Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TALIŞ BİRLİYİNDƏN HAKİMİYYƏTƏ İTTİHAM
TALIŞ BİRLİYİNDƏN HAKİMİYYƏTƏ İTTİHAM28-03-2013, 10:31 |
ERMƏNİLƏRİN TƏXRİBATINA FƏRQLİ YANAŞMA Azəri-Talış İctimai Birliyinin sədri Mehdibəy Səfərov “Media forum” saytına göndərdiyi açıqlamada Şuşadan “Tolışstoni sədo” radiosunun yayılmasına münasibət bildirib. O yazır: “Hiyləgər və tədbirli erməni ideoloqları Azərbaycanda sabitliyi pozmaq üçün zərbəni həssas nöqtələrdən birinə yönəldiblər. İşğal olunmuş Azərbaycan ərazisindən talış dilində radio verilişlərinin yayımlanması talışları qızışdırıb min illər qohumluq, dostluq ünsiyyəti ilə yaşamış, sevinci, kədəri bir olmuş türk qardaşları ilə üzbəüz qoymaq, bir-birindən rəncidə salmaq niyyəti güdür. Mən həm talış, həm Azəri-Talış İctimai Birliyinin sədri, həm də məmləkətin ərazi bütövlüyünə, dövlətçiliyinə böyük hörmət və həssaslıqla yanaşan sadə bir Azərbaycan vətəndaşı kimi işğal olunmuş Azərbaycan ərazilərindən talış dilində hər hansı radio, televiziya verilişinin yayımlanmasının xoş məramlı olmasına qətiyyən inanmıram”. Mehdibəy Səfərov qeyd edir ki, radionun məhz Şuşa şəhərindən yayımlanmasının səbəbləri ilk baxışda göründüyündən daha qəlizdir: “Onun efirə çıxması, talış dilində laylalar, mahnı və musiqilər səsləndirməsi sadə talışın birbaşa təhtəlşüuruna yönəlmiş psixoloji təxribatdır: “Azərbaycanda sənin ana dilinə zaman-zaman yasaqlar qoyurlar, biz isə öz doğma dilində sənə ürəyin və ruhun istəyən çeşidli proqramlar ərməğan edirik”. Azəri-Talış İctimai Birliyinin sədri daha sonra yazır ki, başçılıq etdiyi qurum 14 dekabr 2012-ci ildə Lənkəran şəhərində fəaliyyət göstərən CTV-də talış dilində radio və televiziya proqramlarının yayımlanması xahişi ilə prezident İlham Əliyevə, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciət edib: “Müraciətimizdən 4 aya yaxın müddət keçməsinə baxmayaraq indiyə kimi bizə heç bir rəsmi və ya qeyri-rəsmi cavab verilməyib. Yalnız arada Prezident Administrasiyasının sektor müdiri Müzəffər Talıblı ilə telefon əlaqəsi qurmağa nail olduq. Məlum məzmunlu məktubla bağlı zəng etdiyimizi eşidən kimi qəzəbləndi: “Talışlar nə istəyirlər axı? Onlara talış dilində danışmağa kim mane olur ki? Nə qədər istəyirlər danışsınlar, oxuyub-oynasınlar. Qaldı radio və televiziyaya, biz bunları talışlara vermərik! Talışlara versək, onda gərək ləzgilərə də, kürdlərə də, tatlara da verək”. Dedik ki, ay müəllim, axı ləzgi də, kürd də, tat da, avar da eyni ilə azəri türkləri kimi bu ölkənin övladları, vətəndaşlarıdır. Onlar gündə bir neçə saat ana dillərində proqramlar dinləsələr, verilişlərə baxsalar nə olar, dünya qara geyər? Bu da nəticə! Özü də əvvəlcədən asanlıqla proqnozlaşdırılan nəticə, səriştəsizliyin, ciddi problemlərə məsuliyyətsiz yanaşmanın acı nəticəsi! Ermənilər Şuşadan “Tolışstoni sədo” radiosunu yayımladı! Biz fəryad qoparırıq, müraciət, xahiş, tələb edirik ki, məmurlar tərəfindən insanların, o cümlədən milli azlıqların hüquqlarına etinasızlıqlara son qoyulsun. Biz rica, təvəqqe edib demişik ki, talışların kompakt yaşadıqları regionda fəaliyyət göstərən TV və radio kanalları talış dilində də verilişlər yayımlasın. Bunu sadə məntiq deyir, bunu ölkə konstitusiyası, milli azlıqlarla bağlı prezident fərmanı deyir. Nəhayət, bunu qoşulduğumuz, öhdəlik götürdüyümüz, imza atdığımız beynəlxalq konvensiyalar, sazişlər, müqavilələr, xartiyalar deyir”. Geri qayıt |