Əsas Səhifə > Güney Press, Araşdırma > ƏYALƏTDƏ ƏHALİ "SU" DEYİB, DAD DÖYÜR...

ƏYALƏTDƏ ƏHALİ "SU" DEYİB, DAD DÖYÜR...


4-04-2013, 11:21
ƏYALƏTDƏ ƏHALİ "SU" DEYİB, DAD DÖYÜR...
Bərdə: Əyricə kəndi

Hərə əlində bir vedrə harasa tələsir. Uşaqların da əlində ağ su bidonları var. Deyirlər gərək birinci bu bidonları su ilə doldurub evə verək, sonra məktəbə gedək. Su probleminin təhsili belə üstələdiyi yer Bərdənin Əyricə kəndidir.

Əslən Kəlbəcərdən olan Nüsrət Əliyev 1998-ci ildən Bərdədə məskunlaşıb. Elə o vaxtdan da sudan ötrü hər gün 3 km yolu 3-4 dəfə getməli olur: “Bu boyda kənddə cəmi 3 artezian var. Kəndin girəcəyində oluram. Su daşımaqdan o qədər bezmişəm ki, mal-heyvanı satıb, bu köhnə maşını da elə su daşımaqdan ötrü almışam. Benzin olanda maşınla, olmayanda piyada daşıyırıq”.

Sakinlər 5 il əvvələdək kəndin cəmi bircə yerində su olduğunu deyirlər. Bütün kənd suyu ordan daşıyırmış. İndi 3 yerdə artezian var. Əvvəlki kimi uzun növbələr olmur. Kəndli bu halına şükür eləyir. Elə onlara normalda suyun evlərinə gəlməli olduğunu unutduran da bu şükranlıq hissidir. “Təki su olsun” - deyirlər, su daşımaq normaldır. “Evə su gəlməlidir? Şəhərdə yaşamırıq ki. Kənd yeridir də, necə olmalıdır? Əziyyətə alışmışıq. Bundan da pis ola bilərdi. Ancaq nə yalan deyim, hamı rahatlıq istəyər. Paltarı, qab-qacağı küçədə yuyuruq. Az qalır səhər əl-üzümüzü yumağa da su üstünə gedək. Ancaq buna da sevinirik. Biri var suyu gedib kəndin o başından gətirəsən, biri də var 1 kilometrlikdən. Siftəyə baxanda indi yaxşıdır,” – bunlar da kənd sakini Zalxay Məmmədovanın sözləridir.

Kəndlilər deyirlər ki, təkcə bu kənddə yox, Bərdənin əksər kəndlərində su ilə bağlı problem var. Baxmayaraq ki, hər il dövlət büdcəsindən su təchizatının yaxşılaşdırılmasına vəsait ayrılır. Təkcə builki büdcədən investisiya xərclərinə 6,7 milyard manat ayrılıb. Vəsaitdən ən çox pay götürənlərdən biri də “Azərsu” ASC-dir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin məlumatına görə, Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 374 s nömrəli sərəncamı ilə təsdiqlənən 2013-cü ilin dövlət büdcəsindən “Azərsu” ASC-yə 734 milyon 433 min manat ayrılıb: “Regionların və Bakı şəhərinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrası üçün “Azərsu” ASC-yə 116 milyon 960 min manat verilməsi planlaşdırılır. “Azərsu” ASC-nin “Keçid layihələri üzrə” adlı xərcə isə 216 milyon 750 min manat ayrılıb ki, burada hansı layihələrdən söhbət getdiyi detallı göstərilməyib”.

Əyricə sakini Zeynəb Məmişova həm məktəbdə xadimə işləyir, həm də ailəsini dolandırmaq üçün cücə saxlayır. Deyir ki, elə bu 400 cücənin yeminə qatmağa, içməyinə hər gün 20-30 litr su işlənir. Bu tələbatı o, su daşımaqla ödəyir: “Sizcə, bu zülm deyil? Həyətdə kaçalka var. Nə olsun? İçindən qum, lil gəlir. Dilə vurmalı deyil. Məcburuq daşımağa. İmkanı olan arteziandan qapısına su çəkir, imkansızlar isə bizim kimi qalır su yollarında. Gündə 5-6 saatımızı alır su daşımaq. Başqa çarə varmı?”

Bərdə Rayon İcra Hakimiyyətinin adını açıqlamaq istəməyən nümayəndəsi Əyricə kəndinə icmanın xətti ilə su çəkildiyini, əksər evlərdə su olduğunu deyir: “Sadəcə genişləndirilməyib. Yaxın gələcəkdə Bərdənin heç bir kəndində su problemi olmayacaq”.

Yevlax: Kövər kəndi

Dar, kələ-kötür kənd yolunun hər iki tərəfində 40-dan çox ev olmaz. Elə qəsəbənin adı da “Qırx evlər”dir. Yevlaxın Kövər kəndində Kəlbəcərdən olan məcburi köçkünlər üçün tikilmiş bu 40 evin birinə də su gəlmir. Qəsəbədə hamının ortaq problemi var - susuzluq.

Kənd sakini Qaratel Həşimova deyir ki, əgər Allahın onlara rəhmi gəlib yağış yağdırmasa, kənddə yaşamaq olmaz: “Su gəlir bilinməzdən, tökülür bilinməzdən, o Kişi köməyə gəlir o gözəgörünməzdən”.

Sakinlər bu evləri onlara 20 il əvvəl hökumətin tikdiyini deyirlər: “Dörd quruca divarın üstünə dam örtüb bizi köçürdülər bura. Əvvəl 40 ev idi, indi olub 52. Guya bizi düşünüb ev tikiblər. Ancaq bizim burda insan kimi yaşamaq üçün şəraitə ehtiyacımız olduğunu fikirləşməyiblər. 50-60 ailə bu sısqa suya baxır. Onu da özümüz çəkmişik. Əvvəllər gedib Kövərdən gətirirdik suyu. Hardasa 4-5 kilometr yol idi. İndi qəsəbənin 1 kilometrliyinə çəkmişik. Bizim çəkdiyimiz su nə olacaq? İki gündən bir xətt qırılır, qalırıq susuz,” - kənd sakini Şövkət Ağakişiyeva belə deyir.

Qəsəbə sakinləri kənd mərkəzindən su daşımaqdan yorulub, suvarmada istifadə olunan rezin borularla özlərinə su çəkiblər. Deyirlər üstündən maşın keçən kimi boru cırılır, qalırlar susuz: “Su daşımaqdan uşağın da beli qırılır, böyüyün də. Belə dərd olmaz axı. Bostan suvarmaq üçün işlənən rezin borularla çəkmişik suyu. Ömrü üstündən bir maşın keçənəcəndi. Gələn sudan heç danışmaq da istəmirəm. Rezindən axan su necə olar? İylənmiş qrunt suyu içirik biz”.

65 yaşlı kənd sakini Zeynəb Orucovanın fikrincə, şəhərdəki kimi onların da evinə su gəlsə, heç yeməyə ehtiyac duymazlar: “Məni Yevlaxa elçiliyə aparmışdılar. Hamamda əlimi yumaq üçün kranı açdım. Bir tərəfdən isti su gəlirdi, o birindən soyuq. Vahiməyə düşdüm ki, bu nə olan şeydi? Bacım təzyiqimin qalxacağından qorxub dedi çox həyəcanlanma. Az qaldım paltarımı soyunub hamama girəm. Bizlər kranın nə olduğunu bilmərik, unutmuşuq. Suyu çaydanda isidib yuyuruq üzümüzü. Ona da o qədər qənaət eləyirik ki, üzümüzün yarısına su dəyir, yarısına yox”.

Zeynəb Orucova deyir ki, kim gülür gülsün, burada doğulan uşaqlar hamamın nə olduğunu bilmirlər: “Ümumiyyətlə, o söz işlənmir bizdə. Gərək ola ki, işlənə də. Günümün yarısı su daşımaqla keçir. Bir gün səhərdən-axşama su gətirirəm ki, çiməm. O biri gün də bütün günü daşıyıram ki, əynimdən çıxan üç-dörd köhnəmi yuyam. Camaat pul yığır, mən su. Dərdimiz su dərdidir”.

Ağdaş: Ləki qəsəbəsi

Ləki sakinləri arx suyu içirlər. Qəsəbədə çox az yerə su gəlir. Bu yerlərdən biri də stansiyanın yaxınlığındakı krandır ki, o ətrafda yaşayanlar suyu burdan daşıyırlar. İstər bulanıq olsun, istərsə də lilli. Onların başqa çarəsi yoxdur. Bu suyu həm içir, həm də məişət ehtiyaclarını ödəyirlər...

Ləki sakini Gülzar Əliyeva suyu qəsəbədəki stansiyanın həyətindən daşıyır. Deyir nə evə su çəkdirmək imkanı var, nə də normal su: “Həyətimizə su çəkdirməyə imkan yoxdur. Ona görə də daşıyıram. Bu su da arxdan gəlir, bulanıqdır. Məcburuq içək. Əlacımız nədir? Gör nə vəziyyətdirsə, buna da şükür eləyirik. Yoxsa arxdan daşımaq məcburiyyətində qalarıq”.


“Ürəyim xəstə, təzyiqim yüksək, gözüm kor. Qonşular gətirib mənə su versələr içirəm, verməsələr qalıram susuz. Kimsəsizəm. Qonşulardan başqa heç kimim yoxdur. Kimsəsiz olanda nə olar, adamla maraqlanmazlarmı? Suyu küçələrdən daşıyırıq. Yağışda su gətirəndə yıxıldım, ayağım qırıldı. Qaldım zəlil. Qonşular növbə ilə su gətirir mənə. Nə olar bizə də su çəksələr?” - qəsəbə sakini Qaratel Şəkəralıyevanın sözləridir.

“Azərsu” ASC-nin məlumatına görə, Ağdaşın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasını nəzərdə tutan “Şəhər su təchizatı və kanalizasiya layihəsi” var. 1 mart 2006-cı il tarixli qanunla təsdiq olunmuş layihə 2007-ci ildən qüvvəyə minib. Layihə çərçivəsində nəzərdə tutulmuş su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinə 2008-ci ildə başlanıb.

Qəsəbə sakinlərindən Elmir Yaqubov deyir ki, evə suyun gəlməməyi bir yana, küçədən daşıdıqları suya görə hər ay pul ödəyirlər: “20 ildir suyu bax bu gördüyün krandan daşıyırıq. Qəsəbənin yiyəsi olsa, beləmi olar? Evə su gəlmədiyi azmış kimi, küçədən daşıdığımız suya görə bizdən hər ay pul alırlar. Hələ bu harasıdır, siz bu suyun gəldiyi anbarı görsəniz... İçi doludur zir-zibillə, ölü quşlarla. Birdən elə olur ki, su gəlmir. Gedib nə görsək yaxşıdır: su borusunun ağzını ölmüş qurbağa, siçovul tutub. Bax belə su içirik biz”.

Ləki sakini Yaqub Davudov içdiyi suyun tərkibindən xəbərsizdir: “Kanalizasiyanın içindən çıxan suyu içirik. 10 ildən artıqdır evə suyun gəlmədiyi... Burdan daşıyırıq. Heç bilmirik tərkibi içməyə yararlıdır, ya yox. Qəsəbənin yarısı böyrək xəstəliyindən əziyyət çəkir. Maşınlarla təmiz su gətirirlər. Onu da almağa gücümüz çatmır. Qəsəbənin 90 faizi işsizdir. Hardan alaq suya verməyə pulu? Guya bələdiyyənin, icra hakimiyyətinin bundan xəbəri yoxdur? Gündə 5 dəfə o tərəf-bu tərəfə keçirlər. Necə olur ki, bu biabırçılığı görmürlər?”

Ləkidə əhalinin yarısı suyu “Məmiyin suyu” adlandırılan hovuzdan, yarısı da arxdan anbara vurulan, ordan da stansiyanın həyətinə gələn krandan daşıyır.

Ağdaş Rayon İcra Hakimiyyətindən özünü Rövşən Nəsibov kimi təqdim edən əməkdaşın sözlərinə görə, Ləki qəsəbəsində içməli suyun olmaması ilə bağlı icra hakimiyyətinə məlumat verilməyib: “Ləkidə içməli su var. Ola bilər, hansısa ünvanda yoxdur. Ümumilikdə qəsəbədə suyun olmaması ilə bağlı icraya məlumat daxil olmayıb. Bundan əlavə, hazırda Ağdaşda su və kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihə icra olunur”.

Aysel Yaqubovanın Ləkiyə köçdüyü 5 ildir. Elə o vaxtdan stansiyanın həyətindən daşıyır suyu: “Evə su gəldiyini görməmişəm. Elə həmişə bu zir-zibilli sudan içmişik. Günün 2-3 saatını su daşımağa sərf eləyirəm. 2 vedrə sudan ötrü 1 kilometr yol gəlirəm. Gündə azı 15 dəfə”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı hazırda Azərbaycanın 24 şəhər və rayon mərkəzində, eləcə də 280-dən artıq kəndində su və kanalizasiya layihələri icra olunduğunu deyir. Layihələr iki mənbədən - dövlət büdcəsindən (11 rayonu əhatə edir) və beynəlxalq maliyyə qurumlarından alınan kreditlər hesabına (13 rayonu əhatə edir) maliyyələşir.

Gülər MEHDİZADƏ - mediaforum

Geri qayıt