Əsas Səhifə > Cəmiyyət, Manşet > PA RAMİZ MEHDİYEVİN ADAMINI ARAŞDIRIR

PA RAMİZ MEHDİYEVİN ADAMINI ARAŞDIRIR


1-04-2013, 14:58
PA RAMİZ MEHDİYEVİN ADAMINI ARAŞDIRIR
ARZU RƏHİMOVUN İDARƏSİNDƏ ÖZBAŞINALIQ ƏNƏNƏYƏ ÇEVRİLİB

DİA.AZ: - Məlum olduğu kimi, bu gün Sabirabad rayon Hərbi Komissarlığından əsgərliyə çağırılmış Mirnağı Həsənov ağır vəziyyətdə Bakıdakı Hərbi Hospitala çatdırılıb. Onun yaxınlarının verdiyi məlumata görə, əsgər Həsənovun ağır duruma düşməsinə səbəb onun kəskin vərəm xəstəsi olması və ağ ciyərində 17 iri ləkənin mövcudluğu olub.

Əsgərin qohumları onu da bildirib ki, Mirnağı Həsənov hələ xeyli müddət imiş vərəm xəstəliyindən əziyyət çəkirmiş. Hətta onun hərbi xidmətə qədər dönəmdə bir neçə dəfə vərəmdən müalicə aldığı da verilən məlumatlar sırasında var. Hazırda əsgərin durumunun heç də yaxşı olmadığı bildirilir.

Bu əsnada o da məlum olub ki, Mirnağı Həsənovun vərəm olması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Həkim Komissiyasının üzvü Rasim həkimə də məlumat verilib. Lakin o, heç nəyə məhəl qoymadan gənci hərbi xidmətə yararlı hesab edib. Əsgərin valideynləri bildirir ki, məhz Rasim həkimin səhlənkarlığı üzündən Mirnağı hərbi xidmətə aparılıb və orada vərəmin ağır formasına tutulub.

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, əslində Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətində geniş şəkildə tücyan edən buk imi faktlar yeni yaradılmış qurumda baş verən özbaşınalıqların təzahürüdür. Onu da xatırladaq ki, buna qədər də bir-iki ayın əsgəri olan neçə gəncimizin ölüm xəbərini və yaxud da ağır xəstəliklə xəstəxanalara yerləşdirilməsinə şahidlik etmişik.

Məlumatlı mənbənin bildirdiyinə görə, bu kimi faktların geniş vüsət alması nəhayətdə müvafiq dövlət qurumlarının da hərəkətə keçməsinə nədən olub və hətta bu məsələnin Prezident Administrasiyası tərəfindən nəzarətə götürüldüyü də deyilir. Qeyd edək ki, bir zamanlar Bakı Baş Polis İdarəsinə rəhbərlik edən və Azərbaycanın Tacikistanda səfiri olmuş Məhərrəm Əliyev hazırda PA rəhbərinin hərbi məsələlər üzrə köməkçisi vəzifəsini tutur. Yəni bu sahə onun nəzarəti altındadır və bu yaxınlarda səs-küylü əsgər ölümü faktına reaksiya verən Məhərrəm Əliyev bildirmişdi ki, həmin fakt üzrə araşdırmalar aparılacaq və iş onun nəzarəti altında olacaq.

Məlumatı verən mənbənin bildirdiklərindən o da aydın olur ki, PA tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətində cərəyan edən olayların araşdırılması üçün start düyməsi basıla bilər: «Əslində burada da hakimiyyətiçi münasibətlərin təzahürü yetərincədir. Quruma rəhbərlik edən Arzu Rəhimovun birbaşa olaraq PA şefi Ramiz Mehdiyevin adamı olması faktdır. Və PA tərəfindən aparıla biləcək hər hansı araşdırmanın mümkünlüyü və yaxud da obyektiv qərar verməsi də Ramiz Mehdiyevin prosesə təsir imkanlarından birbaşa asılıdır. Amma araşdırmalar artıq başlanılıb».

Onu da bildirək ki, nə zamandır mətbuatda ayrı-ayrı rayon hərbi komissarlıqlarının işindəki nöqsandan danışılır və bildirilir ki, hərbi komissarlar məhz «yuxarıların» tələbi ilə xeyli sayda sağlam çağırışçını hərbi xidmətdən yayındırır, bunun əvəzində xəstəliyi olan, amma imkanı olmayan gənclərimizi əsgərliyə cəlb edir ki, bunun da nəticəsində yuxarıda toxunduğumuz problemlər ənənə halını alır.

Məlumatlı mənbələrdən DİA.AZ-a ötürülən informasiyada qeyd olunur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin ayrı-ayrı regionlardakı nümayəndələrinin bu kimi əməllərinin cəzasız qalması bir müddət əvvəl bütün ölkədə rezonans doğurmuş əsgər Ceyhun Qubadovun məsələsində də özünü nəzərə çarpdırdı. Belə ki, mərhum Ceyhun Qubadovu hərbi xidmətə yola salan Abşeron rayonunun hərbi komissarının Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun yaxın qohumu olması faktı, səhhətində problemlər olan bir gəncin hərbi xidmətə hansı səbəblərdən göndərilməsi hadisəsinin ört-basdır edilməsilə nəticələndi.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Mövzu diqqətimizdədir.

Geri qayıt