Əsas Səhifə > Cəmiyyət > ARZU RƏHİMOVUN KANTORUNDA BİABIRÇILIQ

ARZU RƏHİMOVUN KANTORUNDA BİABIRÇILIQ


4-04-2013, 12:15
ARZU RƏHİMOVUN KANTORUNDA BİABIRÇILIQ
DÖVLƏT XİDMƏTİNDƏN ŞİKAYƏT VAR

Dünən Suraxanı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) hərbi xidmətindən geri dönən gəncin qeydiyyatında problemlər yaradılması haqqında məlumat dərc etmişdik. Bu gün səhər tezdən PİA.AZ-a Suraxanı rayonu Hövsan qəsəbəsindən daxil olan məlumatda ilginc faktlar yer alıb.

Məlumata görə, dövlət xidmətində korrupsiya, rüşvətxorluq və anarxiya baş alıb gedir. İmkanlı ailəlrin övladlarını hərbi xidmətdən yayındıran SHXÇDX Suraxanı şöbəsi planı doldurmaq məqsədi ilə xəstə gəncəri orduya səfərbər edir və bununla da ordudakı ölüm hadisələrinə rəvac verir.

Məlumatda bildirilir ki, dövlət xidmətinə hələ də rəis təyin olunmayıb. Dövlət xidmətinə isə bir müddət öncə Salyanda hərbi komissarlığın 2-ci şöbəsinin müdiri vəzifəsində çalışan Şükürov Qurban rəhbərlik edir. Onun dövlət xidmətində rəis əvəzi olduğu bildirilir. İddia edilir ki, məhz dövlət xidməti rəhbərsiz olduğundan burada hərə özü üçün "kiçik padşah"dır və bu üzdən də dövlət xidmətində özbaşınalıq halları mövcuddur.

Mənbə bildirir ki, Suraxanı rayon Hövsan qəsəbəsində yaşayan iki kimsəsiz uşaq (Onlar qardaşdır və hələ uşaqkən valideynlərinin hər ikisini itiriblər) orduya göndərilib. Həmin uşaqların qısa müddətdə hərbi xidmətə göndərilməsinə baxmayaraq hər ikisi ağır xəstəliklə hərbi hospitalların birinə yerləşdirilib. Bildirilir ki, qardaşlar uşaqkən valideynlərini itirdiklərindən məcburiyyət qarşısında qalaraq ağır işlərdə işləyiblər. Bu iki yetim və kimsəsiz uşağın imkansızlıqdan orta məktəbi də yarımçıq bitirdikləri vurğulanır. Hətta onların orduya göndərildiyi zaman da ağır xəstə olduqları deyilir. Ancaq xidmət rəisi buna göz yumaraq qardaşları hərbi xidmətə yola salıb.

Mənbə bildirir ki, əsgərlərdən biri vərəm xəstəliyindən əziyyət çəkir və Müdafiə Nazirliyi də artıq məsələdən xəbərdardır. Buna görə, onları müayinə edən həkimlər də nazirlik tərəfindən ağır cəzalandırılıb. Nazirlik bu məsələdə cavadeh olan şəxsləri kimsəsiz uşaqların durumuna göz yummaqda suçlayıb. Eyni zamanda Suraxanı rayon SHXÇDX-nin rəis əvəzi Şükürova da xəbərdarlıq edilib. Ancaq nazirliyin müvafiq addımları nədənsə Şüküova qədər tükənib, yəni onun bu cinayəti konkret olaraq cavabsız qalıb və ona ciddi cəza verilməyib.

Bildirilir ki, məsələnin dəhşətli məqamı həmin gənclərin kimlərinsə əvəzində orduya göndərilməsindədir. Çünki kimsəsiz uşaqların orduya göndərilməsində müəyyən güzəştlər nəzərdə tutulur ki, xidmət rəisi Qurban Şükürov bunu kobud şəkildə pozub. Məsələnin acınacaqlı və rəzalət doğuran tərəflərindən biri də odur ki, "komissar" bu kimsəsiz uşaqları məhz sahibsizliyindən sui-istifadə edərək bu addımı atıb.

Qeyd edək ki, keçmiş Hərbi Komissarlıqlarda islahatlar aparıldıqdan və Arzu Rəhimov SHXÇDX-nin rəisi təyin olunduqdan sonra cəmiyyətdə belə bir rəy formalaşmışdı ki, artıq bu sahədə nöqsanlar ortadan qaldırılacaq və xəstə gənclərin orduya cəlb olunması halları ortadan qalxasaq. Lakin Arzu Rəhimovun artıq yetəri qədər bu vəzifədə çalışmasına baxmayaraq, problem ortadan qalxmadı. Əksinə xəstə gənclərin orduya cəlb olunma halları daha da artdı. Orduda son zamanlar baş verən ölüm hallarının bir çoxunun isə məhz bu səbəbdən yarandığı faktdır. Çünki fiziki hazırlıqları olmayan gənclər ordu qaydalarına tab gətirə bilmir, bir çox hallarda intihar edir, ya da bezərək əsgər yoldaşlarını silahla vururlar. Eyni zamanda orduya çağrıldıqdan qısa zaman sonra xəstəlikdən dünyasını dəyişən əsgərlər də var. Bu vəziyyətdə çıxış yolu təbii ki, SHXÇDX-da baş alıb gedən korrupsiya və rüşvətxorluğun qarışısının alınmasıdır.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt