə” əməl edəcək. Amma, nədənsə, ondan heç bir səs çıxmadı...

Nadir İSRAFİLOV, təhsil eksperti

Geri qayıt