Əsas Səhifə > Partiya > SEÇKİLƏRƏ 6 AY QALIB, AMMA...
SEÇKİLƏRƏ 6 AY QALIB, AMMA...4-04-2013, 12:11 |
MÜXALİFƏTİN SÖZÜ DÜZ GƏLMİR Azərbaycanda prezident seçkilərinin keçirilməsinə 6 ay vaxt qalır. Hələ də müxalifət düşərgəsinin daxilində vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı fikir ayrılıqları var. Vahid namizədin müəyyənləşməsi məsələsində müxalifət daxilində ilkin seçkilərin keçirilməsi mühüm rol oynaya bilər. Bu təcrübədən bir çox xarici ölkələrdə də istifadə edilib. Azərbaycanda belə bir təcrübənin həyata keçməsi mümkün ola bilərmi? Müxalifət partiyaları bu haqda nə düşünür kimi suallara cavab tapmaq üçün “Qafqazinfo” ölkədə fəaliyyət göstərən bır sıra aparıcı partiyalarının nümayəndələrindən münasibət öyrənib. Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, müxalifət daxilində ilkin seçkilərin keçirilməsi çətin məsələdir: ”Bu məsələnin həm texniki, həm də siyasi tərəfləri var. Əgər belə seçki keçirələrsə, istənilən halda iştirak etməyə hazırıq. Müxalifətin birliyi məsələsinə öz töhfəmizi verə bilərik”. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, demokratik prosesdə nə qədər müxtəlif formalar olsa bir o qədər yaxşı olar: “Nəzəri cəhətdən nələrin ortaya çıxması isə başqa məsələdir. Məsələn, mən Bolqarıstanda ilkin seçkilərdə müşahidəçi qismində iştirak etmişdim. Bu ilkin prosesdə də seçkilər saxtalaşdırılıdı. Yəni insanlar saxtakardırsa, onsuz da seçkiləri saxtalaşdıracaqlar. Bunun üçün ilk növbədə şərait yaradılmalıdır. Açıq məntəqələr olmalıdır. İnsanların inandığı seçki komissiyaları olmalıdır. Bu ideya kimi yaxşıdır. Amma hökumət bunun keçirilməsinə imkan verməyəcək. Qeyri leqal formada demokratik seçkini keçirmək mümkün olmayacaq. Bunu ciddi bir prosedur kimi qəbul etmirəm. Amma ümumiyyətlə ilkin seçki vahid namizədin müəyyənləşdirilməsində effektiv amil ola bilər”. AXCP sədrinin müavini Razi Nurullayev isə məsələyə politoloq kimi münasibət bildirib. Sədr müavini bunun mümkün olduğunu qeyd edir: “Mənə belə gəlir ki, müxalifət arasında müəyyən məsələlərdə səmimi münasibət yaranarsa, bunun keçirilməsinə ehtiyac qalmaz. Yox, əgər bu mühit yaranmayacaqsa, o zaman ilkin seçkilərin keçirilməsinə ehtiyac var. Bu proses vahid namizədin müəyyənləşməsində rol oynaya bilər. Rusiyada bu təcrübə var. Öyrənib Azərbaycanda da tətbiq etmək olar”. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, Azərbaycanda bunun həyata keçirilməsi üçün normal şərait yoxdur: “Azərbaycanda siyasi partiyaların qurultaylarını keçirməyə və ya rayon nümayəndəlikləri ilə görüşməyə belə icazə vermirlər. Belə bir şəraitdə ilkin seçkinin keçirilməsi müşkül məsələdir. Ancaq məsələ ilkin seçkinin öz qarşısına qoyduğu məqsədlərdən asılı olaraq reallaşa bilər. Daha dar çərçivədə bunu həyata keçirmək mümkün ola bilər. Amma mən düşünürəm ki, indi əsas məsələ vahid namizədin müəyyənləşməsi problemi üzərində qurulmamalıdır. Bu seçicilərin öz istəyindən asılıdır. Seçki kampaniyası yaxınlaşdıqca seçicilər öz namizədlərini müəyyənləşdirəcəklər. 2003, 2005-ci il seçkiləri də bunu sübut edib. Azərbaycan seçicisi bir siyasi qüvvəyə, namizədə səs verib”. Geri qayıt |