Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TƏHSİLİMİZDƏ “AZƏRBAYCAN DİLİ” BİGANƏLİYİ

TƏHSİLİMİZDƏ “AZƏRBAYCAN DİLİ” BİGANƏLİYİ


3-04-2013, 08:30
TƏHSİLİMİZDƏ “AZƏRBAYCAN DİLİ” BİGANƏLİYİ
VƏ YAXUD MƏRDANOVUN DƏRSLİK SİYASƏTİ BARƏDƏ BİR DAHA

Eşitdiniz, əziz oxucular?! Sən demə, Misir Mərdanov və onun komandasının 15 ildir rəhbərlik elədiyi şanlı təhsil sistemimiz 15 yaşlı şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsi sahəsində dünyada ən mötəbər təşkilat sayılan OECD-nin PİSA proqramından heç kəsin xəbəri olmadan səssiz-səmirsiz şəkildə sivişib çıxıb. Nədən çıxıb? – Heç kim bilmir. İzahat verən, cınqırını çıxaran da yoxdur, elə bil qurbağa gölünə daş atmısan.
Qəribədir, hər xırda məsələyə görə cin atına minən, az qala hamını borclu hesab edən Bayram Hüseynzadə də susub. Nazirliyin rəsmi saytlarından, qəzetindən də səs çıxmır. Amma “Təhsil Nazirliyinin mətbuat xidməti işinin baş-ayağını bilmir” – deyəndə, xətirlərinə dəyir. Əfəndilər, axı qurbağa qurbağalığı ilə heç olmasa, aradabir başını sudan çıxarıb bir ağız quruldayır. Bəs sizə nə olub? Siz niyə dillənmirsiniz? Axı söhbət təhsildən, balalarımızın gələcəyindən gedir!..
Məsələ haqqında ortada olan məlumat isə təkcə budur ki, Təhsil Nazirliyi PİSA proqramına bir də 2015-ci ildə qoşulacaq, təbii ki, Mərdanovun komandası iş başında qalsa! Aydın məsələdir, yəni çənənizi nahaq yerə ağrıtmayın, “o vaxta qədər, kim ölə, kim qala!”. Ölməkdə olanı mən lap yaxşı tanıyıram. Yəqin deyəcəksiniz: ölən təhsilimizdir. Xeyr, səhv edirsiniz, təhsilimiz çoxdan ölüb, hətta Mərdanov ona Xətai prospekti, 49 ünvanında baş daşı da qoyub. Bu gün ölən, daha doğrusu, öldürülməkdə olan, mənə görə, doğma dilimiz – Azərbaycan dilidir! Sübut istəyirsiniz? Buyurun, bu da sübut!..
PİSA-nın 2006-cı il qiymətləndirməsində Azərbaycan şagirdləri oxu savadı üzrə 57 ölkə arasında 54-cü, 2009-cu il qiymətləndirməsində isə 65 ölkə arasında 64-cü yeri tutdular. Yəni bizim orta təhsil pilləsini (9-cu sinfi) başa vuran şagirdlərimiz ana dili savadına görə dünyanın ən geridə qalmış şagirdləri sırasına daxildir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ötən il açıqladığı nəticələr də bunu sübut elədi. Məlum oldu ki, ötən il buraxılış imtahanı vermiş həmin şagirdlərin bir qismi hərfləri də tanımırmış, daha doğrusu, adını düzgün yaza bilmirmiş. Buna da etiraz edən var?!
İndi gəlin görək bizim şagirdlər orta təhsil pilləsində oxu savadını hansı müəllifin “Azərbaycan dili” dərsliklərindən alaraq belə biabırçı günə düşüblər. Sən demə, müəlliflər arasında ön sırada hamımızın yaxşı tanıdığımız Rafiq İsmayılov dayanırmış! Haqlı sual meydana çıxır: Əgər bu dərsliklərdən təhsil alan şagirdlərimiz PİSA qiymətləndirməsində sonuncu pilləyə düşmüşdülərsə, nazirlik həyəcan təbili çalıb bundan bir nəticə çıxarmalı deyildimi? Qəribədir, Misir Mərdanov qiymətləndirmənin nəticələrinə görə “dərslik” azarına tutulmuş belə adamları bu işdən birdəfəlik kənarlaşdırmaq, vəziyyəti düzəltmək əvəzinə, ibtidai təhsil pilləsinin (1-4-cü siniflərin) “Azərbaycan dili” dərsliklərini də Rafiq İsmayılovun dəstəsinə həvalə elədi. Hazırda məktəblərimizdə tədris olunan 1-7-ci sinif “Azərbaycan dili” dərsliklərinin hamısının başında Rafiq İsmayılovun imzasını görürük. Bu adam birmənalı olaraq “Azərbaycan dili” dərsliklərini öz inhisarına alıb: onları öz dəstəsinə yazdırır; öz dostu Elmina Kazımzadənin “Dərslikləri Qiymətləndirmə Şurası” adlı kontorunda qiymətləndirmədən keçirdir; halallığını həmmüəllif sirdaşı – nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıdan alır; öz nəşriyyatında çap edir. Bu da azmış kimi, hətta onları Misir Mərdanovun özünə (?!) təriflətdirib “əliyül-əla!” dedirtdirir. Sizi deyə bilmərəm, şəxsən mənə görə, bu mütəşəkkil komanda Azərbaycan dilini planlı şəkildə öldürür. Əgər şagird ana dilini bilmirsə, o biri fənləri necə öyrənə, çağdaş bilik və bacarıqlara necə yiyələnə bilər? Buna başqa yozum tapa bilən varsa, buyursun izah etsin, biz də bilək!..

P.S. Bu yaxınlarda qələmlərinə böyük hörmətim olan Afaq Məsudun və İbrahim Quliyevin 1-ci sinfin “Azərbaycan dili” dərsliyi barədə mətbuatda kəskin tənqidi yazıları dərc olundu. Onların iradları o qədər dəqiq, o qədər sərrast, o qədər inandırıcı idi ki, nə balalarımızın zehniyyətini korlayan müəlliflərdən, nə də onların nazirlikdəki himayədarlarından səs çıxdı. Öz-özümə düşünürəm: görəsən bu nə sakitlikdir, bəlkə fırtınaöncəsi sükutdur?!

Nadir İSRAFİLOV, təhsil eksperti


Geri qayıt