Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RAFİQ ƏLİYEVƏ ABŞ-DA BÖYÜK ETİMAD

RAFİQ ƏLİYEVƏ ABŞ-DA BÖYÜK ETİMAD


29-03-2013, 10:14
RAFİQ ƏLİYEVƏ ABŞ-DA BÖYÜK ETİMAD
ALİMİMİZİN KİTABI İLK ÜÇLÜYƏ DÜŞÜB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevin “Hakimiyyət, cəmiyyət və din” kitabı ABŞ-da ən çox satılan 25 kitab arasında üçüncü yeri tutub. Kitab bu ay “Trafford” beynəlxalq nəşriyyat evində işıq üzü görüb. “Media forum”un suallarını cavablandıran professor “Hakimiyyət, cəmiyyət və din”in Azərbaycanda 2003-cü ildə nəşr olunduğunu deyib:

- Həmin il kitabı Azərbaycan və rus dillərində buraxdıq, daha sonra ingilis dilində çap etdik. Bu il isə “Trafford.com” saytı vasitəsilə ABŞ-dakı nəşriyyatla əlaqə saxladım. Kitab nəşrə qədər 7 mərhələdən keçdi. Bir ay ərzində bu işlər görüldü, kitab nəşr edilib mənə göndərildi.

- Tirajı nə qədərdir? Satışdan sizə nə düşür?

- Konkret tiraj müəyyən edilməyib, nə qədər tələbat olacaq, o qədər nəşr ediləcək. Müqaviləyə əsasən, satışdan gəlirin 20 faizi hesabıma köçürülür. Kitabın ilkin nəşrinə cəmi 649 ABŞ dolları köçürmüşəm. Burada min nüsxəyə 1500 manat sərf etmişdim.

- Sizcə, “Hakimiyyət, cəmiyyət və din” kitabı niyə amerikalıların bu qədər marağına səbəb olub?

- Kitabda hakimiyyət, cəmiyyət və din insanların yaşayışı üçün üç əsas kimi göstərilir. Bu üç sütunun biri ortadan götürülsə, cəmiyyətdə yaşayış mümkün olmaz. Hakimiyyətlə din arasında münasibət cəmiyyətdən keçir. Əgər cəmiyyətdə balansı saxlamaq istəyi varsa, hakimiyyətlə din arasında münasibətlər düzgün qurulmalıdır. Kitabda bu məqamlara yer ayırmışam.

- Konkret ölkələr və ya regionlarda cərəyan edən proseslərdən misal gətirilibmi?

- Əlbəttə. Bütün ərəb ölkələrinin təcrübəsindən istifadə olunub. Məsələn, Misirin milliyyətçilik ideyası misal çəkilib. İslamda milliyyət yoxdur. İslam milliyyətsiz dindir, milliyyətçiliyi tamamilə inkar edir. Misirdə Camal Əbdül Nasir hakimiyyətə gələndə milliyyətçilik ideyasını ortaya atdı, dini kənarlaşdırdı. Hələ 1985-ci ildə yazmışdım ki, vaxt gələcək, Misirdə din milliyyətçiliyi tamamilə aradan çıxaracaq, hakim yerdə duracaq. Bu fakt təsdiq olundu.

Ötən əsrin 90-cı illərində Əlcəzairdə din adamları parlament seçkisini uddu. Fransanın təzyiqi ilə Əlcəzair prezidenti həmin parlamenti buraxdı və vətəndaş müharibəsi başladı. Bu müddətdə Əlcəzairdə 60 mindən artıq adam ölüb. Nəyin ucbatından? Dinlə hakimiyyətin dil tapmamasına görə.

Cəmiyyətdə dinə ehtiyac var. Sadəcə dini, onun layiq olduğu yerdə saxlamaq lazımdır. Bunu da müəyyən edən yenə hakimiyyətdir. Çox şey hakimiyyətin münasibətindən asılıdır. Kitabda bütün bu məqamlara toxunulur. Amerika, Avropa cəmiyyəti bu fikirləri maraqla qarşılayıb.

- Kitabda Azərbaycan haqqında hansısa faktlar yer alıbmı?

- Əsasən dini tolerantlıq mövzusuna toxunulub. Bizim dini tolerantlığımız millətçi olmamağımızdan irəli gəlir. Biz heç zaman millətçilik virusuna düçar olmamışıq. Millətçilik olmadığına görə dinin inkişafı da başqa cür gedir.

Kitabda o da qeyd edilir ki, dinin modelləri olmur. Din təkdir. Model həmişə orijinaldan pis olub. Türk, İran modeli ola bilməz. İslam dinini modelləşdirmək olmaz.

- “Trafford”la davamlı əməkdaşlığınız gözlənilirmi?

- Nəşriyyatda “Hakimiyyət, cəmiyyət və din”lə yanaşı “Yoxsulluq, diktatura və ədalətsizlik” adlı kitabım da yenicə işıq üzü görüb. Bu da maraqlı kitabdır. Çünki yoxsulluq, diktatura və ədalətsizlik sonda inqilaba gətirib çıxarır. “Həyatın sirli güşələrində” kitabımı da qəbul ediblər. Bədii əsərdir.

Geri qayıt