Əsas Səhifə > Sosial, Manşet > LƏNKƏRANDA İCRA BAŞÇISI SÜNİ ÜSYAN HAZIRLAYIR

LƏNKƏRANDA İCRA BAŞÇISI SÜNİ ÜSYAN HAZIRLAYIR


2-04-2013, 09:11
LƏNKƏRANDA İCRA BAŞÇISI SÜNİ ÜSYAN HAZIRLAYIR
“QAFQAZ LTD”YƏ QARŞI ETİRAZ AKSİYASINI RAYON İCRA BAŞÇISI TƏŞKİL EDİB

DİA.AZ: - Məlum olduğu kimi, dünən - aprelin 1-də Lənkəranda aksiya keçirilib. Dünənki aksiya ilə əlaqədar rayondakı qaynaqlardan DİA.AZ-a ötürülən məlumatlardan aydın olur ki, aksiyanın keçirilməsinə səbəb Lənkəranın Liman-Bulade ərazisindən keçən beynəlxalq yolun tikintisinin dayandırılmasıdır.

Bildirək ki, yolun tikintisində iştirak edən 70-dək işçi Qafqaz LTD şirkətinin qarşısında toplaşaraq işin dayandırılmasına etirazlarını bildiriblər. Hadisə yerində olan qəsəbə sakini Kazım Həsənovun mətbuata dünənki açıqlamalarından aydın olur ki, fəhlələr 4 aydır əmək haqqı ala bilmirlər. Bundan başqa, iki aydır işlər dayanıb.

Məlumatlarda o da bildirilir ki, Liman-Bulade ərazisindən keçən beynəlxalq yolun inşaatını həyata keçirən Qafqaz LTD nümayəndəsi aksiya iştirakçıları ilə görüşüb. Onlara söz verilib ki, 3 günə əmək haqları veriləcək və iş bərpa olunacaq. Liman qəsəbə icra nümayəndəsi Bəxtiyar Səfərov isə ərazidə aksiya keçirilmədiyini söyləsə də, yolun tikintisinin 2 aydır dayandığını təsdiqləyib.

Bununla əlaqədar DİA.AZ-a Lənkərandakı mənbələrdən yeni informasiya ötürülüb. Rayon sakinlərinin redaksiyamıza bildirdiyinə görə, «Qafqaz LTD»nin rəhbərliyi ilə rayon icra hakimiyyətinin rəhbərliyi arasında da son zamanlar müəyyən problemlər var. Mənbənin iddialarına görə, vəziyyət hətta o həddədir ki, icra başçısı Taleh Qaraşov «Qafqaz LTD» fəhlələrinin etiraz aksiyasının təşkilatçısı kimi də diqqətə gəlib.

Mənbənin söylədikləri: «Bu aksiyanın təşkilatçısı icra hakimiyyətidir. Bilmirik hansı marağı güdürlər. Amma onların təhriki ilə maaşlarını ala bilməyən fəhlələr etiraz aksiyası keçiriblər».

Onu da bildirək ki, son zamanlar bir sıra rayonlarda təşkil olunan etiraz aksiyalarının da arxasında məhz yerli icra strukturlarının dayandığı məlum olur. Və bildirilənlərə görə, bu işləri əsasən birinci müavinlər həyata keçirir. Birinci müavinlərin isə bilmərrə qaydada Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə birbaşa bağlı olduğunu nəzərə aldıqda artıq məsələnin nə yerdə olması gözlər önündə aydınlaşır.

Geri qayıt