Əsas Səhifə > Güney Press, Araşdırma > SƏNƏDSİZ EVLƏRİN SƏNƏD DÜYÜNÜ

SƏNƏDSİZ EVLƏRİN SƏNƏD DÜYÜNÜ


3-04-2013, 11:01
SƏNƏDSİZ EVLƏRİN SƏNƏD DÜYÜNÜ
BU YUBANMADA HANSI MƏMUR MARAQLIDIR?

Azərbaycanda sənədsiz evlərdə yaşayanların gözü hələ də yoldadır və onlar nə vaxtsa evlərinin sənədləşdiriləcəyini gözləyirlər. Amma aidiyyəti qurumlar hələ ki, bu məsələdə susmağı üstün tuturlar. Halbuki ölkə prezidenti hələ 2011-ci ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi toplantıda sənədsiz evlərin sənədləşdirilməsinə dair tapşırıqlar vermişdi. Prezident belə bir problemin mövcud olduğunu bildirmişdi və onu maksimum əhalinin xeyrinə həll etməyi tapşırmışdı.

Bəs, görəsən, Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsi məsələsi niyə yubanır? Bu prosesə əngəl törədən səbəblər hansılardır?
Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai, siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qəzetimizə açıqlamasında etiraf edib ki, bu istiqamətdə hansısa yenilik yoxdur. Onun sözlərinə görə, təmsil etdiyi qurum rayon ərazisindəki qanunsuz tikililərin siyahısını xeyli vaxtdır paytaxt meriyasına təqdim edib: "Biz prezidentin göstərişindən dərhal sonra siyahıyaalmaya başladıq. Bir neçə ay ərzində siyahı tam hazırlanaraq aidiyyəti üzrə təhvil verildi. Amma sonradan bununla bağlı hansısa tapşırıq gəlmədi".

Yerli qurumlar gözləmə mövqeyində

Qurum rəsmisi deyib ki, hazırda yerli rayon icra hakimiyyətləri də bu məsələdə gözləmə mövqeyindədirlər: "Bu işin yubanmasında hansısa rolumuz yoxdur. Çünki biz icraedici orqanıq. Gərək ortada icra mexanizmləri olsun ki, biz də yerinə yetirək. Hələ ki, ortada hansısa sənəd yoxdur. Ona görə də biz gözləmə mövqeyindəyik".
Səbail rayon icra siyasi təhlil və informasiya təminatı sektorunun rəhbəri İsrafil Kərimov da "Həftə içi"nə açıqlamasında bu məsələ ilə bağlı hansısa yeniliyin olmadığını deyib. O bildirib ki, adıçəkilən qurumun sənədsiz evlərlə bağlı siyahısı meriyadadır: "Əslində bizim rayonun ərazisində siyahıyaalma başqa qurumlar tərəfindən də aparılır. Məsələn, Neft Şirkəti öz ərazisində yerləşən qanunsuz tikililərin sayını hazırlayaraq onlarla bağlı məhkəməyə müraciət edib. Biz isə rayon ərazisində yerləşən digər qanunsuz tikililərin sayını dədiqləşdirərək aidiyyəti üzrə göndərmişik"

Prezident göstərişinə laqeyd münasibət

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəhbəri Cahangir Qocayev isə qəzetimizə açıqlamasında deyib ki, bu məsələnin yubanması ölkə prezidentinin göstərişinə laqeyd münasibətin təzahürüdür. Onun fikrincə, dövlət başçısının verdiyi göstərişin yazılı və şifahi olmasından asılı olmayaraq dərhal yerinə yetirilməlidir: "Bəzən deyir ki, bu məsələ ilə bağlı prezidentin yazılı qərarı yoxdur. Axı sual oluna bilər ki, əgər bir fikir ictimaiyyət arasında səsləndirilibsə, bu göstəriş ictimailəşdirilibsə, onun yazılı və şifahi olmasının hansısa fərqi varmı? Sadəcə bu işi görəcək olan qurum səriştəsiz olduğundan məsələ yubanır. Bir də ki bu işin yubanmasında müəyyən qüvvələrin əli var. Çünki qanunsuz tikililərin sənədləşdirilməsi onları maddi maraqlarına xidmət etmir".
Komitə təmsilçisi deyib ki, bu il seçki ili olduğundan məsələnin tez bir zamanda reallaşdırılması vacibdir. Onun sözlərinə görə, sənədsiz evlərdə yaşayanların əksəriyyəti seçkilərdə səsvermə prosesində iştirak etmir: "Çünki onların qeydiyyatda olduqları başqa ünvanda səsverməyə getməsi müəyyən vaxt apardığından vətəndaşlar bu məsələdə maraqlı olmurlar. Digər tərəfdən bu evlərin sənədinin olmaması vergidən yayınmalara yol açır. Nəticədə dövlət büdcəsindən milyonlarla manat yayındırılır".
Cahangir Qocayev hesab edir ki, bu məsələdə ən əsas məsələlərdən biri də qanunsuz tikililərdə məskunlaşan insanların hər gün yaşadığı psixoloji gərginlikdir. Onun sözlərinə görə, bu həmin insanların səhhətinə, gələcəyinə ciddi ziyan vurur: "Bu baxımdan aidiyyəti qurumlar evlərin sənədləşdirilməsi prosesini qısa müddətdə həll etməlidirlər".
Komitə rəsmisi vurğulayıb ki, əgər hökumət göstəriş verərsə təmsil etdiyi qurum mövcud problemin aradan qaldırılması ilə bağlı müvafiq qaydalar hazırlaya bilər.
\ hafta ici \
Geri qayıt