Əsas Səhifə > Şou-biznes > “MƏN İSƏ QEYRİ-ADİ BİR AD İSTƏYİRDİM”

“MƏN İSƏ QEYRİ-ADİ BİR AD İSTƏYİRDİM”


2-12-2011, 10:45
“MƏN İSƏ QEYRİ-ADİ BİR AD İSTƏYİRDİM”

“ÖZ İSTƏDİYİM VƏ XƏYALLARDA CANLANDIRDIĞIM ŞAHZADƏ TAPILSA”...

Azərbaycanın osetin əsilli müğənnisi Viktoriya Xaçilovanın (Suli) Milli.Az xəbər portalına müsahibəsi.

- Əsl adınız Viktoriya Xaçilovadır. Bəs niyə Suli adını seçdiniz? Öz adınız sizi qane etmirdimi?

- Viktoriya adı artıq hər bir kəsin eşidib bildiyi bir ad idi. Viktoriya adında bir çox mağazalar və restoranlar var. Bu addan, ümumiyyətlə, mənim heç bir zaman xoşum gəlməyib. Çox sadə bir addır. Viktoriya adı hər yerdə var. Mən isə qeyri-adi bir ad istəyirdim. Bu səbəbdən də adımı dəyişmək qərarına gəldim və Suli adını seçdim.

- Niyə məhz Suli? Ümumiyyətlə, bu adın mənası nədir?

- Azərbaycan dilinə tərcümədə "suli" - "can" deməkdir. Gürcü dilindən götürülüb.

- Bizə məlum olduğuna görə, siz azərbaycanlı deyilsiniz əslində...

- Düzdür. Mən osetinəm. Atam osetindir, anam isə gürcü qızıdır.

- Suli şou-biznesə necə gəldi? Necə oldu ki, siz məhz müğənni oldunuz?

- Bu cür alındı. Bəzi səbəblərdən mən Bakıya köçməli oldum. Bakıda da Tbilisidə etdiyimi davam etdirdim. Yəni müğənnilik sənətilə məşğul oldum. Sözün düzü, mən uşaqlıq illərimdən həkim olmağı düşünürdüm. Sadəcə, gözümü açandan anamın oxuyub rəqs etdiyini gördüm. Bu səbəbdən də elə alındı ki, mən də müğənni oldum.

- Əgər nəyisə dəyişmək fürsətiniz olsaydı, nəyi dəyişmək istərdiniz?

- Əgər belə bir fürsətim olsaydı, həkim olmaq istərdim. Həkimlik karyerası ən böyük arzum olub həyatda.

- Suli ailə qurmağı yenidən düşünmür?

- Sözün düzü, fikirləşirəm. Öz istədiyim və xəyallarda canlandırdığım şahzadə tapılsa, niyə də yox... (gülür)

- O insan necə biri olmalıdır?

- Mənim fikrimcə, kişi ağıllı, ucaboy, güclü, yaraşıqlı olmalıdır. Ailəsindən asılı olmamalıdır.

- Sulinin pis vərdişləri?

- Ən pis vərdişim siqaret çəkməyimdir. Bunu heç cür tərgidə bilmirəm. Düzdür, bir qutu siqareti üç günə çəkirəm, amma yenə də ziyandır. Bir də spirtli içki içirəm, lakin həddində. Harada içməyi də çox yaxşı bilirəm. Ən əsası - mən çox tənbələm... (gülür)

- Ən çox sevdiyiniz yemək hansıdır?

- Makaron, vermişel. Vermişel, ümumiyyətlə, ən çox sevdiyim yeməkdir. Mən undan hazırlanan nə varsa, yeyirəm.

- Bəs necə olur ki, Suli hər zaman formadadır?

- Sözün düzü, mən heç nə etmirəm. Bu cür formada qalmağımın səbəbi isə daima stres keçirməyimdir. Amma bizim nəsildə dünyaya uşaq gətirəndən sonra qadın arıqlamağa başlayır və daim eyni çəkidə də qalır. Mən də onlara aidəm.

- Suli nə vaxtsa konsert verməyi düşünür?

- Konserti Yeni ildən sonra vermək istəyirəm. Bu, solo-konsert olmayacaq. Amma bir şeyi qeyd edim ki, bu konsertə xarici müğənnilər də gələcəklər.

- Həyatdakı ən böyük arzunuz?

- Ən böyük arzum uşaqlarımın olmasıdır. Düzdür, bir oğlum var. Lakin mənim arzum çoxlu uşaqlarımın olmasıdır. Ən azı dörd uşaq istərdim.

- Sulinin yerli şou-biznes əhli ilə münasibəti nə yerdədir?

- Əladır. Mənə heç kəs dəyib-toxunmur. Hamıyla da münasibətim çox yaxşıdır. Bu da yəqin ki, mənim pozitiv bir insan olduğumdan irəli gəlir.


Geri qayıt