Əsas Səhifə > Güney Press, Araşdırma > BAKIDAKI "MAFİYA KLUBU"NDAN İLGİNC REPORTAJ
BAKIDAKI "MAFİYA KLUBU"NDAN İLGİNC REPORTAJ27-03-2013, 09:18 |
QIZLARA GİRİŞ PULSUZDUR "Əvvəllər "mafiya" oynamağı heç sevmirdim. "Mafiya" sözünü eşidərkən elə bilirdim ki, bu çox pis oyundur. Lakin "mafiya"-kluba daxil olub bu oyunu oynadıqdan sonra "mafiya" oyunu məndə bir vərdişə çevrildi. Demək olar ki, həftədə, ən azı, 2 dəfə "mafiya"-kluba oyun oynamağa yollanıram", - həmsöhbətim 24 yaşlı Sevinc Qədirova deyir. Həmsöhbətimdən bu sözləri eşitdikdən sonra "mafiya" klubuna olan marağım daha da artdı. Nəticədə özüm də Bakının tanınmış "mafiya" klublarından birinə yollandım. "Mafiya" oyununa olan maraq "Mafiya" sözünü eşitdikdə ağlımıza ilk gələn "Xaç atası" filmi olur. Silahlı adamlar, çaxnaşmalar, qatillər və s. Lakin son zamanlar "mafiya" oyun olaraq gənclər arasında olduqca dəbdədir. "Mafiya" oyununa Bakıda olduqca böyük maraq var. Gənclər arasında populyar olan bu oyun böyükləri də cəlb edir. Bu oyunun bu dərəcədə məşhur olması Bakıda bir çox məkanlarda mafiya klublarının yaranmasına səbəb oldu. Hal-hazırda Bakıda bir çox çayxanalar da "mafiya" oyunu oynamaq üçün şərait yaradırlar. Kluba giriş oğlanlara pullu, qızlara isə pulsuzdur "Mafiya" klubuna daxil olmaq üçün qiymətlər müxtəlifdir. Bəzi "mafiya" klublarında qızlar üçün giriş pulsuzdur. Bakıda "mafiya"-kluba daxil olmaq üçün hər bir kəs 5-25 AZN-dən keçməlidir. Şəxsən mənim yollandığım "mafiya"-klubda giriş haqqı tələb etmədilər. Giriş qapısında "Xanımlara giriş pulsuzdur" yazılmışdı. Qeyd edək ki, bu məbləği ödəyənlər klubda istədikləri qədər qala bilərlər. Lakin bilin ki, oyunun qaydaları pozularsa, oyunçunun oyundan çıxarılması ilə nəticələnir. Və oyunda yalnız VIP-klubun üzvləri iştirak edə bilərlər. Misal üçün, Bakıda fəaliyyət göstərən və gənclər arasında olduqca yaxşı tanına "N" adlı "mafiya"-klubda oyun zamanı qaydalara riayət etmədikləri üçün 2 gənc oğlan zalı tərk etməli oldu. Oyun zalında müxtəlif içkilər və yeməklər təklif olunur. Burada hətta rəqqasələrin çıxışını da görə bilərsiniz. "Mafiya" oyununun faydaları və fəsadları Psixoloqların fikrincə, "mafiya" oyununun həm faydaları, həm də fəsadları var. Bu oyun psixologiyaya, məntiqə böyük təsir edə bilir. Oyun ünsiyyətdən və mübahisədən ibarətdir. "Mafiya" oynayan şəxslər aktyor istedadına malik olan, insanları inandırmaq bacarığını özlərində cəmləşdirən şəxslər olmalıdırlar. Çünki bu oyunda daim "satqınlıq" halları baş verir. Yəni oyun zamanı diqqətli olan şəxs oyunçular haqda yeni detallar öyrənə bilər. Məntiq bu oyunun əsas qaydasıdır. Məntiqlə fikirləşən şəxslər asanlıqla qalib gələ bilərlər. Qeyd edək ki, bəzi psixoloqların fikrincə, "mafiya" oynayan şəxslər həyatda daha fəal, insanları tanıyan, pisi yaxşıdan ayıran şəxslərdir. Psixoloq Vüqar Bağırov Milli.Az-a verdiyi açıqlamasında "mafiya" oyununun fəsadları haqda məlumat verdi. "Bu gün gənclərin böyük əksəriyyəti bu oyuna olduqca böyük maraq göstərir. Belə baxanda, deyə bilərsiniz ki, bu adi bir oyundur. Lakin onun digər oyunlardan fərqli olaraq psixoloji fəsadları var. Bildiyimiz kimi, oyunun əsas məqsədi digər oyunçuları aldatmaqdır. Bu oyunu daima oynayan şəxslər ətrafdakıları aldatmağa öyrəşə bilərlər. Yalan danışmaq isə belə insanlarda vərdiş kimi formalaşır", - deyə psixoloq bildirdi. "Mafiya" oyununu heç oynamayan bəzi şəxslərin isə bu oyuna qarşı münasibətləri olduqca müsbətdir. Misal üçün, həmsöhbətim 27 yaşlı Kənan Əliyev bu oyunu heç oynamasa da, olduqca yaxşı fikirdə olduğunu bildirdi: "Mən hələ ki, fürsət tapıb bu oyunu oynamamışam. Lakin oynayanlar haqda heç bir pis fikrim yoxdur. Məncə, adi oyunun kiməsə ziyanı olmaz. Qumar deyil ki, adi oyundur". Oyunun qaydaları "Mafiya" oyunu oynayarkən bu oyunun qaydalarının elə də asan olmadığını başa düşdüm. İlk növbədə qeyd edim ki, bu oyunda 12 oyunçu iştirak etməlidir. Əgər bu "Kral mafiya oyunu"dursa, o zaman buraya 32 nəfər qatılır. Bu, oyunun əsas tələblərindən biridir. "Mafiya" oyunu kartlar vasitəsilə oynanılır. Kartlar iştirakçılara müəyyən bir "status" verir. Oyunçulardan 3-ü "mafiya üzvü", 1-i "komissar", 7-si adi "vətəndaş", 1-i isə "manyak" olur. Mafiya oyunu iki qrup iştirakçıdan ibarətdir: vətəndaşlar və mafiya. Oyundakı "komissar" "vətəndaş"ların tərəfində olur. "Mafiya" isə ürəyi istəyərsə, "vətəndaş"lara tərəf, istəyərsə, mafiyaya tərəf olur. "Manyak" isə adətən bitərəf olur. Oyun hər zaman "gündüz" və "gecə" rejimində sonadək davam edir. Oyunu aparan şəxs "gecə" elan edirsə, oyunçular mütləq gözlərini yummalıdırlar. Gözlərini açmaq hüququ yalnız "mafiya"dan olan şəxslərə verilir. Onlar özlərini tanıyaraq, özlərinə rəhbər seçir və gözlərini yumurlar. "Mafiya"nın rəhbəri Don adlanır. Daha sonra isə komissar, ondan sonra isə manyak gözlərini açaraq ətrafa baxırlar. Yalnız bundan sonra hamı yuxudan oyanır. Qeyd edim ki, oyun zamanı "gecə" olarkən otaq qaranlığa bürünürdü. Bəzilərinin, mən də daxil olmaqla, belə bir məkanda qorxmaması mümkün deyil. Bir müddət müzakirə aparıldıqdan sonra ortaya "mafiya"nin kim olduğu barədə iddialar atılır. Müzakirədən sonra şübhəli şəxslər çıxış edirlər. Çıxış etmək isə heç də asan deyil. Şəxsən mənim çıxışıma və "mafiya"dan olmamağıma heç kim inanmadı, sonda oyundan uduzaraq xaric edildim. Bir sözlə, hər səsvermənin nəticəsində, şübhəlilərin çıxışından sonra bir nəfər oyundan uzaqlaşdırılır. "Gecə" düşəndə isə "mafiya" oyununa başlayır. Hər bir kəs gözlərini yumur və "mafiya" üzvləri oyunçulardan birini "öldürür", yəni oyundan çıxarır. Qeyd edim ki, bu oyunda "mafiya" rolunda olmaq mənə də nəsib olmuşdu. Sənə qarşı olan şəxsi, üstəlik, o bundan xəbərsiz olarkən, çıxarmaq adama ləzzət edir. "Mafiya"dan sonra isə "komissar" bir nəfəri hədəf seçərək "atəş açır". Əgər hədəf düzgün seçilibsə, "mafiya" oyundan çıxır. Digərlərindən fərqli olaraq "manyak" öz gecəsində istədiyi şəxsi öz kefinə görə "öldürür". Bir sözlə, "manyak"ın kimdən xoşu gəlmirsə, onu da oyundan çıxardır. "Mafiya" oyununun iştirakçıları "Mafiya" oyununun iştirakçıları "mafiya" üzvlərindən, "vətəndaş"lardan, "komissar"dan və "manyak"dan ibarətdir. "Vətəndaş"lar yalnız düşünüb, uzun müzakirələrdən sonra "mafiya" bildikləri şəxsləri ortaya çıxarmağa qadirdilər. "Mafiya" üzvləri yalnız "mafiya gecəsi" zamanı bir-birləri ilə tanış olurlar. "Mafiya" üzvləri adətən vətəndaşlara qarşı oynayırlar. Onların başında "Don mafiya" olur. Donun dediyi söz mafiya üzvləri üçün qanundur. "Manyak" nə "mafiya"ya, nə də ki, vətəndaşlara tərəfdir. Demək olar ki, o, yalnız özü üçün oynayır və istədiyini öz "gecə"sində öldürür. "Komissar"ın vəzifəsi isə vətəndaşlara kömək etməkdir. "Komissar" öz "gecə"sində "mafiya" bildiyi şəxsi oyundan çıxartmağa qadirdir. Lakin "komissar"ın açdığı "atəş" adi "vətəndaş"a da dəyə bilər. Bir sözlə, "komissar" olduqca ehtiyatlı olmalıdır. Oyunda kiminsə qalib gəlməsi "vətəndaş"lar və "mafiya" üzvlərinin sayından asılı olur. Adətən, kimlərin sayı çoxdursa, məhz onlar da qalib gəlirlər. "Mafiya" oyununun yaranma tarixçəsi Qeyd edək ki, "mafiya oyunu" ifadəsi ilk dəfə olaraq Moskva şəhərində işlədilib. Bu oyunun qaydaları Moskva Dövlət Universitetinin psixologiya fakültəsinin tələbəsi Dmitri Davıdov adlı şəxs tərəfindən hazırlanıb. Bakıda isə bu oyun təxminən beş ildir ki, populyarlaşıb. Xatırladaq ki, əvvəllər "mafiya" oyununda ortaya qoyulan pullar olduqca böyük bir miqdarda idi. Lakin sonradan bu oyunu oynayan şəxslərə 5-10 AZN belə kifayət edirdi. "Mafiya"-klublar adətən yeraltı məkanlarda fəaliyyət göstərirlər. Mənim daxil olduğum "mafiya" klublarının əksəriyyəti, məhz yeraltı məkanlarda yerləşir. Məkanın harada yerləşməsinə baxmayaraq, "mafiya"-klubların hər biri digərindən fərqlənir. Onların özünəməxsus dizaynı var. "Mafiya"-klub sahibiylə qısa söhbət "N" adlı "mafiya"-klubun sahibi Nizam Qurbanov belə klubun fəaliyyətinin böyük əziyyət tələb etdiyini deyir. "Mən özüm də bu oyunun həvəskarı olmuşam. Sonra özümə məxsus belə bir klub yaratdım. Lakin sonradan başa düşdüm ki, belə bir məkanın əziyyətini çəkmək bir o qədər də asan deyilmiş. "Mafiya"-kluba adətən gənclər gəlirlər. Çox vaxt onlar dava da edirlər. Dava zamanı isə məkanda müəyyən əşyalar çox vaxt yararsız hala gəlir. Mən öz məkanımda əvvəllər içki də verirdim. Lakin sonradan başa düşdüm ki, bu xidmət müştərilərin sayını çoxaltsa da, müəyyən problemlərə, mübahisələrə səbəb olur. Bu klubdan gəlirim olduqca yaxşıdır. Məkana giriş qızlara pulsuz olsa da, daha çox oğlanlar gəlirlər. Gündə ən azı 20 nəfər bu oyunu oynamaq üçün kluba üz tutur", - deyə "mafiya"-klub sahibi N.Qurbanov bildirdi. Qeyd edim ki, oyun olduqca maraqlı keçsə də, sonunda uduzmağım heç də xoşuma gəlmədi. Xanım olmağıma baxmayaraq, oyunda oğlanlar tərəfindən təklənmişdim. Lakin oyunun qaydalarına nəzər yetirəndə başa düşürəm ki, "mafiya" oyununda hər kəs özünə görə cavab verir... \ Milli.Az \ Geri qayıt |