Əsas Səhifə > Siyasət, Manşet > MOSKVA SƏFƏRİNİN GİZLİNLƏRİ

MOSKVA SƏFƏRİNİN GİZLİNLƏRİ


1-12-2011, 10:59
MOSKVA SƏFƏRİNİN GİZLİNLƏRİ

ZEYNAL NAĞDƏLİYEV RAMİZ MEHDİYEVDƏN ÜSTÜN MÖVQEDƏ

DİA.AZ: - Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin Moskvaya səfər etdiyi barədə yayılan məlumat təsdiqini tapdı. Rəsmi şəkildə xəbər yayıldı ki, «Kremldə Rusiya və Azərbaycan prezident administrasiyalarının rəhbərləri Sergey Narışkin və Ramiz Mehdiyev arasında görüş keçirilib.

Görüş zamanı administrasiyalar arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib.»

İkitərəfli əlaqələrin səviyyəsini yüksək qiymətləndirən Sergey Narışkin bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Humanitar Forum zamanı Ramiz Mehdiyevlə görüşdüklərini xatırladaraq qeyd edib ki, həmin tədbir hər iki ölkədə və xarici ölkələrdə əks-səda doğuran beynəlxalq və dünya əhəmiyyətli tədbir olub: «Hesab edirik ki, bu layihəni birgə səylərlə davam etdirəcəyik. Sizin gəlişiniz Ümumrusiya Azərbaycan Konqresinin qurultayı ilə əlaqədardır və bu da böyük hadisədir».

Ramiz Mehdiyev isə Moskvada olmaqdan və öz həmkarı ilə görüşməkdən çox məmnun olduğunu bildirib: «Biz sizinlə tez-tez görüşürük. Hesab edirəm ki, bu, Rusiya ilə Azərbaycan və prezidentlərimiz arasında mövcud olan əlaqələrin təzahürüdür».

Görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, administrasiyanın regionlarla əlaqələr şöbəsinin müdiri Zeynal Nağdəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak ediblər.

Xatırladaq ki, Ramiz Mehdiyevin Moskva səfəri barədə heç bir rəsmi məlumat verilməmişdi. İlk dəfə bu məsələ müstəqil media səhifələrində yer aldı və səfərin məxfi xarakter daşıdığı bildirildi. Görünür, məxfilik ictimailəşəndən sonra səfər barədə geniş məlumat verilməsinə ehtiyac duyulub.

Prezident Adminstrasiyasının rəhbərliyində təmsil olunan bir çox məmurların da Moskva ilə sıcaq ilişkilərinin olduğu heç kimə sirr deyil və hətta Azərbaycan-Rusiya əlaqələrinin artan xətlə inkişafının məhz PA rəhbərinin xidmətlərinin nəticəsi olduğu da vurğulanır. Ramiz Mehdiyevin bu günlərdə nümayəndə heyətiylə Moskvaya təşrif buyurması və Rusiyalı həmkarı Sergey Narışkinlə məhrəm müzakirələr aparması da yuxarıda iddia olunan yaxınlığın təzahürlərindən biridir. Doğrudur, rəsmi qaynaqlarda PA rəhbəri və onun başçılıq etdiyi nümayəndə heyətinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qurultayında iştirak etmək üşün Moskvaya getdikləri iddia olunur. Ancaq bu səfərin həm ziyarət, həm siyasi ticarət xarakteri daşıdığını da əminliklə söyləyə bilərik.

Diqqətçəkən bir məsələ Moskvaya səfər zamanı hörmətli akademiki rəqibi və «mehriban düşmən»i - Prezident Adminstrasiyasının Ərazi İdarəetmə Orqanlarıyla İş Şöbəsinin müdiri Zeynal Nağdəliyevin də müşayət etməsi oldu. Nümayəndə heyətinin digər üzvləri Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun akademikin ən yaxın və sınanmış adamları olduğu bəlli olduğundan Zeynal Nağdəliyevin bu missiyada hansı görəv daşıyıcısı olduğunu təftiş etmək zərurəti meydana çıxıb.

Əlbəttə, kimsə iddia edə bilər ki, Zeynal Nağdəliyev vaxtilə uzun müddət Rusiyada yaşayıb və Ümumrusiya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü olub, bu ölkədəki azərbaycanlılar arasında nüfuz sahiblərindən biri kimi ad çıxarıb. Ancaq bu iddialar əsaslı hesab oluna bilməz və hal-hazırda onun daşıdığı vəzifə və Prezident Adminstrasiyası rəhbəriylə aralarındakı intriqa əslində onun Moskva səfərinin pərdəarxası məqamlarına diqqət yetirməyi diktə edir. Axı ərazi idaretmə orqanlarıyla iş aparan bir qurumun rəhbərinin Mehdiyev-Narışkin görüşündə iştirakına nə ehtiyac vardı? Təbii ki, ilk yada düşən ehtimal onun məhz anti-Mehdiyev qruplaşması, hətta ola bilər ki, birinci şəxsin özü tərəfindən göndərilməsidir. Əslində Nağdəliyevin bu səfərdə «casus» obrazında iştirakı və PA rəhbərinin bütün görüşlərinin iştirakçısı olması, akademiki bir an belə gözdən qoymaması ondan xəbər verir ki, İlham Əliyev Azərbaycan-rusiya münasibətlərinin daha da dərinləşməsində maraqlı deyil və bu yaxınlığı öz hakimiyyətinə, eyni zamanda gələcək planlarına təhlükə hesab edir.

Xatırladaq ki, hələ bir müddət öncə mətbuatda belə bir məlumat yayılmışdı ki, Zeynal Nağdəliyev yaxın ətrafına tezliklə Prezident Adminstarsiyasının rəhbəri vəzifəsinə keçəcəyini və İlham Əliyevdən ilkin xeyir-dua aldığını bildirib. Lakin hələlik onun bu istəyi reallaşmayıb, əksinə, akademikin hakimiyyətdəki mövqelərinin hələ də möhkəm olduğu ötən parlament seçkilərində çılpaqlığıyla üzə çıxdı. Ancaq bu hələ o demək deyil ki, Prezident Adminstrasiyasında gözlənilən yerdəyişmə arxa plana keçirilib və taym-aut götürülüb. Əksinə, çox güman ki, Zeynal Nağdəliyev hər vəchlə «sələfini» bitirməyə çalışır və onun bütün hərəkətlərini izləyərək birinci şəxsə kompromatlar ötürür. Bu gizli savaşda kimin kimi bitirəcəyini indidən proqnozlaşdırmaq çətin olsa da, bir şey aydındır ki, hakimiyyət gec-tez məcburi yerdəyişmələrə getmək zorunda qalacaq və cəmiyyətdə köhnəlik tərəfdarı kimi ad çıxarmış qüvvələrə qarşı nisbətən sərt davranışlar sərgilənəcək.


Geri qayıt