Əsas Səhifə > Şou-biznes > "BAYAĞI MAHNILARA EFİR QAPILARI TAYBATAY AÇIQDIR"

"BAYAĞI MAHNILARA EFİR QAPILARI TAYBATAY AÇIQDIR"


4-04-2013, 09:03
"BAYAĞI MAHNILARA EFİR QAPILARI TAYBATAY AÇIQDIR"
Bəstəkar Xanım İsmayılqızının Milli.Az-a müsahibəsi.

- Xanım İsmayılqızı uzun illərdir bəstəkardır. Olubmu ki, istədiyiniz bir əsəri ərsəyə gətirə bilməyəsiz, üzüləsiz?

- Yaratdığım əsər uğursuz tale yaşayanda üzüldüyüm vaxtlar olub. Həmişə uğur qapılarımı açmır ki.

- Əsərlərinizin nə qədəri uğursuz tale yaşayıb?

- Az da olsa, uğursuzları da olub. Amma sizlər onları görməmisiz, eşitməmisiz.

- Bütün məşhurlar sizin mahnılarınıza müraciət edirlər. Məncə, sizi yüz faiz xoşbəxt bəstəkar saymaq olar…

- Tamaşacı, dinləyici hər şeyi bizdən yaxşı görür. Bizlər yazırıq, işləyirik, sizlərə təhvil veririk. Qəbul edilirsə, demək ki, alındı, sevildi. Bu baxımdan, deyəsən, bəxtim gətirib. Şikayət edə bilmərəm. Amma yüz faiz deməzdim.

- Həyatda şikayətiniz nədəndir? Elə bir şey varmı ki, sizi çox narahat edir?

- Təbii ki, narahat edən məqamlar var. Onsuz olmaz ki. Həyat varsa, yaşam varsa, ömür varsa, yaradıcılıq, ailə, şəxsiyyət, vətəndaş məsuliyyəti varsa - demək ki, narahatlıqlar da var, olub və olacaq. Rahat insan - düşünməyən, hiss etməyən, yaşamayan insan ola bilər.

- Bir ara bayağı mahnılar çox idi. Son zamanlarsa bayağı ifalar azalıb. Siz necə, hiss edirsiniz bu azalmanı?

- Bayağı mahnılar həmişə olub, bu gün də var. Amma fərq nədədir?.. Əvvəllər bayağı mahnılar efirə ayaq açmırdı. İndi isə belə mahnılar üçün qapılar taybatay açılıb. Onsuz da, zaman öz sözünü deyir. Dəyərlilər qalır, dəyərsizlər ölür.

- Müğənni Ayanın adını çəkərkən nədənsə siz yada düşürsünüz...

- Ayanla çox uğurlu iş birliyimiz alınıb, yəqin ki, ondandır.

- Hansı məşhur müğənnilər ilə işləmək istərdiniz?

- Azərbaycanın məşhurları ilə işləmişəm və yenə də işləyirəm.

- Mahnılarınıza həmişə tələbat var... Maddi cəhətdən necə, əziyyətinizin bəhrəsini görürsünüz?

- Yaradıcılığım mənim mənəvi dayağımdır, yaşama səbəbimdir. Maddi tərəfdən şikayətim yoxdur.

- Yaradıcılığını izlədiyiniz və bəyəndiyiniz gənc bəstəkarlar varmı? Kimlərin adını çəkə bilərsiniz?

- Təbii ki, var. Amma ad çəkərəm, kiminsə adı yadımdan çıxar, inciklik olar. Çox istedadlı gənc yazarlarımız var.

- Siz, həqiqətən də, gənclərə çox dəstək olursunuz. Rəhbəri olduğunuz “Xan” qrupu buna əyani sübutdur...

- Qrupu gənclərə dəstək məqsədi ilə yaratmışam.

- Repertuar seçimində ortaq nəticəyə gəlirsiniz?

- Bəli.

- Hazırda nə kimi layihələr üzərində işləyirsiniz?

- Şair kimi yeni şeirlər yazıram. Növbəti şeir kitabımı nəşrə hazırlayıram. Bəstəkar kimi yeni mahnılar üzərində işləyirəm.

- Kinofilmlərə necə, musiqi yazmaq təklifi gəlir sizə?

- Hələ ki, belə bir təklif gəlməyib.

- Serial musiqiləri sizi qane edir?

- Seriallara yazılan musiqilərdən söhbət gedirsə - bəzilərini bəyənirəm. Serialların özündən söhbət gedirsə - əksəriyyətini bəyənmirəm.

- Həyatda çox haqsızlıqla üzləşmisiniz?

- Olan olub, keçən keçib... Ötənləri yada salmaq istəmirəm. Təbii ki, olub. Amma mən udanlardan oldum. Uduzanlardan yox.

- Fərqiniz nədədir?

- Sıradan biri olmamağımda. Məhz fərqli olmağımda...

- Facebook-dan gündəlik istifadə edirsiniz?

- Hərdənbir Facebook-a da vaxt ayırıram.

- Gündəlik yazışdığınız dostlarınız varmı?

- Gündəlik deməzdim. Ara-sıra konkret yazışdıqlarım, statuslarını, şeirlərini, yazılarını oxuduqlarım var. Özüm də şeirlərimi, musiqilərimi Facebook-da paylaşıram, oxucu və dinləyici fikirlərini öyrənirəm. Müəyyən məlumatları Facebook vasitəsi ilə alıram. Yaxşı tərəfləri var.

- Bir bəstəkara veriləcək olan ən gözəl sual hansıdır?

- O baxır əhvalımın hansı vaxtına düşür. Bu gün mənə gözəl görünən sual sabah məni əsəbləşdirə bilər. Odur ki, bu suala konkret cavab yoxdur.

Geri qayıt