Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISI ÇOBAN XANIŞIN OĞLUNU SIXIŞDIRIR
İCRA BAŞÇISI ÇOBAN XANIŞIN OĞLUNU SIXIŞDIRIR1-04-2013, 09:09 |
53 YAŞLI QOCAMAN EKSKAVATORÇU İCRA BAŞÇISINDAN NARAZILIQ EDİR DİA.AZ: - Bu il mart ayının 13-də redaksiyamıza gələn Xanış kişinin oğlu Kamil Mövlanov Lerik Rayon İcra Hakimiyyəti ilə bağlı xeyli giley-güzar bildirdi. DİA.AZ olaraq “Cənub Xəbərləri” qəzetinə istinadən Kamil Mövlanovun dilindən səslənən giley-güzarı qısa ixtisarla sizə təqdim edirik. “Atam Xanış kişi rəhmətə gedəndən sonra Lerik rayonunda ailəmiz üçün dözülməz şərait yaranıb. Ötən il Lerik rayonunun icra başçısı Novruz bayramı günü atamın tikdirdiyi, üstündə Heydər Əliyevin şəkli olan bulağı sökdürdü. Hansı ki, atam mərhum Prizident Heydər Əliyevlə həmişə bu bulağın qarşısında görüşərdi. İcra başçısının birinci müavini Cəlil Baxşıyev müxtəlif adlarla ailəmizə məxsus pay torpaqlarımızı əlimizdən aldı. Rayonda övladlarımızın işlə təmin olunmasına imkan vermirlər. Harada bir balaca iş yeri tapırıq, dərhal ora sifariş yollayırlar ki, bunlara iş verməyin. Məsələn, oğlum Lerik Qaz İstismar İdarəsində işləyərkən hərbi xidmətə gedib, lakin indi imkan vermirlər ki, o, əvvəlki işinə qayıtsın. Bacım Tellinin yarım hektardan artıq payıbəlli torpağını alıblar ki, guya onun övladına münasib iş verəcəklər. Lakin heç nə yoxdur. Lerik Rayon İcra Hakimiyyətində nəinki insanların haqlı şikayətlərini həll etmirlər, əksinə, haqqını tələb edənləri təhqir edir, yaxud da şərləyirlər. Mən, 53 yaşlı, rayonun qocaman ekskovatorçusunu isə demək olar ki, açıq-aşkar istismar edirlər. Rəsmi iş yerim Xanbulaq Su-Melorasiya İdarəsidir. Həmin idarənin Lerikə təhkim olunmuş ekskovatorçusu kimi 1 ildən artıqdır ki, orada işləyirəm. Cəmi 109 manat əmək haqqı alıram. 120 min manat dəyərində olan bu texnikanın bütün təmir və yanacaq xərcləri də mənim üzərimdədir. Mənim əsas işim Lerikdəki göllərdə, sututarlarda iş aparmaqdır. Lakin Lerik rayonunun icra başçısı Rövşən Bağırov və onun müavini Cəlil Baxşıyev məni tamam kənar işlər görməyə məcbur edir və zəhmət haqqımı da ödəmirlər. Rayonda məktəb tikilir. Bütün hamarlama və qazma işlərini mənə tapşırırlar. Məgər məktəb tikintisi üçün vəsait ayrılmır? Axı, hər yeni məktəb tikiləndə elan edirlər ki, bu binanın inşasına 1 milyon, 2 milyon manat pul ayrılır. Bəs həmin pullar hara gedir? Yaxud, kəndlərin qazlaşdırılması üçün milyon manatlarla vəsait ayrılır. Lerikin mərkəzindən 14 kilometr məsafədə yerləşən Durğan kəndinə də qaz çəkilir. Ən çətin keçidlərdən keçən bu xətdə qazma işlərini mən apardım. Çox təhlükəli yerlərdə qazma işləri gördüm. Lakin bu əziyyətli işin müqabilində bir manat da ala bilmədim. 1-ci müavin Cəlil Baxşıyev kiməsə ev yeri üçün torpaq satır. Onun yerini isə mənə hamarlatdırır. Bəzən hər ay 5-10 ev yerini hamarlayır və beton üçün yer qazıram. Bu insan açıq-aşkar məni istismar edir. Nə istirahət bilirəm, nə bayram. Elə olur ki, bir sutkanın 15-20 saatını işləməli oluram. Lakin zəhmət haqqım ödənilmir. İşlətdiyim texnikanın hər 2 aydan bir yağ və filtrini dəyişmək 700-750 manata başa gəlir. Bu günlərdə “diferi” dəyişməyə 3 min manat xərcləmişəm. 3 min 500 manata həmin ekskovator üçün 4 təkər almışam. Lənkərandan texnika çağıranda eyni iş üçün 7 min manat pul ödəyirlər. Amma həmin işə görə mənə heç 100 manat da vermirlər. Haqqımı tələb edəndə isə mən şantaj olunuram. Guya idarələrdən haqq yağıram. İdarə ekskovatorçuya niyə haqq verməlidir ki? Neçə inəyimi, digər əmlakımı satıb maşının təmiri üçün sərf etmişəm. Neçə kənd üçün qaz xəttinin qazıntısını aparsam da, lakin özüm qaz pulunu verə bilmirəm. Bütün bunlar azmış kimi, haqqımı tələb edəndə məni polislə hədələyirlər. Martın 12-də polis məni saxlayıb ki, guya çayın məcrasını dəyişmişəm. Harada dəyişmişəm, bunu göstərə də bilmirlər. Nə icra başçısının, nə müavini Cəlil Baxşıyevin qəbuluna düşmək mümkünsüzdür. İcra başçısını ancaq qəbul günündə tapmaq olur. Həmin vaxtda da nə deyirsən, de, heç bir reaksiya yoxdur, elə bil quyuya yuxu danışırsan. Polis rəisinə deyirəm ki, apar məni icra başçısının, onun müavininin görüşünə, üzbəüz deyim ki, kimin günahı nədir, savabı nə. Lakin aparmır. Prezidentdən tutmuş bütün əlaqədar təşkilatlara müraciət etmişəm, rayon rəhbərlərinin yanına ağsaqqal göndərmişəm, lakin şikayətimizə baxan yoxdur. Mənə və yaxınlarıma açıq-aşkar zülm edilir. Artıq 20-dən artıq qohumumla ölkədən köçmək üçün sənədlər hazırlayırıq. Lerikdə yaşamaq mümkünsüz olub. Nə qədər ki, rayonda belə rəhbərlər var - ya burada qan düşəcək, ya gözgörəsi məhv olacağıq. Mən bu problemimlə bağlı ölkə başçısı İlham Əliyev cənablarının saytına da məktub yollamışam. Xanış kişinin 20-dən yuxarı övladının adından xahiş etmişik ki, bizim bu ölkədən getməyimizə yardımçı olsun. Artıq yaşamaq mümkünsüzdür”. Geri qayıt |