Əsas Səhifə > Güney Press, Üçüncü sektor > YAP-ÇI DEPUTAT İRANLI DEPUTATA CAVAB VERDİ

YAP-ÇI DEPUTAT İRANLI DEPUTATA CAVAB VERDİ


4-04-2013, 10:04
YAP-ÇI DEPUTAT İRANLI DEPUTATA CAVAB VERDİ
"İKİ ÖLKƏ ARASINDAKI MÜNASİBƏTLƏRƏ XƏLƏL GƏTİRİLİR"

"Vaxtaşırı İranın diplomatik dairələrinin bütün normaları kobud surətdə pozan bəyanatlarına rast gəlirik. Və çox təəssüf edirəm ki, bu bəyanatlarla İran parlamentinin üzvləri də çıxış edirlər. Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmətsizlik, tarixi saxtalaşdırmaq, Azərbaycanın daxili və xarici siyasətinə dair yersiz məsləhətlər vermək onların leksikonunda artıq bir qaydaya çevrilmişdir". Bunu Milli.Az-a Milli Məclisin deputatı, Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun üzvü Aydın Mirzəzadə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdinin bəyanatına cavabında deyib.

“Düzdür, bunlar İranın rəsmi mövqeyi sayıla bilməz və İran tərəfi bunun kimlərinsə şəxsi mövqeyi olduğunu bildirir, ancaq bununla belə səlahiyyət daşıyan şəxs dediyi fikirlərin də rəsmiyyətini dərk etməlidir. İran parlamentinin adı çəkilən şəxsin Azərbaycanla bağlı son dövrdə səsləndirdiyi fikirlər Azərbaycan parlamentində çox böyük narazılıqla və etirazla qarşılanır”, - Mirzəzadə bildirib.

Onun sözlərinə görə, iranlı deputatların ziyalıya yaraşmayan tonda ifadələr işlətməsi, Azərbaycanla bağlı heç cür ölçüyə gəlməyən fikirlər bildirməsi yolverilməz və həmçinin ikitərəfli münasibətlərə xələl gətirən məsələlərdir.

İran parlamentinin üzvləri Azərbaycanın müstəqil dövlət olduğunu, özünün daxili və xarici siyasətini müstəqil həyata keçirməsini qəbul etməlidirlər. Bu, onların vəzifə səlahiyyətləridir. Bu, onların İranı təmsil etmək kimi bir borcudur. Bu baxımdan Azərbaycan bu cür bəyanatları həmişə etirazla qarşılayacaq və buna öz kəskin rəyini bildirəcək”, - deyə Mirzəzadə əlavə edib.

Deputat hesab edir ki, Azərbaycanın tarixini saxtalaşdırmağa, onun bugünkü reallığına qara eynəkdən baxmaq istəyənlər bu gün torpaqlarımızı işğal altında saxlayan Ermənistanla dostluq fikirlərini səxavətlə bölüşürlər və heç də Ermənistanı işğalçılıq siyasətindən geri çəkilməyə çağırmaq niyyətində deyillər.

“Və bu gün Ermənistanın Azərbaycana qarşı yeritdiyi aqressiv siyasətinə dolayı yolla siyası dəstək vermiş olurlar. Bu şəxslərin içərisində parlamentdə status tutan şəxslərin olması çox böyük təəccüb doğurur. Hesab edirəm ki, onlar öz şəxsi fikirlərini tutduqları vəzifələrində gizlətməyi heç olmasa bacarmalıdırlar. Mən bu baxımdan ara-sıra İran parlamentinin üzvlərinin Azərbaycan parlamentinə qarşı hörmətsizliyini qəti pisləyirəm, belə məsələlərə son qoyulmasını istəyirəm. Azərbaycana səfər edən İran parlamentinin üzvləri ilə görüşürəm və onu da qeyd etməliyəm ki, böyük əksəriyyəti Azərbaycana hörmətlə yanaşır və ölkəmizlə dostluq münasibətlərini genişləndirmək istəyən şəxslərdir. Və onlar da söhbətlərdə bu cür fikirlərin İran parlamentinin ümumi fikri olmadığını söyləyiblər”, - deyə Mirzəzadə qeyd edib.

Qeyd edək ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi çıxış edərək Azərbaycanın müstəqilliyini təhdid edib.

Geri qayıt